Azərbaycan gəncliyi dövlətin əsas dayağıdır
2 Fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Bu gün münasibətilə ölkədə həyata keçirilən gənclər siyasətinin gənclərin sosial, iqtisadi və ictimai həyatda fəal iştirakına verdiyi töhfələr yenidən diqqət mərkəzinə gəlir. Bəs gənclərin ölkənin hərtərəfli inkişafında rolunun gələcəkdə daha da artırılması üçün hansı yeni mexanizmlər tətbiq edilə bilər?Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva Metbuat.az-a açıqlamasında bildirib ki, bu gün Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul edir. Gənclərin potensialından səmərəli istifadə olunması, onların beynəlxalq təmsilçiliyinə dəstək müasir, müstəqil Azərbaycanın inkişafını təmin edən əsas faktorlardan biridir: “Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir. Məhz dövlətin gənclərə dəstək və diqqəti nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi daha da artıb. Bu gün dövlət sosial müdafiəyə ehtiyacı olan gənclərin yaradıcılıq potensialının inkişafı, iş yeri və layiqli həyat səviyyəsinin təmin edilməsi üçün imkanlar yaradır, sosial dəstəyin müvafiq modellərini tətbiq edir, habelə risk qrupunda olan gənclərin sosial adaptasiyası üçün tədbirlər həyata keçirir. Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğun təmin edilməsi əsas prioritetlərdəndir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində Azərbaycan gəncləri bir çox sahələrdə böyük nailiyyətlər qazanmaqdadır”.
Deputat Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun da misilsiz töhfəsindən bəhs edib: “Belə ki,Azərbaycanlı gənclərinin fərdi və peşəkar inkişafı naminə Fond müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərir və minlərlə müxtəlif təyinatlı layihələri icra edir. Müasir Azərbaycan gəncinin vətənpərvərlik ruhunda yetişməsi, ərazi bütövlüyümüz uğrunda tərəddüd etmədən canlarından keçməsi hər birimiz üçün nümunə, eyni zamanda bütövlükdə cəmiyyətimiz və dövlətimizin uğurudur. Təbii ki, dövlət səviyyəsində milli-mənəvi dəyərlərin qorunub saxlanması müasir gəncliyin vətənpərvər ruhda formalaşmasına zəmin yaradıb. Gəncliyin sağlam ruhlu, yüksək mənəvi keyfiyyətə və intellektə malik olması hər bir dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla birgə addımlayır. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramlarının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi gənclər siyasətinin nəticəsidir”. K.Nurullayeva qeyd edib ki, bugünkü Azərbaycan gənci dövlət tərəfindən ən yüksək səviyyədə dəstəklənir, ictimai-siyasi proseslərdə gənclərin fəallığı müşahidə olunur: “Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması, ərazi bütövlüyü məsələsində Ali Baş Komandandan götürülən nümunələr 44 günlük müharibədə həlledici rol oynadı. Vətən müharibəsində əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdi. Uğurlu dövlət idarəçiliyi sayəsində Azərbaycan cəmiyyətində yaşından, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs dəmir yumruq kimi birləşdi. Prezident İlham Əliyevin də söylədiyi kimi, “Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər!”. Beləliklə, fəxr hissi ilə deyirik ki, müstəqillik dövründə yetişən, vətənpərvərlik ruhunda böyüyən gənclərin tarixi Zəfərin əldə olunmasında misilsiz xidmətləri var. Bu isə onu deməyə əsas verir ki, sağlam düşüncəli və vətəninə bağlı gənclik dövlətin dayağıdır”. Gənclərin həm də dövlətin və cəmiyyətin inkişaf təməli olduğunu bildirən millət vəkili əlavə edib ki, dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən birbaşa asılıdır. Bu gün Azərbaycan gənci ictimai həyatın bütün sferalarında aktiv fəaliyyətilə seçilir. Millət vəkili Mahir Süleymanlı da öz açıqlamasında 2 Fevral – Azərbaycan Gənclər Gününün ölkəmizdə gənclərə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi olduğunu söyləyib. O bildirib ki, bu gün Azərbaycan gəncləri sosial-iqtisadi baxımdan daha əlverişli şəraitdə formalaşır, keyfiyyətli təhsil, müasir peşə bacarıqları və geniş məşğulluq imkanları əldə edirlər: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və strateji gənclər siyasəti gənclərin sosial rifahının yüksəldilməsinə, təhsil, məşğulluq və innovasiya imkanlarının genişləndirilməsinə xidmət edir. O cümlədən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar və mədəni sahələrdə gördüyü məqsədyönlü işlər, xüsusilə gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına, yaradıcılıq potensialının üzə çıxarılmasına və beynəlxalq mədəni inteqrasiyasına mühüm töhfə verir. Bu kompleks yanaşma Azərbaycan gəncliyinin hərtərəfli inkişafını təmin edən əsas amillərdəndir”.
M.Süleymanlı vurğulayıb ki, Azərbaycan gəncləri bu gün yalnız ölkənin deyil, regionun və beynəlxalq platformaların da fəal iştirakçılarıdır. Onların intellektual potensialı, innovativ düşüncə tərzi və vətənpərvər mövqeyi ölkəmizin davamlı inkişafı üçün mühüm strateji resursdur: “Gənclərin ölkənin hərtərəfli inkişafında rolunun gələcəkdə daha da gücləndirilməsi məqsədilə innovasiya və startap təşəbbüslərinin genişləndirilməsi, rəqəmsal bacarıqların inkişafı, gənclərin qərar qəbuletmə proseslərində iştirakının artırılması istiqamətində yeni mexanizmlərin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Əminik ki, dövlət–gənclər əməkdaşlığının daha da möhkəmləndirilməsi nəticəsində Azərbaycan gəncliyi ölkəmizin parlaq gələcəyinin formalaşmasında həlledici rol oynamağa davam edəcək”.Sevinc İbrahimzadə / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusu üzrə dərc olunub.