RU

Bu hal Azərbaycanın beynəlxalq hüquqi nüfuzunu gücləndirəcək - Deputat

Yazını böyüt
Yazını kiçilt

“BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyası 24 dekabr 2024-cü il tarixində qəbul edilib və kibercinayətkarlıqla mübarizə sahəsində ilk dəfə olaraq qlobal səviyyədə vahid, hüquqi cəhətdən məcburedici beynəlxalq çərçivə formalaşdırıb. Konvensiya informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərin qarşısının alınması, aşkar edilməsi, araşdırılması və təqibi üzrə dövlətlər üçün ümumi hüquqi standartlar müəyyən edir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Arzu Nağıyev “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxışında bildirib.

Deputat qeyd edib ki, Konvensiya Azərbaycan Respublikası adından BMT çərçivəsində Hanoy şəhərində keçirilmiş rəsmi imzalanma mərasimində imzalanıb. Onun sözlərinə görə, Azərbaycan Respublikası Konvensiyanın hazırlanması və qəbul edilməsi prosesində fəal iştirak edib, çoxtərəfli danışıqlarda konstruktiv və prinsipial mövqe nümayiş etdirib.

“Preambula, 9 fəsil və 68 maddədən ibarət olan Konvensiya dövlət suverenliyinə, konstitusion prinsiplərə və insan hüquqlarına hörmət edilməsini təmin edən hüquqi balans mexanizmlərini nəzərdə tutur. Cinayət təqibi tədbirlərinin qanunçuluq, proporsionallıq və məhkəmə nəzarəti çərçivəsində həyata keçirilməsi Konvensiyanın əsas tələblərindən biridir.

Konvensiya qarşılıqlı hüquqi yardım prosedurlarının sadələşdirilməsini və standartlaşdırılmasını təmin etməklə hüquq-mühafizə orqanları arasında əməkdaşlığı sürətləndirir. Xarici rəqəmsal xidmət provayderləri və platformalarla əməkdaşlıq üçün hüquqi müəyyənlik yaradılır ki, bu da məlumatların qanuni əldə edilməsi və istifadəsi prosesini daha səmərəli edir. Bundan əlavə, sənəd institusional potensialın gücləndirilməsi, ixtisasartırma və təcrübə mübadiləsini təşviq edən mexanizmləri də ehtiva edir.

Konvensiya Milli Məclis tərəfindən ratifikasiya edildiyi halda Azərbaycan Respublikası bu beynəlxalq sənədi ratifikasiya edən ilk dövlətlərdən biri, potensial olaraq isə ilk dövlət ola bilər. Bu hal Azərbaycanın beynəlxalq hüquqi nüfuzunu gücləndirəcək, ölkəmizin kibercinayətkarlıqla mübarizə sahəsində qabaqcıl və təşəbbüskar mövqeyini nümayiş etdirəcək.

Konvensiyanın ratifikasiyası hüquq-mühafizə orqanlarının fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək. Sənəd elektron sübutların əldə edilməsi, qorunması və ötürülməsi üzrə beynəlxalq hüquqi əsas yaradır, elektron sübutlarla bağlı hüquqi qeyri-müəyyənlikləri aradan qaldırır və transmilli istintaqların effektivliyini artırır. Eləcə də təxirəsalınmaz beynəlxalq əməkdaşlıq mexanizmləri kibercinayət hadisələrinə operativ reaksiya verilməsinə imkan yaradır”, – deyə deputat bildirib.

A.Nağıyev hesab edir ki, nəticə etibarilə, BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının ratifikasiyası Azərbaycan Respublikasının beynəlxalq hüquqi öhdəliklərinin icrasını gücləndirəcək, hüquq-mühafizə sisteminin effektivliyini artıracaq və ölkənin qlobal kibercinayətkarlıqla mübarizə arxitekturasında mövqeyini daha da möhkəmləndirəcək.

Tahirə Qafarlı

Избранный
19
2
hafta.az

9Источники