RU

ABŞ Gürcüstan münasibətlərinin yenilənməsi və Cənubi Qafqaz uğrunda geosiyasi mübarizənin yeni mərhələsi

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son illər beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyalar böyük güclər arasında geosiyasi rəqabəti daha da kəskinləşdirib. Xüsusilə ABŞ–Rusiya qarşıdurması fonunda postsovet məkanında, o cümlədən Cənubi Qafqaz regionunda təsir uğrunda mübarizə yeni mərhələyə qədəm qoyub. Bu kontekstdə ABŞ-ın vitse-prezidenti Ceyms Vensin Gürcüstanla münasibətlərin yenilənəcəyini bəyan etməsi və Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin bu barədə “İmedi” telekanalına verdiyi açıqlama diqqət mərkəzinə çevrilib. Prezident Kavelaşvili bildirib ki, Ceyms Venslə Milanda Qış Olimpiya Oyunlarının açılışı çərçivəsində keçirilən tədbirlər zamanı qısa, lakin məzmunlu işgüzar söhbət aparılıb. Bu görüş təkcə diplomatik protokol xarakteri daşımır, eyni zamanda Vaşinqtonun Gürcüstana və bütövlükdə regiona dair yeni strateji yanaşmasının göstəricisi kimi qiymətləndirilir. ABŞ rəsmisinin münasibətlərin yenilənəcəyini vurğulaması, faktiki olaraq, son dövrlər gərginləşmiş ABŞ–Gürcüstan əlaqələrinin yenidən bərpasına yönəlmiş siyasi mesajdır.

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukrayna müharibəsi fonunda ABŞ və Qərb strukturları Avropa təhlükəsizlik arxitekturasını köklü şəkildə dəyişmək istiqamətində aktiv fəaliyyət göstərir: “ABŞ faktiki olaraq Ukraynanı öz hərbi-siyasi orbitinə daxil etməklə yanaşı, Avropa İttifaqını da Rusiyadan mümkün qədər uzaqlaşdırmaq siyasətini ardıcıl şəkildə həyata keçirir. Enerji marşrutlarının diversifikasiyası, hərbi bloklaşmanın gücləndirilməsi və sanksiyalar mexanizmi bu strategiyanın əsas alətləridir.

Bu proseslər fonunda sual meydana çıxır. ABŞ Ukrayna və Avropadan sonra Cənubi Qafqazı da Rusiyanın təsir dairəsindən çıxarmağa çalışırmı? Son hadisələr göstərir ki, Vaşinqtonun regional siyasətində Ermənistan və Gürcüstan xüsusi yer tutur. Ermənistanın Qərbə doğru meyillənməsi, Rusiya ilə münasibətlərdə yaranan gərginlik və KTMT-dən faktiki uzaqlaşma bu ölkənin geosiyasi istiqamətində ciddi dəyişikliklərin baş verdiyini sübut edir. İndi isə Gürcüstanın ABŞ ilə münasibətləri yenidən aktiv fazaya daxil olur”.

Nicat İsmayılov

“Gürcüstan uzun müddət Avroatlantik inteqrasiya kursunu prioritet elan etsə də, son illər daha balanslı xarici siyasət yürütməyə çalışırdı. Bu isə Vaşinqtonda narazılıq doğurur, Gürcüstan hökumətinə qarşı tənqidi ritorikanı gücləndirirdi. Lakin Ceyms Vensin açıqlaması göstərir ki, ABŞ Gürcüstanı yenidən öz strateji tərəfdaşları sırasına daha aktiv şəkildə cəlb etmək niyyətindədir. Bu isə regionda qüvvələr balansının dəyişməsi ehtimalını artırır”-deyə Nicat İsmayılov qeyd edib.

“ABŞ-nin Cənubi Qafqaz strategiyasında əsas hədəflərdən biri Rusiyanın regional təsir imkanlarını minimuma endirmək, enerji və nəqliyyat marşrutlarını Qərbin nəzarətinə keçirmək, eyni zamanda Çin təsirinin qarşısını almaqdır. Gürcüstan bu baxımdan strateji coğrafi mövqeyə malikdir. Qara dəniz hövzəsi, Orta Dəhliz layihəsi, Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kimi enerji kəmərləri Gürcüstanı ABŞ üçün mühüm tranzit və geosiyasi platformaya çevirir.

Digər tərəfdən, Ermənistanın son dövrlərdə Qərbə doğru sürətlə yönəlməsi, Fransa və ABŞ ilə hərbi-siyasi əməkdaşlığı genişləndirməsi regionda yeni gərginlik riskləri yaradır. Bu siyasət, faktiki olaraq, Rusiyanın Cənubi Qafqazdakı ənənəvi təsir mexanizmlərini zəiflədir. Gürcüstanın da bu prosesə daha aktiv şəkildə cəlb olunması Moskva üçün ciddi strateji çağırışdır.

Bu mənzərədə Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan müstəqil, balanslı və praqmatik xarici siyasət xətti yürüdərək həm Qərb, həm Rusiya, həm də regional güclərlə konstruktiv əməkdaşlıq formatı formalaşdırıb. Cənab Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən çoxvektorlu diplomatiya Azərbaycanın regionda sabitləşdirici və etibarlı tərəfdaş rolunu möhkəmləndirib. Cənubi Qafqazda dayanıqlı sülhün və əməkdaşlığın əsas təminatçısı məhz Azərbaycandır”-deyən Nicat İsmayılov bildirib ki, ABŞ-nin  regionda fəallaşması fonunda Azərbaycan öz milli maraqlarını əsas götürərək, balanslaşdırılmış siyasətini davam etdirir və Bakı həm regional əməkdaşlıq platformalarının inkişafına, həm də geosiyasi qarşıdurmanın dərinləşməməsinə töhfə verir.

“ABŞ–Gürcüstan münasibətlərinin yenilənməsi regionda yeni imkanlar yarada biləcəyi kimi, riskləri də artırır. Ceyms Vensin açıqlaması və Gürcüstan Prezidentinin verdiyi mesajlar göstərir ki, Cənubi Qafqaz yeni geosiyasi mərhələyə qədəm qoyur. ABŞ regionda mövqelərini gücləndirməyə, Rusiyanın təsir dairəsini daraltmağa çalışır. Ermənistan və Gürcüstan bu prosesdə əsas hədəf ölkələr kimi ön plana çıxır. Lakin bu siyasətin regiona uzunmüddətli sabitlik gətirib-gətirməyəcəyi açıq sual olaraq qalır. Reallıq göstərir ki, geosiyasi qarşıdurmaların artması region üçün yeni risklər doğurur və ən optimal yol əməkdaşlıq, dialoq və qarşılıqlı etimad mühitinin gücləndirilməsindən keçir”-deyə Nicat İsmayılov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
123
bizimyol.info

1Источники