RU

“Qurtuluş”un rəhbərini hansı cəza gözləyir? – Reabilitasiya mərkəzlərinin yoxlanılmamısının İLGİNC səbəbləri

“Qurtuluş” reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşının saxlanılması bir qurumun fəaliyyəti ilə bağlı adi kriminal hadisədən daha çox, ölkədə illərdir toxunulmaz qalan və demək olar ki, nəzarətsiz fəaliyyət göstərən reabilitasiya mərkəzləri problemini yenidən gündəmə gətirdi. Cəmiyyət haqlı olaraq sual edir: bu cür müəssisələr bu günə qədər hansı əsaslarla işləyib, kimin tərəfindən yoxlanılıb və nə üçün indiyədək onların fəaliyyəti ilə bağlı ciddi araşdırmalar aparılmayıb?

Xatırladaq ki, “Qurtuluş” reabilitasiya mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, Sumqayıt şəhərində yerləşən bu mərkəzdə vətəndaş müraciətləri əsasında aparılan araşdırmalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb və Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz azadlıqdan məhrum etmə maddələri ilə cinayət işi başlanıb. Hazırda ibtidai istintaq aparılır.

Bu hadisənin diqqətçəkən tərəfi ondan ibarətdir ki, mərkəzin adı ictimaiyyətə ilk dəfə indi yox, bir müddət əvvəl məşhur teleaparıcı, Əməkdar jurnalist Nəsimi Nəbizadənin itkin düşməsi ilə bağlı hallanmışdı. Məhz həmin qalmaqallı olaydan sonra “Qurtuluş” reabilitasiya mərkəzinin fəaliyyəti ciddi şəkildə araşdırılmağa başlanıb. Bu isə istər-istəməz belə bir sualı aktuallaşdırır: əgər bu hadisə baş verməsəydi, həmin mərkəz və oxşar müəssisələr əvvəlki kimi fəaliyyətlərini davam etdirəcəkdilərmi?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Əkrəm Həsənovun fikrincə, problem təkcə bir mərkəzdə deyil, bütövlükdə reabilitasiya adı altında fəaliyyət göstərən qurumların hüquqi statusunun qeyri-müəyyənliyindədir. Onun sözlərinə görə, bu tip mərkəzlərin bir qismi nə Səhiyyə Nazirliyinin, nə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin effektiv nəzarət mexanizmlərinə cəlb olunub: “Reabilitasiya mərkəzi adı altında fəaliyyət göstərən qurumlar faktiki olaraq insanların azadlığını məhdudlaşdırır, onları qapalı şəraitdə saxlayır və psixoloji, bəzən də fiziki təsir metodlarından istifadə edir. Bu isə yalnız məhkəmə qərarı və ya ciddi tibbi əsaslar olduqda mümkündür. Əgər bu yoxdursa, söhbət birbaşa qanunsuz azadlıqdan məhrum etmədən gedir. Uzun illər bu mərkəzlərə toxunulmamasının əsas səbəblərindən biri onların “xeyriyyəçilik” və “asılılıqdan xilas” adı altında fəaliyyət göstərməsi olub. Halbuki real nəzarət mexanizmi olmadığı üçün bəzi mərkəzlər faktiki olaraq qapalı düşərgələrə çevrilib. İnsanların ailələrinin razılığı belə hüquqi əsas sayılmır və bu, məsuliyyəti aradan qaldırmır”.

Əkrəm Həsənovun sözlərinə görə, Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, saxlanılan şəxsləri kifayət qədər ağır cəzalar gözləyə bilər: “Özünü öldürmə həddinə çatdırma maddəsi üzrə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə, qanunsuz azadlıqdan məhrum etmə isə ağırlaşdırıcı hallarla törədildikdə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutur. İstintaq zamanı əlavə hallar aşkarlanarsa, ittihamların daha da ağırlaşması istisna olunmur”.

NOCOMMENT.az-ın şərhi:

Bu olay bir daha göstərdi ki, məsələ təkcə konkret şəxslərin həbsi ilə bitməməlidir. Əsas sual cavabsız qalır: ölkə üzrə neçə belə reabilitasiya mərkəzi var, onlar hansı icazə ilə fəaliyyət göstərir və orada saxlanılan insanların hüquqları necə qorunur? Nəsimi Nəbizadə hadisəsi olmasaydı, bu mərkəzdə baş verənlər üzə çıxacaqdımı sualı isə cəmiyyətin yaddaşında uzun müddət qalacaq.

Baş verənlər bir siqnal olmalıdır: reabilitasiya adı altında fəaliyyət göstərən bütün qurumların fəaliyyəti təcili şəkildə yoxlanılmalı, hüquqi boşluqlar aradan qaldırılmalı və insan taleləri təsadüflərə buraxılmamalıdır. Əks halda, bu gün “Qurtuluş”, sabah isə başqa ad altında eyni problemlərlə yenidən üz-üzə qalmaq qaçılmaz olacaq.

Избранный
25
47
nocomment.az

10Источники