RU

“Neftçi” ilə oyunun ya yerini dəyişdirmişik, ya təxirə salmışıq” – Qurban Qurbanov

“Qarabağ” Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Şamaxı”ya 1:2 hesabı ilə uduzub.

Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Azarkeşlərimizə təşəkkür edirəm. İlk oyun idi. Bizim üçün çox ciddi nəticə oldu. Cavab matçına daha ciddi hazırlaşmalıyıq. Rəqibi təbrik edirəm. Yaxşı mübarizə apardılar və layiqli qələbə qazandılar.

– Məğlubiyyətin səbəbi nədir?

– “Şamaxı” yaxşı oynadı və qalib gəldi.

– Dumanlı havanın oyuna təsiri oldu?

– İkinci hissədə demək olar ki, digər tərəfdə heç nəyi görmürdüm. Gözləyirdim ki, nə olacaq, necə olacaq, oyun nə vaxt bitəcək.

– Jeremi Qnalini hansı mövqedə oynatmağı düşünürsünüz?

– Müdafiəçi kimi gətirmişik.

– “Neftçi” sizinlə oyunun təxirə salınmasına razı olmadı və bu geniş müzakirələrə səbəb oldu. Siz bu müzakirələrin olmasını normal hesab edirsiz?

– Sosial şəbəkələrdə olmuram. Ümumiyyətlə hər hadisəyə normal yanaşıram. Kimin haqlı, kimin haqsız çıxarılacağı mövzu deyil. Biz oyunun təxirə salınması üçün PFL-ə müraciət etdik. “Nyukasl”la görüşlərin arasında başqa rəqib də ola bilərdi. Məni daha çox narahat edən bazar günü yox, şənbə günü oynamağımızdır. 6 gündə 3 oyun keçirəcəyik. Belə vacib matçdan öncə çempionat oyununun təxirə salınması böyük kömək ola bilərdi. Biz müraciət etdik, onlar da razılaşmadılar. Reqlamentdə var ki, pley-offda iştirak edən komandalara güzəşt oluna bilər. Olmadı. Burada ciddi bir problem görmürəm. Onların da öz proqramları var. Başa düşürəm. Amma bu vaxta kimi olub. “Neftçi” ilə oyunun ya yerini dəyişdirmişik, ya təxirə salmışıq. Kimdənsə küsmək, incimək fikrimiz yoxdur. Daha dərindən düşünərək oyunlara hazırlaşmalıyıq.

– “Nyukasl”ın oyununda hansısa diqqət çəkən məqamlar var?

– Çoxdur. Özlərinə xas oyun üslubları var. Çox bərk komandadır. İlk prinsipləri rəqibə oynamağa imkan verməməkdir. Onlar da bizimlə oyuna çox istəkli hazırlaşacaqlar.

– “Neftçi”dən neqativ cavab gözləyirdiz?

– Buna neqativ cavab deməzdim. Sadəcə “yox” deyiblər. Sadəcə bildiriblər ki, oynamaq istəyirik. Bizim tərəfimizdən üzərinə gediləsi mövzu deyil. Azarkeşləri başa düşmək olar. Bəlkə də onların arasında gedən müzakirədir. 4 gün sonra yenə Şamaxıya gələcəyik. Daha sonra Qubaya gedəcəyik. Yaxşı hazırlıq prosesimiz olmayacaq. Rəqib nə qədər güclü olsa da, sona qədər mübarizə aparmaq istəyirik.

Избранный
13
11
msport.az

10Источники