RU

Ana məhəbbəti qadına və insanlığa hörmət tələb edir Vahid Tağıyev yazır

Mia.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Vahid Tağıyev,

Təcrübəli, peşəkar təhsil işçisi

***

(Bu yazını anamın xatirəsinə ithaf edirəm)

***

Ana məhəbbəti insan övladının ilk və ən saf duyğusudur. Bu məhəbbət ailənin, cəmiyyətin və mənəvi dəyərlərin əsas dayaqlarından biridir. Bu qeydlər ana məhəbbətinin müqəddəsliyini və onun bu günümüz üçün daşıdığı məsuliyyəti xatırlatmaq niyyəti ilə yazılıb.

Ana müqəddəs varlıq, əbədi məhəbbətin ünvanıdır. Kiçik yaşlardan digər ailə üzvlərinə, həyata, Vətənə, insanlara sevgi anaya məhəbbətlə yoğrulmuş ilkin duyğulardan bəhrələnir, onun üzərində formalaşır və dərinləşir. Qarşılığı, qaytarılması mümkün olmayan ana məhəbbətinin möcüzəvi duyğularını sözlə ifadə etmək çətindir.

“Nə ağrın var mənə gəlsin!” — bu sözləri təmənnasız, sonsuz məhəbbətlə, bir ömür boyu yalnız ANA deyə bilər. Məhz bu məhəbbət canlı bəşəriyyətin davamlılıq, yaşam və mövcudluq səbəbidir.

Uşaq vaxtı instinktiv olaraq hərarətinə sığındığımız, elə beləcə olmalı bildiyimiz bu əzmkar, dözümlü, ülvi məhəbbətin fədakarlığını və təmənnasızlığını böyüdükcə, yaşa dolduqca daha dərindən dərk edirik.

Bir neçə il öncə, mənim 60 yaşım olanda anam 85 yaşında vəfat etdi. Atam isə anamdan 40 gün əvvəl rəhmətə getmişdi. Övladın yaşı artdıqca, ata və ana ilə daha çox həmsöhbət olduqca, onları daha dərindən anlamağın, ağıla söykənən yeni və dərin bir sevginin formalaşmasının canlı şahidi olmuşam. Buna görə çox şüküranlıyam və illər keçsə də, hər gün hansısa məqamda onları xatırlayıram.

Anam yaşlı bir insan kimi bir sıra xəstəliklərdən əziyyət çəkirdi. Ancaq həmişə çöhrəsində nur olar, əzmkar, zəhmətsevər idi. Ağrıları şiddətlənəndə belə bunu hiss etdirməz, sakitcə “ağrıkəsici vurun” deyərdi. İllərlə bir dəfə də olsun ciddi şəkildə “ağrıyıram” demədi, yalnız xırda narahatlıqdan söz açdı. Yanımda heç vaxt bədbin danışmadı, hətta mənə qarşı özünü yaşlı adamlardan bir az utanan kimi aparırdı. Bir dəfə də olsun aramızda fikir haçalanması olmadı. Mənimlə yüksək tonla danışmadı. Hansımız hansı təklifi verirdisə, o biri tərəf razılaşardı. Heç vaxt kiminsə arxasınca danışmazdı. Qürurlu, sözünü ölçüb-biçən bir insan idi. Bir-birimizi sevdiyimizi dilə gətirməzdik, amma bunu davranışlarımızla göstərərdik. Bu da bəlkə səssiz, amma dərin bir anlaşmanın nəticəsi idi. Bunların çoxun əsasən yaşlı dövrümüzdə dərg etməyə başladım. Mən bir az ağrıyanda, ya ac qalanda dözə bilməzdi...

Dərindən düşündükcə etiraf etməliyik ki, atamızı, ailə üzvlərimizi, əzizlərimizi sonsuz sevgi ilə sevirik və bu duyğuları müqayisə etmək doğru deyil. Ancaq bütün böyük məhəbbət bağları ana duyğularının yanında aciz qalır. Bu necə ilahi bir duyğudur! Bu necə əbədi və sonsuz bir məhəbbətdir! Yer üzündə ana məhəbbətinə bərabər tutula biləcək başqa bir sevgi varmı?

 Mən atayam, babayam — əzizlərim üçün canımı verərəm. Ancaq anlayıram ki, hər birimiz müqəddəs ananın övlad sevgisi qarşısında acizik. Bu sevgi bəşəriyyəti qoruyan, dünyanı yaşadan ana sevgisidir.

Etiraf edim ki, ömrüm boyu yaxından tanıyaraq dəyər verdiyim xanımlarda, iş yoldaşlarımda, xüsusilə dəyərli qadın müəllimlərdə davranışı, həyata baxışı, xeyirxah niyyətləri gördükcə, anamın hansısa bir cizgisini onlarda hiss etmişəm və bu duyğu məndə həmin insanlara dərin hörmət, qayğı yaratmışdır.

Ana, nənə, bacı, həyat yoldaşı, qız övladı, nəvələrimiz və həyatda rastlaşdığımız ləyaqətli hər bir xanımın müqəddəsliyinə dəyər vermək, onları sevgi və qayğı ilə xoşbəxt etmək hər birimizin İlahi ana məhəbbəti qarşısında mənəvi borcudur.  

 Harada sevgi varsa, orada səmimiyyət, qayğı və nur var. Hazırda dünyada problemlərin artmasının əsas səbəblərindən biri insanların bir-birinə hörmət və ehtiramının azalmasıdır. Xüsusilə valideynə, müəllimə, böyüyə hörmətin zəifləməsi ciddi fəsadlar doğurur.

Bir vaxtlar müəllimin yanında hər hərəkətinə, danışığına məsuliyyətlə yanaşan, "Görəsən müəllim də çörək yeyir, su içirmi?" kimi düşüncə ilə onu müqəddəsləşdirən, ata-anası kimi sevən cəmiyyət bu gün müəllimi təhqir edir, aşağılayır.  Hətta təəssüf ki, son hadisə - şagirdin müəllimə güllə atması kimi fiziki zorakılığa qədər gəlib çıxıb. Şagird bir- birinə alətlə ağır xəsarət yetirir və s.

Bu hadisələr bir daha ailə tərbiyəsində və təhsil sistemində problemlərin təhlükəli həddə yaxınlaşdığını göstərir. Çünki tərbiyədə sistemlilik və ardıcıllıq çatışmır. Bu ayrıca, geniş bir mövzudur. Həyat tərzi dəyişdikcə tərbiyəyə yanaşma da dəyişməlidir, lakin bu zərurət yetərincə nəzərə alınmır. Uşaqlar virtual dünyanın təsiri altında real həyatdan uzaq formalaşır ki, bu da cəmiyyətin uçuruma yaxınlaşması deməkdir. 

Ana məhəbbəti hər zaman insan olaraq qalmağımızın mayasıdır. Ailə dəyərləri, sosial davranış qaydaları, təhsil və tərbiyənin vəhdəti, rəqəmsal imkanlardan düzgün istifadə tənzimlənməsə, faciələrin artması qaçılmaz olacaq. Cəmiyyət bütövlükdə məsuliyyət hissi ilə səfərbər olmalıdır.

 Və bütün bu reallıqları nəzərə alaraq bir daha vurğulamaq istəyirəm:

Dəyərli hər bir Azərbaycan qadınına hörmətlə yanaşmaq anamıza ən böyük hörmətimizin davamıdır!

 Cəmiyyətdə qadına və insana göstərilən ehtiramın kökündə ana məhəbbətinə verilən dəyər dayanır.

Allah dünyasın dəyişən bütün anaların ruhunu şad eləsin! Yaşayan analara can sağlığı arzulayırım, həmişə üzləri gülsün! 

Ana məhəbbəti qarşısında baş əyirəm! 

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
46
mia.az

1Источники