RU

“Regional əməkdaşlıq üçün yeni nəqliyyat imkanları formalaşır”

Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Regionda formalaşan yeni siyasi reallıqlar fonunda kommunikasiya xətlərinin açılması və iqtisadi əlaqələrin bərpası məsələsi xüsusi aktuallıq qazanıb. Xüsusilə Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərdə müşahidə olunan müsbət dinamika sərhədlərin açılması, nəqliyyat və gömrük keçidlərinin fəaliyyətə başlaması ilə bağlı müzakirələri ön plana çıxarır. Rəsmi açıqlamalar və ekspert rəyləri göstərir ki, bu proseslər yaxın dövrdə konkret addımlarla müşayiət oluna bilər.

Mütəxəssislərin fikrincə, regional kommunikasiyaların bərpası təkcə siyasi dialoqun güclənməsi deyil, eyni zamanda iqtisadi əməkdaşlığın genişlənməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Yeni nəqliyyat marşrutlarının açılması, tranzit imkanlarının artması və ticarət əlaqələrinin formalaşması region ölkələri üçün əlavə iqtisadi dividendlər vəd edir. Bu kontekstdə Azərbaycan üzərindən keçən marşrutların əhəmiyyəti artır, Zəngəzur dəhlizi isə regional və beynəlxalq yükdaşımaların əsas halqalarından biri kimi qiymətləndirilir.

Regional kommunikasiyalar genişlənir

Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə danışan deputat Vüqar Bayramov bildirib ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və kommunikasiyaların bərpası hazırda müzakirə edilən əsas məsələlərdəndir.

Onun sözlərinə görə, hər iki tərəfin verdiyi açıqlamalardan bu istiqamətdə yaxın dövrdə addımların atılmasının mümkün olduğu görünür: “Türkiyə və Azərbaycan regionda əməkdaşlıqda maraqlı olan ölkələrdir. Eyni zamanda, Ermənistan və Azərbaycan arasında artıq ticarət əlaqələrinin formalaşmağa başladığını müşahidə edirik. Azərbaycan benzininin Ermənistana ixracı həyata keçirilib, Azərbaycan üzərindən Ermənistana daşınan yüklərlə bağlı qadağalar aradan qaldırılıb. Bu, iqtisadi əlaqələrin bərpası baxımından mühüm əhəmiyyət daşıyır”.

Deputat qeyd edib ki, Ermənistan–Türkiyə sərhədinin açılması region üzərindən daşınan yüklərin həcminə ciddi təsir göstərə bilər: “Xüsusilə Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra bu proses daha da aktuallaşacaq. Çünki Zəngəzur dəhlizi Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinə inteqrasiya olunacaq. Nəticədə Azərbaycan üzərindən Ermənistan–Türkiyə marşrutu ilə, daha sonra isə Avropaya yüklərin daşınması mümkün olacaq. Ermənistan və Türkiyə arasında sərhədlərin açılması Azərbaycan üçün hər hansı risk yaratmır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Yeni regional reallıqlar fonunda ölkəmiz sülh və əməkdaşlıqda maraqlıdır”.

“Gömrük keçidi yaxın aylarda açıla bilər”

İqtisadçı ekspert Rəşad Həsənov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində gömrük keçid məntəqəsinin açılması məsələsi əsasən növbəti danışıqların nəticəsindən asılı olacaq.

Rəşad Həsənov vurğulayıb ki, yaxın aylarda məntəqənin açılması ehtimalı yüksəkdir: “Hazırda Azərbaycan birbaşa olaraq Ermənistanla ticarət əlaqələrini qurmağa başlayıb. Azərbaycan ərazisindən Ermənistana yüklər daşınır və hər iki ölkənin hökumət rəsmilərinin açıqlamaları göstərir ki, yekun sülh sazişinin qısamüddətli dövrdə imzalanması mümkündür.

Bu proses xüsusilə Ermənistan üçün iqtisadi faydalar yaradacaq: “Ermənistan kiçik bir ölkədir və quru sərhədi ilə böyük bazara çıxış əldə edir. Bu, sərhəd bölgələrinin inkişafı, məhsulların daha əlverişli qiymətlə bazara çıxarılması və idxal imkanlarının genişlənməsi baxımından əlverişlidir. Eyni zamanda tranzit potensialı da artır. Hazırda kommunikasiya kanalları əsasən Gürcüstan üzərindən qurulub. Lakin Azərbaycan və Türkiyə arasında Ermənistan üzərindən tranzit imkanları standartlara uyğun struktur formalaşdırıldıqda və qarşılıqlı inam gücləndikdə, bu istiqamətdə daşıma xərcləri optimallaşdırıla və yük daşımalarının intensivliyi təmin oluna bilər. Nəticədə sahibkarlar üçün daha minimal xərclə məhsulların idxal və ixracı imkanları yaranacaq və rəqabət qabiliyyətinə müsbət təsir göstəriləcək”.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
icma.az

1Источники