“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Ulu Öndər Heydər Əliyevin gənclərimizin qarşısında müəyyənləşdirdiyi bu vəzifə vətənpərvər nəslin yetişməsinə təkan oldu. Təsadüfi deyil ki, 1993-cü ildən etibarən gənc nəslə xüsusi diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ümumilli Liderin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. Son 33 ildə hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməkdədir.
Gənclərin potensialından səmərəli istifadə olunması,
onların beynəlxalq təmsilçiliyinə dəstək müasir, müstəqil Azərbaycanın inkişafını təmin edən əsas faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir. Məhz dövlətin gənclərə dəstək və diqqəti nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi daha da artıb.
Bu gün dövlət sosial müdafiəyə ehtiyacı olan gənclərin yaradıcılıq potensialının inkişafı, iş yeri və layiqli həyat səviyyəsinin təmin edilməsi üçün imkanlar yaradır, sosial dəstəyin müvafiq modellərini tətbiq edir, habelə risk qrupunda olan gənclərin sosial adaptasiyası üçün tədbirlər həyata keçirir.
Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğun təmin edilməsi əsas prioritetlərdəndir.
Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində Azərbaycan gəncləri bir çox sahələrdə böyük nailiyyətlər qazanmaqdadır.
Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun da misilsiz töhfəsi var. Belə ki, Azərbaycanlı gənclərinin fərdi və peşəkar inkişafı naminə Fond müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərir və minlərlə müxtəlif təyinatlı layihələri icra edir.
Müasir Azərbaycan gəncinin vətənpərvərlik ruhunda yetişməsi, ərazi bütövlüyümüz uğrunda tərəddüd etmədən canlarından keçməsi hər birimiz üçün nümunə, eyni zamanda bütövlükdə cəmiyyətimiz və dövlətimizin uğurudur. Təbii ki, dövlət səviyyəsində milli-mənəvi dəyərlərin qorunub saxlanması müasir gəncliyin vətənpərvər ruhda formalaşmasına zəmin yaradıb.
Gəncliyin sağlam ruhlu, yüksək mənəvi keyfiyyətə və intellektə malik olması hər bir dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla birgə addımlayır. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramlarının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi gənclər siyasətinin nəticəsidir.
Bu gün Azərbaycan gənci dövlət tərəfindən ən yüksək səviyyədə dəstəklənir, ictimai-siyasi proseslərdə gənclərin fəallığı müşahidə olunur. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması, ərazi bütövlüyü məsələsində Ali Baş Komandandan götürülən nümunələr 44 günlük müharibədə həlledici rol oynadı. Vətən müharibəsində əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdi. Uğurlu dövlət idarəçiliyi sayəsində Azərbaycan cəmiyyətində yaşından, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs dəmir yumruq kimi birləşdi. Prezident İlham Əliyevin də söylədiyi kimi, “Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər!”
Beləliklə, fəxr hissi ilə deyirik ki, müstəqillik dövründə yetişən, vətənpərvərlik ruhunda böyüyən gənclərin tarixi Zəfərin əldə olunmasında misilsiz xidmətləri var. Bu isə onu deməyə əsas verir ki, sağlam düşüncəli və vətəninə bağlı gənclik dövlətin dayağıdır.
Gənclər həm də dövlətin və cəmiyyətin inkişaf təməlidir. Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən birbaşa asılıdır. Bu gün Azərbaycan gənci ictimai həyatın bütün sferalarında aktiv fəaliyyətilə seçilir.
Gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə xüsusi diqqət ayırırdı. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir.
Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında qələbə qazanan ölkəyə çevrilib.
Könül NURULLAYEVA,
Milli Məclisin deputatı