Sumqayıt şəhər prokurorluğunun məlumatı
Xəbər verildiyi kimi “Qurtuluş Reabilitasiya Mərkəzi” MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
https://genprosecutor.gov.az/az/post/9094
İlkin istintaq tədbirləri əsasında sözügedən MMC-nin direktoru *Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev* və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *127.1* (qəsdən sağlamlığa az ağır zərər vurma), *133.2.1, 133.2.3* (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsə, oğurlanmış şəxsə əzab vermə), 144.3 (ağır nəticələrə səbəb olan adam oğurluğu), *145.2.1 və 145.2.4-cü* (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə *həbs* qətimkan tədbiri seçilib.
Qeyd olunan qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi məqsədilə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.