AZ

Konvensiya Azərbaycanın qlobal kibercinayətkarlıqla mübarizə arxitekturasında mövqeyini möhkəmləndirəcək

"BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyası 24 dekabr 2024-cü il tarixində qəbul edilmiş və kibercinayətkarlıqla mübarizə sahəsində ilk dəfə olaraq qlobal səviyyədə vahid, hüquqi cəhətdən məcburedici beynəlxalq çərçivə formalaşdırmışdır. Konvensiya informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərin qarşısının alınması, aşkar edilməsi, araşdırılması və təqibi üzrə dövlətlər üçün ümumi hüquqi standartlar müəyyən edir".

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev "İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – BMT Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, Konvensiya Azərbaycan Respublikası adından BMT çərçivəsində Hanoyda keçirilmiş rəsmi imzalanma mərasimində imzalanmışdır. İmzalanma Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2025 ci il  sərəncamına əsasən həyata keçirilmiş və sənəd Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi tərəfindən imzalanmışdır.
"Azərbaycan Respublikası Konvensiyanın hazırlanması və qəbul edilməsi prosesində aktiv iştirak etmiş, çoxtərəfli danışıqlarda konstruktiv və prinsipial mövqe nümayiş etdirmişdir.
Preampula, 9 fəsil və 68 maddətən ibarət olan  Konvensiya dövlət suverenliyinə, konstitusion prinsiplərə və insan hüquqlarına hörmət edilməsini təmin edən hüquqi balans mexanizmlərini nəzərdə tutur. Cinayət təqibi tədbirlərinin qanunçuluq, proporsionallıq və məhkəmə nəzarəti çərçivəsində həyata keçirilməsi Konvensiyanın əsas tələblərindən biridir. Konvensiya qarşılıqlı hüquqi yardım prosedurlarının sadələşdirilməsini və standartlaşdırılmasını təmin etməklə hüquq-mühafizə orqanları arasında əməkdaşlığı sürətləndirir.

 Xarici rəqəmsal xidmət provayderləri və platformalarla əməkdaşlıq üçün hüquqi müəyyənlik yaradılır ki, bu da məlumatların qanuni əldə edilməsi və istifadəsi prosesini daha səmərəli edir. Bundan əlavə, Konvensiya institusional potensialın gücləndirilməsi, ixtisasartırma və təcrübə mübadiləsini təşviq edən mexanizmləri nəzərdə tutur.

Konvensiya Milli Məclis tərəfindən ratifikasiya edildiyi halda Azərbaycan Respublikası bu beynəlxalq sənədi ratifikasiya edən ilk dövlətlərdən biri, potensial olaraq isə ilk dövlət kimi çıxış edə bilər. Bu hal Azərbaycanın beynəlxalq hüquqi nüfuzunu gücləndirəcək, ölkəmizin kibercinayətkarlıqla mübarizə sahəsində qabaqcıl və təşəbbüskar mövqeyini nümayiş etdirəcəkdir",- o qeyd edib. 

O əlavə edib ki, Konvensiyanın ratifikasiyası hüquq-mühafizə orqanlarının fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcəkdir: "Sənəd elektron sübutların əldə edilməsi, qorunması və ötürülməsi üzrə beynəlxalq hüquqi əsas yaradır, elektron sübutlarla bağlı hüquqi qeyri-müəyyənlikləri aradan qaldırır və transmilli istintaqların effektivliyini artırır. Eləcə də təxirəsalınmaz beynəlxalq əməkdaşlıq mexanizmləri kibercinayət hadisələrinə operativ reaksiya verilməsinə imkan yaradır.

Nəticə etibarilə, BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının ratifikasiyası Azərbaycan Respublikasının beynəlxalq hüquqi öhdəliklərinin icrasını gücləndirəcək, hüquq-mühafizə sisteminin effektivliyini artıracaq və ölkənin qlobal kibercinayətkarlıqla mübarizə arxitekturasında mövqeyini daha da möhkəmləndirəcəkdir".

Mürtəza

Seçilən
8
2
olke.az

9Mənbələr