AZ

Azərbaycan ilə ərəb ölkələri arasındakı münasibətlər müzakirə olundu - FOTO

Fevralın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanın ərəb ölkələri və ümumilikdə Ərəb Liqası və Ərəb Parlamenti ilə münasibətləri, Yaxın Şərqdə və bölgəmizdə regional təhlükəsizlik vəziyyəti, İsrail-Fələstin münaqişəsi, habelə Azərbaycanla Ermənistan arasında sülh prosesi müzakirə olunub.

Görüş zamanı ölkəmizin xarici siyasətində müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələrin inkişafının prioritet istiqamətlərdən biri olduğu vurğulanıb.

Azərbaycanın hər zaman bölgədə sabitliyin, təhlükəsizliyin və sülhün təmin olunması istiqamətində çalışdığı, münaqişələrin və müharibələrin qarşısının alınması istiqamətində səylərin artırılmasının vacibliyi qeyd olunub.
 

Qəzza bölgəsindəki mövcud vəziyyətin aradan qaldırılması istiqamətində səylərin əhəmiyyətinə dair həmrəylik ifadə olunub. Fələstin məsələsi kontekstində ölkəmiz tərəfindən “iki dövlət” prinsipinin rəhbər tutularaq, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll variantının dəstəkləndiyi bir daha diqqətə çatdırılıb.


Bununla yanaşı, ölkəmizin son illərdə həyata keçirdiyi vasitəçilik səylərinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov keçmiş münaqişə, Azərbaycan-Ermənistan sülh prosesi, postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.




Bizim.Media

Seçilən
12
18
bizim.media

10Mənbələr