RU

Avropa Trampın “kodunu” sındıra bildimi?

Yazıq Avropa. Soyuq müharibədən sonrakı dövrdə bu qitə sülh və inteqrasiya barədə ən uca təsəvvürləri təcəssüm etdirirdi. Lakin daha sərt bir dövr başlayandan sonra o, zəifliyin əyani nümunəsinə çevrildi...

Müəllif: Hel Brends - Bloomberg Opinion nəşrinin köşə yazarı
Bloomberg Agentliyi

Bu gün Avropa İttifaqı eyni vaxtda Rusiya, Çin və ABŞ-nin təzyiqi ilə üz-üzədir. Bununla yanaşı, Avropaya bu dövrdən keçməyə imkan verə biləcək strategiyanın konturları da görünməyə başlayır. Alternativ isə bu dövrün qurbanlarından birinə çevrilməkdir.

Böyük ölçüdə Aİ bu vəziyyətə öz qərarları və yanlış hesablamaları ucbatından düşüb. Qitə, daxilində geosiyasətin sərt qanunlarını aşdığını düşünərək, çox vaxt xarici siyasətdə də onları görməzdən gələ biləcəyinə inanıb. 2010-cu illərə doğru Avropa, o vaxt deyildiyi kimi, enerji məsələsində Rusiyadan, rifah məsələsində Çindən, təhlükəsizlik məsələsində isə Amerikadan asılı vəziyyətə düşmüşdü. İndi isə bu üç istiqamətin hamısında hesab vermək vaxtı çatıb.

Rusiya əvvəlcə Avropanın şərq sərhədlərindəki ölkələri tədricən zəiflətməyə başladı, qitənin reaksiyasını sındırmaq üçün enerji təzyiqindən istifadə etdi. İndi isə Rusiya lideri Vladimir Putin sadəcə Avropanın “Ukrayna qapısını” sındırmağa çalışır, eyni zamanda regionu diversiyalar, dronların müdaxilələri və digər hibrid hücumlarla terrora məruz qoyur. Ola bilsin, ən pisi hələ qarşıdadır: Almaniya, Baltik ölkələri və digər dövlətlərin liderləri hesab edirlər ki, qəzəbli və hiper-revizionist Rusiya bu onilliyin sonuna qədər Avropaya qarşı birbaşa zorakılığa əl ata bilər.

Bir vaxtlar bir çox Avropa lideri Çin tələbatını Aİ-nin rifahının mühərriki kimi görürdü. Bəziləri hətta Pekini çoxqütblü dünyada potensial tərəfdaş hesab edirdi.

Lakin illər boyu Çinin həddindən artıq istehsal gücü və iqtisadi ekspansiyası Avropanın tədricən deindustrializasiyası ilə hədələyib. Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsü regionu Çinin dominantlıq etdiyi superqitənin asılı hissəsinə çevirməyə yönəlib. Bundan başqa, Çin Putinin Ukraynaya hücumunu dəstəkləməklə Avropadakı qeyri-sabitliyi qidalandırır.

Donald Trampın ilk prezidentlik dövründə Avropanın əsas qorxusu Amerikanın kənara çəkilməsi idi. İkinci dövrdə isə narahatlıqlar daha da artdı: indi Çin və Rusiya təzyiqlərinə ABŞ-nin daha sərt düşmənçiliyi də əlavə oluna bilər.

Ədalət naminə qeyd etmək lazımdır ki, Trampın Avropanın müdafiə xərclərini artırmaq tələbi müəyyən mənada Avropanın özünün güclənməsinə yönəlib. Bu, ABŞ-nin NATO-dakı müttəfiqlərinin özlərini ciddi qəbul etməyə başlamalı olduqları inancını əks etdirir — digər böyük güclər bunu etməmişdən əvvəl. Problem ondadır ki, Tramp zəifliyə də nifrət edir və buna görə Avropa ölkələrini məcburiyyət vasitəsilə sıxışdırmağa əl atır: əvvəlcə son dərəcə asimmetrik ticarət sazişi ilə, daha sonra isə Danimarkanın hesabına Qrenlandiyanın ABŞ-yə verilməsini tələb etməklə.

Yaranan çarpaz təzyiq olduqca böyükdür. Avropaya Trampın ən qəbuledilməz tələblərinə qarşı durmaq üçün daha çox güc lazımdır, amma eyni zamanda Moskva və Pekindən gələn çağırışların öhdəsindən gəlmək üçün Vaşinqtonla münasibətlərdə daha çox sabitlik də tələb olunur. Trampın Qrenlandiya ilə bağlı iddialarını kəskin şəkildə artırdığı zaman baş verən son hadisələr bu dilemmanı aydın şəkildə göstərdi. Həmçinin onlar mümkün Avropa cavabının konturlarını da cızdı.

Birincisi, öz gücünə arxalanmaq. Avropanın hərbi investisiyaları sürətlə artır. Xüsusilə Danimarka və Almaniya kimi əsas ölkələr Avropa istehsalçılarından daha çox, ABŞ-dən isə daha az silah alırlar. “Özünə yardım”ın iqtisadi tərəfi isə 2024-cü ildə Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Mario Draqinin təklif etdiyi rəqabətqabiliyyətliliyi artıracaq islahatların həyata keçirilməsini nəzərdə tutur. Avropanın güc bazasının möhkəmlənməsi Trampın Amerikası ilə tərəfdaşlığın qorunmasının qiyməti olacaq və əgər bu tərəfdaşlıq çökərsə, sağ qalmağın zəruri şərtinə çevriləcək.

İkincisi, diversifikasiya. Aİ bu yaxınlarda Hindistan və Latın Amerikasının MERCOSUR ticarət bloku ilə çoxdan gözlənilən ticarət sazişlərini bağlayıb. O, həmçinin Transsakit okean Tərəfdaşlığı üzrə Hərtərəfli və Proqressiv Sazişə daxil olan ölkələrlə pakt imzalamağa çalışır. Qısa müddətdə bunların hamısı Avropanın ABŞ və ya Çindən ticarət asılılığını kəskin şəkildə azaltmayacaq. Amma uzunmüddətli perspektivdə belə təşəbbüslər manevr imkanlarını genişləndirəcək və Avropanın istənilən mənbədən gələn təzyiqlərə qarşı dayanıqlığını artıracaq.

Üçüncüsü, Trampı cilovlamaq və onunla dialoq. Qrenlandiya məsələsində Trampın geri çəkilməsi Avropanın ciddi iqtisadi əks-tədbirlər görəcəyi ilə bağlı təhdidlərdən sonra baş verdi. Bu, real xərclər yükləməyə hazır olmağın Trampı NATO müttəfiqlərini asanlıqla idarə etmək illüziyasından xilas edə biləcəyini göstərdi. Bununla belə, cilovlama ona görə işə yaradı ki, NATO-nun baş katibi Mark Rütte kimi əsas Avropa vasitəçiləri Arktikada təhlükəsizliklə bağlı əsaslı narahatlıqların həlli üçün sakit şəkildə yollar təklif etdilər. Bu, Trampa qələbə elan edib geri çəkilmək imkanı verdi.

Belə bir strategiya Trampdan əvvəlki status-kvonu bərpa etməyəcək və bu, yaxşıdır. Məqsəd münasibətlərdə yeni sabitlik bazası yaratmaq olmalıdır: daha iddialı Avropanın daha böyük məsuliyyət götürdüyü, eyni zamanda transatlantik bağın qorunub saxlandığı bir vəziyyət. Bu, demokratik dünyanın eyni vaxtda bir neçə avtoritar rəqibi cilovlamaq üçün ehtiyac duyacağı kollektiv gücü səfərbər etməyin ən yaxşı yoludur, həmçinin gələcəkdə Pekinə qarşı daha sıx transatlantik iqtisadi əməkdaşlıq perspektivini saxlamağa kömək edəcək.

Avropanın yenidən silahlanması, daha balanslı NATO kontekstində belə, çox böyük xərclər və həddindən artıq səxavətli sosial təminat sistemlərində qeyri-populyar islahatlar tələb edəcək. “Avropa” hələ də reallıqdan çox ideyadır: iqtisadi şərtlər və strateji prioritetlərdəki fərqlər qitənin şərqini və qərbini, şimalını və cənubunu ayırır.

Bu kursu poza biləcək amillər az deyil. Putin Avropanı parçalamağa və qorxutmağa çalışacaq. Tramp isə yaxşı ideyaları pis ideyalarla rəqabət aparan bir lider kimi Avropadan daha çox muxtariyyət tələb edə, eyni zamanda ABŞ-dən daha müstəqil davranan ölkələri cəzalandıra bilər.

Amma əgər Avropa dayanıqlı dayaqlar qura bilməsə, bir vaxtlar imperiyalardan ibarət olan qitə özü onların oyuncağına çevriləcək. Belə bir nəticə Avropaya yalnız yeni ağrı və alçaldılma gətirəcək. Azad dünyanın qarşısında duran sınaqların miqyasını və ciddiliyini nəzərə alsaq, son nəticədə bu, Amerikanın özünə də xeyir gətirməyəcək.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info

Избранный
12
50
poliqon.info

10Источники