Xankəndi, 3 fevral, AZƏRTAC
Gənclər Forumu bizim üçün xüsusi əhəmiyyət daşıyır və növbəti 10 ilin strategiyasını müəyyən etmək üçün mühüm platformadır. Bu il artıq forumun 11-cisini həyata keçiririk. Bu forumlar ənənəvi xarakter daşıyır və onların hər biri ona görə əhəmiyyətlidir ki, burada Azərbaycanın bütün gənclər kateqoriyaları iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova Azərbaycan Gənclərinin XI Forumu çərçivəsində “Şəhərsalma və Memarlıq İli: Gənclərin Baxışı” mövzusunda keçirilən sessiyadan sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, forum çərçivəsində gənclər müxtəlif müzakirələrdə iştirak edir, peşəkar şəxslərlə görüşlər keçirir, növbəti 10 il üzrə gənclər strategiyasına dair təkliflər hazırlayır və yeni təşəbbüslər irəli sürürlər: “Birinci mərhələmiz Bakı şəhərində baş tutdu və rəsmi açılış mərasimi ilə başladı. Orada təxminən 600 gənc iştirak etdi. Xüsusi olaraq qeyd etmək istərdim ki, açılış mərasimində Prezident İlham Əliyevin gənclərə müraciəti səsləndirildi. Eyni zamanda 2026-cı il üçün gənclər üzrə Prezident mükafatları 10 gəncimizə təqdim olundu. Bu mükafatlar elm, təhsil, mədəniyyət, ictimai fəaliyyət, gənclər siyasəti, innovasiya və sahibkarlıq sahələrini əhatə edirdi”.
Ü.Axundova forumun ikinci hissəsinin “Azərbaycan gəncliyi mövzusunda strateji baxış və prioritetlər” adlı sessiya ilə başladığını xatırladıb: “Bu sessiyada gənclər təşkilatlarının nümayəndələri, Gənclər evləri, region gəncləri, tələbələr, müxtəlif sahələr üzrə peşəkar, eləcə də təhsildə fərqlənən gənclər iştirak etdilər. Müzakirələr zamanı onlar növbəti 10 il ərzində gənclər siyasətində hansı təşəbbüsləri və proqramları görmək istədiklərini, bu proqramların gənclərin inkişafına necə töhfə verə biləcəyini öz təklifləri ilə ifadə etdilər”.
Nazirlik rəsmisi Forumun Xankəndidə davam edən mərhələsinin də yüksək fəallıqla keçdiyini vurğulayıb: “Forumun Xankəndi sessiyalarında 400-ə yaxın gənc iştirak edir. Gənclərimiz burada keçirilən müzakirələrdə çox aktivdirlər. Onlar azad edilmiş ərazilərin yenidən qurulması, şəhərsalma və memarlıq sahəsində öz innovativ baxışlarını ortaya qoyurlar”.