RU

Dünyamıza başqa planetdən gəlmiş insan

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Araz Dadaşzadə - 90. Filologiya elmləri doktoru, Əməkdar Elm xadimi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycan ədəbi-elmi ictimaiyyətinin ensiklopedist alim kimi tanıdığı bu şəxsiyyətin anadan olduğu gündən artıq 90 il ötür. İnsan bu barədə düşünəndə özünü, istər-istəməz, həmin rəqəmin mistik ağırlığı altında hiss edir, tarixin və həyat adlanan mahiyyətcə məchul bir hadisənin soyuq xronoloji ardıcıllığından doğan gerçəkliyin buzlu nəfəsini, sanki bütün əzaları ilə duyur. Burada məsələnin məğzi heç də haqqında bəhs edəcəyim alimin ömrünün erkən qırılması ilə bağlı deyil.

Akademik Məmməd Arifin və Azərbaycanın ilk qadın alimlərindən olan Zümrüd Axundovanın ailəsində dünyaya göz açan Araz Dadaşzadə valideynlərinin yeganə övladı idi. Uşaq yaşlarından öz üzərində ciddi çalışar, zəngin mütaliə və müşahidə sayəsində biliklərini fasilə vermədən artırardı. Söz yox ki, ailə mühiti və əldə etdiyi biliklər onun gələcəkdə humanitar elmlər sahəsində fəaliyyət göstərməsini əvvəlcədən şərtləndirirdi. Qeyd etmək gərəkdir ki, ötən əsrin birinci yarısında keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycan cəmiyyətində hökm sürən ümumi vəziyyət indikindən köklü surətdə fərqlənir, spesifik çalarlar daşıyırdı. O dövrdə insanlarda elmə, biliyə, ədəbiyyata, incəsənətə böyük, həm də səmimi hisslərə söykənən maraq var idi. Totalitar-avtoritar rejimin bütün basqılarına baxmayaraq, Azərbaycan və nəinki Azərbaycan, ümumən sovet elmi və mədəniyyəti sürətli inkişaf yolunda idi. Bu, ilk baxışda, paradoksal vəziyyət sözün hər mənasında bir fenomen kimi qiymətləndirilə bilər və dünyada ilk sosialist dövlətinin artıq 35 ildir ki, tarixin arxivinə köçməsinə baxmayaraq, həmin fenomenin dolğun və obyektiv, ən əsası isə, qərəz və konyunkturadan uzaq izahını verən tapılmır.

A.Dadaşzadə erkən yaşlarından elm və mədəniyyətin müxtəlif istiqamətlərinə maraq göstərirdi. Bədii ədəbiyyat, teatr, kino, musiqi, təsviri sənət, müxtəlif elmi ixtiralar, şahmat, idman yarışları və s. onun hərtərəfli bir şəxsiyyət və vətəndaş kimi formalaşması və inkişafında müstəsna əhəmiyyət daşımışdır. O zaman mövcud olan, sözün əsl mənasında, ziyalı mühiti, səviyyə və dünyagörüşü etibarilə yaxın adamlarla ünsiyyət və fikir mübadiləsi də, sözsüz ki, öz müsbət təsirini göstərirdi.

A.Dadaşzadə ilk təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdində orta ixtisas musiqi məktəbində almışdı. O, burada özü kimi ziyalı ailəsindən çıxan və sonralar ədəbiyyatımızın, mədəniyyətimizin görkəmli nümayəndələri kimi tanınacaq Xəyyam Mirzəzadə, Emin Sabitoğlu, Anar, Yusif, Vaqif Səmədoğlular və digərləri ilə bir yerdə oxumuşdu. Əlamətdar haldır ki, onların hamısı doğma dilimizdə təhsil alırdı və bu gerçəklik həmin uşaqların valideynlərinin milli əqidə və vətəndaşlıq hissindən, habelə ətrafda tüğyan edən ruslaşdırma siyasətinə qarşı daxili etirazından doğurdu. Kifayət qədər keyfiyyətli musiqi təhsili alan A.Dadaşzadə günlərin birində qəflətən təhsilini yarımçıq qoyub başqa bir məktəbə keçməyi üstün tutdu və burada da onun həyatı, daha doğrusu, son məktəb illəri Arif Babayev, Altay Zahidov, Valid Sənani, Ağası Hacıyev kimi bir müddət sonra özlərini Azərbaycanın tanınmış şəxsləri qismində təsdiq edən dəyərli yeniyetmə və gənclər arasında davam etdi. Məhz belə bir münbit mənəvi atmosferdə A.Dadaşzadə, ilk növbədə, humanitar elmləri dərindən mənimsəyərək, özünü çətin, lakin mühüm əhəmiyyətə malik alimlik peşəsinə hazırlayırdı. Təsadüfi deyil ki, güclü analitik düşüncə sahibi olan bu gənc fəlsəfə sahəsinə böyük maraq göstərirdi və 1952-ci ildə imtahan verərək Azərbaycan Dövlət Universitetinin məhz fəlsəfə fakültəsinə qəbul olundu. Lakin cəmi bir il sonra bu fakültə dövlət tərəfindən, indiyədək məlum olmayan səbəblərə görə, qapandı və A.Dadaşzadə təhsilini universitetin tarix fakültəsində davam etdirməli oldu. Universitet təhsili gələcəyin alimi üçün faydalı bir səciyyə daşıdı. Beləliklə, tarixi-siyasi proseslərin cərəyan etdiyi dövrlərin özünəməxsus xüsusiyyətləri, bu prosesləri doğuran səbəblərin mahiyyəti və ayrı-ayrı hadisələrin dəqiq xronologiyası barədə tarixçi kimi qazandığı biliklər, sonralar filologiya sahəsini seçən tədqiqatçı üçün ədəbiyyatı daha dərindən anlamaq və geniş ictimai-siyasi müstəvidə təhlil etməkdə əvəzedilməz bir dayaq oldu. Alimin həm Molla Pənah Vaqifin həyat və yaradıcılığına həsr olunmuş monoqrafiyasında, həm də “XVIII əsr Azərbaycan lirikası” əsərində sırf ədəbiyyatşünaslığa aid məsələlər dövrün ictimai-siyasi ab-havası, baş verən mühüm tarixi hadisələrlə uzlaşdırılmış şəkildə təqdim edilir ki, bu da ayrı-ayrı söz və şeir ustalarımızın şəxsiyyətinə, dünyagörüşunə gur işıq saçır və beləliklə, oxucunun nəzərində keçmişin böyük sənətkarlarının canlı obrazı ucalır. Şübhəsiz, bu cür təsvir üsulu Azərbaycan xalqının tarixi və mədəniyyəti haqqında zəngin bir təəssürat oyadır. Həmin səbəbə görə Vaqifin, Vidadinin, Ağa Məsihin, Şakir Şirvaninin və XVIII əsr milli poeziyamızın digər qüdrətli nümayəndələrinin ideya-estetik görüşləri, yaradıcılıq ədası haqqında daha dolğun və inandırıcı bir fikir formalaşır. Bununla yanaşı, vurğulamağa ehtiyac vardır ki, A.Dadaşzadənin bir alim kimi əsas tədqiqat obyekti görkəmli şair və dövlət xadimi M.P.Vaqifin poeziyası və fəaliyyəti olmuşdur. O, Vaqifin yaradıcılığına dair iki  monoqrafiya (Azərbaycan və rus dillərində), onlarla məqalə yazmışdır. 1968-ci ildə şairin 250 illik yubileyi Azərbaycanda böyük təntənə ilə qeyd olunduğu dönəmdə A.Dadaşzadənin müəllifi olduğu kitabça yeddi dildə, o cümlədən türk, ərəb, fars, ingilis və fransız dillərində işıq üzü görmüşdü.

Abbas Zamanov gənc alimi “vaqifşünaslığın saqqalsız ağsaqqalı” adlandırırdı. “Vaqifi hamımızdan yaxşı və dərin bilən gənc dostum Araza”, - bu isə şairə həsr olunmuş sanballı tədqiqatların müəllifi Əziz Şərifin Vaqifin rus dilində nəşr olunmuş şeirlər kitabındakı yadigar yazısıdır.

Tədqiqatçının mövzuya yanaşma tərzini, üslubunu təhlil edən filologiya elmləri doktoru Cavanşir Yusifli bu barədə belə bir fikir ortaya qoymuşdur: “Vaqif missiyası etibarı ilə köhnə şeirin, köhnə ifadə tərzinin manerasının dəyişməsi, mücərrəd hisslərin və duyğuların donunun açılması, bədii sistemə həyat aşılanması ilə məşğul olurdu... Şairin novator təfəkkürünü araşdıran bəzi tədqiqatçıların xüsusən Vaqif realizminə həsr etdiyi məqalə və monoqrafiyalarda, təəssüf ki, şairin obrazı yoxdur. Araz Dadaşzadə bu incəlikləri bildiyi üçün araşdırmanın yönünü düzgün istiqamətləndirməyə çalışırdı. Bu yanaşmada böyük bir mədəniyyət, geniş tədqiqatçı dünyagörüşü, eyni zamanda mətləbin incə məqamlarını fəhm etmə ustalığı birləşirdi”.

A.Dadaşzadənin elmi araşdırmaları təhlil dərinliyi və tarixi fonun parlaq təsviri ilə seçilirdi. Filosof Rəhman Bədəlovun  müşahidəsinə görə, Arazı oxuyanda həmişə təəccüblənirdin ki, o necə zaman məsafəsini dəf edir: alim XVIII əsr insanları haqqında elə danışırdı, sanki şəxsən tanıdığı, mübahisəyə girə biləcəyi adamlardan söz açırdı.

Ensiklopedik biliklərə malik A.Dadaşzadə ömrünün xeyli hissəsini milli ensiklopediyamızın hazırlanması və çapı işinə həsr etmişdir. O, hələ 60-cı illərdə Azərbaycan Ensiklopediyasının ilk redaksiya heyəti təşkil olunarkən, burada Ədəbiyyat, dil və incəsənət redaksiyasının müdiri olmuşdur. İlk ensiklopediyamızın birinci cildinin işıq üzü görməsində onun da payı vardır. Təəssüf ki, həmin unikal nəşrin növbəti cildləri müəyyən səbəblərə görə çap olunmadı, birinci cild isə məzmununda buraxılan “səhvlər”ə görə kənara qoyuldu və arada uzun müddət sürən durğunluq yarandı. Nəhayət, 1976-cı ildə ensiklopediyanın yeni redaksiya heyəti təsis olundu və A.Dadaşzadə bu dəfə həmin nəşrin Baş redaktorunun birinci müavini vəzifəsinə təyin edildi. Onu da deyim ki, milli təəssüb hissi güclü olan alim Azərbaycan Ensiklopediyasının nəşrinin xeyli yubanmasından çox narahat olur, Sovet İttifaqının digər xalqlarının bu işdə bizdən irəli getməsi ona ağır gəlirdi. Həmin vaxtdan etibarən A.Dadaşzadə özünün, demək olar ki, bütün enerjisini ensiklopedik nəşrin hazırlanmasına həsr etdi və bir müddət sonra Azərbaycan xalqının tarixində ilk dəfə olaraq 10 cildlik milli universal ensiklopediya mütəxəssis və oxucuların ixtiyarına verildi. Bu tarixi hadisə ilə bağlı Araz müəllimin yazdığı məqalədə aşağıdakı qürur aşılanmış sözlər necə də səciyyəvidir: “Ensiklopediyanın nəşri  həm də Azərbaycan dilinin  bir təntənəsidir; bu, həmin dilin elmin və texnikanın ən mürəkkəb, ən yeni sahələri haqqında bütün informasiyanı ifadə etməyə, ən incə məna çalarlarını dəqiq şəkildə çatdırmağa qadir olduğunu bir daha təsdiqləyirdi”.  

Amma əvvəlcə Ensiklopediya nəşrinin Baş redaktorunun birinci müavini, daha sonra isə Baş redaktoru vəzifəsində gecə-gündüz çalışan, bu fəaliyyətində çox ağır bir zəhmətə qatlaşan Araz Dadaşzadə sağlamlığını tükəndirdi. Xalqımız öz tarixində ilk milli ensiklopediya əldə etsə də, bu nəşrə faktik olaraq rəhbərlik edən şəxs ağır xəstəlik “qazandı”.

Yuxarıda qeyd etdiyimiz kimi, A.Dadaşzadənin maraq və bilik dairəsi çox geniş idi. Yazıçı Elçin  onu “dahi oxucu” adlandırırdı. Əlavə edərdim ki, o, həm də  çox həssas dinləyici və tamaşaçı idi.  Araz müəllim yalnız elmi və elmi-təşkilati fəaliyyətlə kifayətlənmir, imkan tapdıqca, yeni nəşr olunan kitablarla tanış olur, kinofilm və teatr tamaşalarını, o cümlədən SSRİ-nin ayrı-ayrı respublikalarından Bakıya qastrol səfərinə gəlmiş teatr kollektivlərinin tamaşalarını izləyir, müxtəlif sərgiləri diqqətsiz qoymur, filarmoniyada klassik və müasir musiqi konsertlərini dinləyir, bir sözlə, mədəni həyatın axarı ilə daim təmasda olurdu. Lakin ədəbiyyat və incəsənətə belə bir fanatik bağlılıq sırf seyrçi mövqe ilə məhdudlaşmırdı. Heç də təsadüfi deyil ki, Araz Dadaşzadə müxtəlif məzmunlu kitablar, tamaşalar, bədii filmlər (məsələn, “Kral Lir”, “Dədə Qorqud”, “Dərviş Parisi dağıdır”) haqqında rəy və resenziyalar qələmə almışdır.

Belə bir faktı da qeyd etmək olar ki, həyatımızın müəyyən çağında klassik və ümumiyyətlə ciddi musiqiyə maraq azalanda, filarmoniya və digər konsert salonlarında boş yer və hətta sıraların sayı artanda, o, yenə də musiqi axşamlarını diqqətsiz qoymur, musiqiçilərimizə mənəvi dəstək göstərirdi. Hətta Azərbaycan Dövlət Simfonik Orkestrinin bəzi musiqiçiləri ona deyərdilər ki, Araz müəllim, sizi zalda görəndə, ruhlanır və əsəri daha yaxşı ifa etməyə çalışırıq, çünki hiss edirik ki, bizim sənətə də ehtiyacı olan insanlar vardır.  

Ümumiyyətlə, atamızın mənəvi dünyası hüdudsuz idi: burada “Dədə Qorqud” və Fellini filmləri, şahmat və müxtəlif xalqların  milli rəqsləri, dünya  ədəbiyyatı və “Qaragilə” el nəğməsi, Ü.Hacıbəyli (“Koroğlu”nu əzbər bilirdi!), Q.Qarayev və İ.Stravinski musiqisi, jazz və S.Bəhlulzadə tabloları çox  ahəngdar və təbii bir-birini tamamlayırdı.

O, illər boyu Azərbaycan televiziyası və radiosunda milli ədəbiyyatımıza həsr olunan verilişlərin müəllifi və aparıcısı olmuşdur. Buradaca məlumat verməyə ehtiyac duyulur ki, hələ çox gənc yaşlarında Araz hekayə və felyetonlar yazmış və onun qələminin bu məhsulu “Azərbaycan” və “Kirpi” kimi nüfuzlu jurnallarda çap olunmuşdur. Lakin o, hansısa səbəbə görə bədii yaradıcılığı kənara qoymuş və diqqətini büsbütün elmi araşdırmalara yönəltmişdir. Maraqlıdır ki, sonrakı dövrlərdə alim, A.Zöhrabbəyovun “Odlar diyarı” romanının motivləri əsasında tarixi mövzuda kinofilmin ssenarisini yazmış (təəssüf ki, bu ssenari əsasında filmin çəkilişi baş tutmamışdır.), cizgi filmləri və diafilmlər üçün də ssenari mətnləri hazırlamışdır. Onun ssenarisi əsasında 1972-ci ildə çəkilmiş “Tülküyə uyduqda” multfilmi (rejissor M.Rəfiyev) ilk genişekranlı Azərbaycan kukla cizgi filmidir. A.Dadaşzadə dünya ədəbiyyatından nümunələri ana dilimizə  çevirmişdir və həmin tərcümə əsərləri sayca çox olmasa da, mütərcimin üzərində işlədiyi materiala həssas münasibəti, hər bir cümlə və ifadənin dəqiq, dürüst mənasını tapması, dilin bədii obrazlılığı ilə diqqəti cəlb edir.

Alim ədəbiyyat və mədəniyyət aləmində şərti olaraq “altmışıncılar” adlanan nəslin Azərbaycan ədəbiyyatşünaslığı və tənqidi üzrə ən parlaq nümayəndələrindən biri olmuşdur. SSRİ kimi nəhəng bir dövləti uzun müddət idarə etmiş qəddar Stalin rejimi laxladıqdan sonra mütərəqqi sovet gənclərinin, ilk növbədə də ziyalılarının şüur və qəlbində cəmiyyətin inkişafı ilə bağlı böyük ideyalar, gələcəyə müəyyən ümidlər, rüşeym halında olsa da, kök salmışdı. Həmin əhvali-ruhiyyənin bəzi cizgiləri Dadaşzadənin ötən əsrin 50-ci illərinin ikinci və 60-cı illərinin birinci yarısında yazdığı əsər və məqalələrdə, etdiyi məruzə və çıxışlarda özünü müəyyən dərəcədə göstərir. Lakin tarixi-siyasi hadisələrin gedişi yeni yaranan kövrək ümidlərin üzərindən xətt çəkdi.

A.Dadaşzadə Azərbaycan ədəbiyyatşünaslıq elmini dəfələrlə respublikamızdan kənarda, mötəbər elmi konfrans və simpoziumlarda təmsil edərək, məzmunlu məruzələr müəllifi kimi yadda qalmışdır. O, bir neçə dəfə Azərbaycan Yazıçılar İttifaqının qurultaylarında da ədəbiyyatımızın ayrı-ayrı problemlərinə toxunan məruzələr etmişdir. Qayğıkeş və diqqətcil bir insan kimi Araz müəllim elmi kadrların yetişdirilməsinə xüsusi diqqət verirdi. Onun rəhbərliyi ilə gənc tədqiqatçılar ciddi elmi axtarşlar aparır, müvafiq mövzu üzərində çalışaraq dissertasiya işlərini müdafiə edir və elmi dərəcə alırdılar. Rəhman Bədəlovun etirafı da səciyyəvidir: “Araz olmasaydı mən  nə alim olacaqdım, nə də dünya haqqında bəzi dayaz fikirlərimdən ayrılacaqdım...”

Araz Dadaşzadə xarakter etibarilə çox xeyirxah və nəcib, sözünə və əməlinə sadiq bir ziyalı idi, köməyə ehtiyacı olan adamlara yardım əli uzadardı. Ona görə də həm ailədə, həm dostları arasında, həm də cəmiyyətdə hörməti var idi.  Bu yerdə Cabir Novruza müraciət edək: “Araz haqsızlığa, nadanlığa dərhal reaksiya verirdi. Ən çətin vaxtlarda daxili zənginliyini hər cür həmlələrdən az qala əlinə qılınc alıb qoruyardı. Həyatı boyu heç kəsə  balaca da olsa, yamanlıq etməmiş, bir bəd əməl işlətməmişdi. Mənə elə gəlirdi ki, o insanlar içinə ayrı planetdən düşmüşdü”.

Professor Gülrux Əlibəyli “Arazın mənəvi aləmi” adlı xatirə yazısında A.Dadaşzadənin şəxsiyyətini belə dəyərləndirir: “...İnsan təkrarsızdır, insan əvəzedilməzdir, insan – mütləq varlıqdır... Mənən dolğun şəxs, gözə çarpacaq dərəcədə qüvvətli iz qoyub gedir. Onun ruhu, fikir və ideyaları, onun təbiətindən saçan xüsusi işıqlı şüalar dərin iz salır – ailəsinin, dostlarının, xalqının qəlbində... Araz Dadaşzadə bu cür şəxsiyyətlərdən idi... Hər şeydə, hər addımda Arazın əsil-nəcabətindən gələn və əsl azərbaycanlıya xas olan daxili mədəniyyət və ziyalılığı görünürdü”.

Atamız Arazın müvəffəqiyyətlərinin təməlində duran  başlıca  amil ailədəki iqlim idi – mülayim və xoş. Həmin iqlimi anamız Aida xanım təmin edirdi. Böyük riyaziyyatçı,  funksional analiz məktəbinin banisi Zahid Xəlilovun bacısı olan Aida xanım dəqiq elmlərə meyl göstərsə də, ali təhsilini bioloq kimi başa vurmuşdu. O, 1970-ci ildə “Məhəmməd Füzulinin təbii-elmi görüşləri” kimi çox maraqlı və mürəkkəb bir mövzuda dissertasiya müdafiə edib elmlər namizədi dərəcəsini almışdır. Mövzu seçiminə evdəki filoloqların təsiri heç bir şübhə doğurmur. Bütün elmi uğurlarına baxmayaraq, Aida xanım həyatının əsas hissəsini ailəyə həsr etdi: qayınanası Zümrüd xanımın vəfatından sonra  məişət qayğılarını üzərinə götürdü, həyat yoldaşına, bizə - anamız bizim ən əsas müəllimimiz idi - əsl dayaq olmuşdur. Bizi, övladları, bu iki insan arasında mövcud olan nadir harmoniya – ümumi əqidə, ortaq maraqlar və sənətə dərin sevgi  həmişə heyran edirdi. Həmin heyranlıq zaman keçdikcə azalmadı, əksinə, özümüz ailə və övlad sahibi olduqdan sonra daha da dərinləşdi.

İş elə gətirdi ki, Araz Dadaşzadə nə SSRİ-nin süqutunu və Azərbaycanın yenidən müstəqillik qazanmasını (bu, onun ən böyük arzusu idi!), nə birinci Qarabağ müharibəsini və torpaqlarımızın 20 faizinin işğalını, nəhayət, 2020-2023-cü illərdə əzəli Vətən ərazimizin şanlı əsgərlərimiz tərəfindən yad, düşmən ünsürlərdən tamamilə təmizlənməsini görə bildi. Əgər böyük tarixi qələbə ilə bitən ikinci Qarabağ savaşının nəticələri haqqında məlumatı olsaydı, söz yox ki, sonsuz qürur hissi keçirərdi.  Lakin o, 1990-cı ildə Qanlı Yanvar və Azərbaycan xalqının başına gətirilən müsibətlərin şahidi oldu və bu hadisə onun taqətdən düşmüş xəstə vücuduna vurulan ölümcül bir zərbə idi. Həmin hadisədən cəmi bir neçə ay sonra Araz Dadaşzadə həyatla vidalaşdı.

Atamızın ölümündən az qala dörd onillik ötsə də, həmin vaxtdan etibarən çox sular axıb getsə də, mənim və bacım Zümrüdün hələ də onun müdrik fikirlərinə, ağıllı məsləhətlərinə ehtiyacımız vardır. Onu da əlavə edim ki, bizim də yaşımız az deyil və ömrümüzün elə çağındayıq ki, digərlərinə məsləhət verə bilərik.

Böyük filosof və yazıçı Jan-Pol Sartr vaxtilə belə bir fikir söyləmişdi: “Həyatın mənası yoxdur, ona görə də mən özüm həmin mənanı yaratmaq məcburiyyətindəyəm!”. Bəli, Araz Dadaşzadə heç nədən məna yaratmağı bacaran nadir şəxsiyyətlərdən idi və bu məna xalqa, insanlara, elmimizə və mədəniyyətimizə təmənnasız xidmət üzərində qurulmuşdu. O, təəssüf ki, sıralarımızı yaşı heç 55-ə çatmamış tərk etdi. Yaşasaydı, bu il yanvarın 30-da doxsan yaşı tamam olacaqdı...

Aqşin Dadaş-zadə, 

Filologiya üzrə fəlsəfə doktoru

Dünyamıza başqa planetdən gəlmiş insan

Dünyamıza başqa planetdən gəlmiş insan

Dünyamıza başqa planetdən gəlmiş insan

Dünyamıza başqa planetdən gəlmiş insan

Dünyamıza başqa planetdən gəlmiş insan

Dünyamıza başqa planetdən gəlmiş insan

Dünyamıza başqa planetdən gəlmiş insan

Dünyamıza başqa planetdən gəlmiş insan

Dünyamıza başqa planetdən gəlmiş insan

Dünyamıza başqa planetdən gəlmiş insan

Dünyamıza başqa planetdən gəlmiş insan

Dünyamıza başqa planetdən gəlmiş insan

Dünyamıza başqa planetdən gəlmiş insan

Dünyamıza başqa planetdən gəlmiş insan

Dünyamıza başqa planetdən gəlmiş insan

Dünyamıza başqa planetdən gəlmiş insan

Şəkil sayı: 16

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
50
525.az

10Источники