11 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən 1news.az-a verilən xəbərə görə, görüş zamanı, Azərbaycanın ərəb ölkələri və ümumilikdə Ərəb Liqası və Ərəb Parlamenti ilə münasibətləri, Yaxın Şərqdə və bölgəmizdə regional təhlükəsizlik vəziyyəti, İsrail-Fələstin münaqişəsi, habelə Azərbaycanla Ermənistan arasında sülh prosesi müzakirə olunub. Görüş zamanı, ölkəmizin xarici siyasətində müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələrin inkişafının prioritet istiqamətlərdən biri olduğu vurğulanıb. Azərbaycanın bölgədə sabitliyin, təhlükəsizliyin və sülhün təmin olunması istiqamətində hər zaman çalışdığı, münaqişələrin və müharibələrin qarşısının alınması istiqamətində səylərin artırılmasının vacibliyi qeyd olunub. Qəzza bölgəsindəki mövcud vəziyyətin aradan qaldırılması istiqamətində səylərin əhəmiyyətinə dair həmrəylik ifadə olunub. Fələstin məsələsi kontekstində ölkəmiz tərəfindən “iki dövlət” prinsipinin rəhbər tutularaq, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll variantının dəstəkləndiyi bir daha diqqətə çatdırılıb.
Bununla yanaşı, ölkəmizin son illərdə həyata keçirdiyi vasitəçilik səylərinin əhəmiyyəti vurğulanıb. Nazir Ceyhun Bayramov keçmiş münaqişə, Azərbaycan-Ermənistan sülh prosesi, post-münaqişə dövründə işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.