ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 30 yanvar, AZƏRTAC
Binəqədi Rayon İcra Hakimiyyətində 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyev adına istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
İclas Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Əvvəlcə Binəqədi rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına dair videoçarx nümayiş etdirilib.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxış edərək 2025-ci ildə görülmüş işlər, sosial-iqtisadi nəticələr və 2026-cı ilin prioritetləri haqqında məlumat verib. O, hesabat dövründə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq Binəqədi rayonunda sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin rifah halının yüksəldilməsi, şəhər mühitinin müasirləşdirilməsi, sosial-iqtisadi inkişaf, müasir infrastrukturun yenilənməsi və ictimai xidmətlərin keyfiyyətinin artırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini deyib.
İclasda iştirak edən Milli Məclisin deputatları Azay Quliyev, Səbinə Xasayeva, Elşad Musayev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, şəhid atası Şahin Sadıqov, Rayon Sukanal İdarəsinin rəisi Dəyanət Seyidəliyev çıxışlarında dövlətimizin başçısının uğurlu siyasətinin Binəqədi rayonunda da ictimaiyyət tərəfindən davamlı şəkildə dəstəkləndiyini vurğulayıblar.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 2-ci ərazi sektorunun müdiri Natiq Əliyev çıxışında Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəfləri barədə geniş məlumat verib, rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri diqqətə çatdırıb.
Sonra hesabat iclasının iştirakçıları adından dövlətimizin başçısına müraciət qəbul edilib və müraciətin mətni oxunub.
Sonda 2026-cı ildə rayonda qarşıda duran vəzifələrlə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.