RU

NDU ilə İTÜ nanotexnologiya və energetika sahəsində birgə laboratoriyalar yaradacaq

Naxçıvan Dövlət Universiteti (NDU) ilə İstanbul Texniki Universiteti (İTÜ) arasında nanotexnologiya və energetika sahələrində birgə laboratoriyaların yaradılması istiqamətində əməkdaşlıq həyata keçiriləcək.

"Far.Az" xəbər verir ki, tərəflər arasında bu barədə razılıq 2026-cı il fevralın 10-da keçirilən görüş zamanı əldə olunub.

Bildirilib ki, NDU və İTÜ doktorantura proqramları, ikili diplom, startup layihələri və yay-qış məktəbləri üzrə əməkdaşlığı genişləndirəcək.

Görüş çərçivəsində NDU-nin rektoru Elbrus İsayev ilə İTÜ-nün rektoru, professor Hasan Mandal elmi rəqabətliliyin artırılması, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, magistratura və doktorantura səviyyələrində birgə proqramların təşkili, elmi tədqiqatların aparılması və ortaq layihələrin icrası istiqamətlərində əməkdaşlığı prioritet kimi müəyyən ediblər.

Eyni zamanda, "Kompüter mühəndisliyi" və "Rəqəmsal texnologiyalar" ixtisasları üzrə doktorantura təhsili və elmi rəhbərlik sahəsində əməkdaşlıq, birgə elmi-tədqiqat layihələrinin hazırlanması da planlaşdırılır.

Tərəflər NDU və İTÜ tələbələrinin iştirakı ilə "Agrotech", "EdTech", enerji texnologiyaları və süni intellekt əsaslı tətbiq sahələrini əhatə edən "Startup Bootcamp" layihəsinin icrasını nəzərdə tutur.

Razılaşmaya əsasən, Naxçıvan və İstanbul şəhərlərində 2–3 həftəlik "Advanced Engineering & Technology School" çərçivəsində yay və qış məktəbləri təşkil ediləcək. Proqram çərçivəsində süni intellekt və "Data Science," robototexnika, kibertəhlükəsizlik istiqamətlərində təlimlər keçiriləcək.

Görüş zamanı texnopark sahəsində əməkdaşlıq, birgə layihələrin icrası, İTÜ-nün bu istiqamətdə təcrübəsindən yararlanmaq və birgə seminarların təşkili məsələləri də müzakirə olunub. Süni intellekt texnologiyaları, kompüter, elektrik və elektronika mühəndisliyi sahələri üzrə ikili diplom proqramlarının yaradılması əsas prioritetlərdən biri kimi vurğulanıb.

"Bu əməkdaşlıq hər iki universitetin elmi potensialının birləşdirilməsi, innovativ mühitin gücləndirilməsi və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır", - görüş zamanı bildirilib.

Qeyd edək ki, universitetlər arasında ilk əməkdaşlıq protokolu 2022-ci ildə imzalanıb, 2025-ci ildə isə mövcud müqavilə yenilənib.

Избранный
17
5
far.az

6Источники