Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlının rəhbərlik etdiyi nümayəndə heyəti 8-12 fevral tarixlərində Türkiyə Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində peşə təhsili sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsinə yönəlmiş görüşlər keçirilib.
Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Səfər hər iki dövlət arasında peşə təhsili sahəsində əməkdaşlığın gücləndirilməsi, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət daşıyan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”dan irəli gələn öhdəliklərin icrası, birgə təsis ediləcək peşə təhsil müəssisələrinin fəaliyyətinin təşkili və qardaş məktəblərlə əlaqələrinin qurulması istiqamətində tədbirlərin görülməsi məqsədini daşıyır.
Səfər çərçivəsində Türkiyə Respublikası Milli Təhsil Nazirliyində nazir müavini Muhammet Bilal Macit və Peşə və Texniki Təhsil üzrə Baş İdarənin müdiri Salih Kaygusuz ilə görüşlər baş tutub.
Eyni zamanda nümayəndə heyəti Ankara şəhərində yerləşən Gölbaşı Mogan Turizm Peşə və Texniki Anadolu Liseyində olub, praktika əsaslı təlim, tədris-təcrübə mehmanxanası modeli və məzunların əmək bazarına inteqrasiyası mexanizmləri ilə tanış olub.
Daha sonra Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Eren ilə keçirilən görüşdə peşə təhsili üzrə ixtisaslar üzrə avadanlıq təchizatı və birgə layihələr müzakirə edilib. Bununla yanaşı, Ankara Universitetinin Baytarlıq fakültəsində dekan, professor Necmettin Ünal ilə görüş keçirilib, baytarlıq sahəsində kadr hazırlığı, müəllimlərin ixtisasartırması və təcrübə mübadiləsi imkanları nəzərdən keçirilib.
Səfər Azərbaycan-Türkiyə arasında peşə təhsili üzrə əməkdaşlığın artıq icra və praktik mərhələyə keçdiyini bir daha nümayiş etdirir.