“Bu forum bizim üçün xüsusi əhəmiyyət daşıyır”
Apasport.az saytının Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri gənclər və idman nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova Azərbaycan Gənclərinin XI Forumu ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O, tədbir barədə danışaraq bildirib ki, ilk forum 2 fevral 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilib:
“Aradan 30 il ötüb və bu il artıq forumun 11-cisini həyata keçiririk. Bu forumlar ənənəvi xarakter daşıyır və hər biri ona görə əhəmiyyətlidir ki, burada Azərbaycanın bütün gənclər kateqoriyaları təmsil olunur.
Forum çərçivəsində gənclər müxtəlif müzakirələrdə iştirak edir, peşəkar şəxslərlə görüşlər keçirir, növbəti 10 il üzrə gənclər strategiyasına dair təkliflər hazırlayır və yeni təşəbbüslər irəli sürürlər.
Birinci mərhələ Bakı şəhərində baş tutdu və rəsmi açılış mərasimi ilə başladı. Xüsusi olaraq qeyd etmək istərdim ki, açılış mərasimində cənab Prezident İlham Əliyevin gənclərə müraciəti səsləndirildi. Eyni zamanda 2026-cı il üçün gənclər üzrə Prezident mükafatları 10 gəncə təqdim olundu. Bu mükafatlar elm, təhsil, mədəniyyət, ictimai fəaliyyət, gənclər siyasəti, innovasiya və sahibkarlıq sahələrini əhatə edirdi.
Daha sonra forumun ikinci hissəsi – “Azərbaycan gəncliyi mövzusunda strateji baxış və prioritetlər” adlı sessiya başladı. Bu sessiyada gənclər təşkilatlarının nümayəndələri, Gənclər evləri, region gəncləri, tələbələr, müxtəlif sahələr üzrə peşəkar gənclər, eləcə də təhsildə fərqlənən gənclər iştirak etdilər. Müzakirələr zamanı gənclər növbəti 10 il ərzində gənclər siyasətində hansı təşəbbüsləri və proqramları görmək istədiklərini, bu proqramların gənclərin inkişafına necə töhfə verə biləcəyini öz təklifləri ilə ifadə etdilər”.
Qeyd edək ki, Azərbaycan Gənclərinin XI Forumu fevralın 8-dək davam edəcək.
Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
“Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
“Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb