RU

Ştatlarının ləğvinin teatrların inkişafına təsiri yaxın vaxtlarda bəlli olacaq - RƏY

BAKI, 30 yanvar. TELEQRAF

Mədəniyyət Nazirliyinin qərarına əsasən dövlət teatrlarında struktur dəyişiklikləri həyata keçirilib. Qərara uyğun olaraq, baş rəssam və bədii rəhbər vəzifələri ləğv edilib. Eyni zamanda bir sıra texniki vəzifələr funksional xüsusiyyətlərinə uyğun olaraq yeni adlarla təsdiqlənib.

Teleqraf mövzunun aktuallığını nəzərə alaraq, qərarın mümkün müsbət və mənfi təsirlərini araşdırmaq məqsədilə tanınmış incəsənət xadimlərinin, teatr rejissorlarının və sahə üzrə ekspertlərin mövqeyini öyrənib.

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə deyib ki, Mədəniyyət Nazirliyinin qərarı ilə teatrlarda bədii rəhbər və baş rejissor ştatlarının ləğv edilməsi ilə bağlı əlavə şərhi yoxdur: "Müvafiq əmr artıq verilib və bu mərhələdə hər hansı şərhin xüsusi əhəmiyyəti yoxdur. Hesab edirəm ki, qəbul olunmuş rəsmi qərarla razılaşmaq lazımdır.

Teatrlarda bədii rəhbər və baş rejissor ştatlarının ləğvinin teatrların müsbət inkişafına səbəb olub-olmayacağı isə yaxın zamanlarda öz nəticəsini göstərəcək".



Xalq artisti Hacı İsmayılov isə bildirib ki, bu qərar nəticəsində teatrlarda bir nəfərin şəxsi təşəbbüsü deyil, kollegial şəkildə aparılmış müzakirələr və birgə iş təqdim ediləcək: "Dövlət tərəfindən teatrlara göstərilən diqqət də məhz onların inkişafını təmin etmək, təkmilləşmə və müasir dəyişikliklərə şərait yaratmaq məqsədi daşıyır. Köhnə idarəetmə mexanizmləri ilə fəaliyyət göstərməyin artıq faydası yoxdur.

Hazırda bu qərarın gələcək nəticələrinin necə olacağını dəqiq söyləmək çətindir. Lakin köhnə yanaşmalarla irəliləmək mümkün deyil və yeni addımların atılması zəruridir. Düşünürəm ki, bu dəyişikliklər teatrların xeyrinə olacaq. Mənfi nəticələr barədə isə indidən fikir bildirmək doğru olmaz. Bunun müsbət və ya mənfi tərəfləri yalnız iş prosesində aydınlaşacaq.

Bu dəyişikliklərin yaradıcı plüralizmi genişləndirib, monopoliyanın qarşısını alıb-almayacağını zaman göstərəcək. Qeyd etmək istərdim ki, heç kim işindən kənarlaşdırılmır. Teatr kollektivinin bütün üzvləri öz fəaliyyətlərini davam etdirir və əməkhaqları saxlanılır. Ştat cədvəlində ciddi dəyişiklik yoxdur, yalnız “baş rejissor”, “baş rəssam” kimi bəzi vəzifə adları ləğv edilib. Görünür, mövcud dövr teatrların idarə olunmasında fərqli yanaşmalar tələb edir və bu səbəbdən yeni model üzərində işlənilir.

Tamaşaların hazırlanması məsələsinə gəldikdə isə, hazırda Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrında nə baş rejissor, nə də bədii rəhbər vəzifəsindədir. O, quruluşçu rejissorlardan biridir. Tamaşa hazırlayıb-hazırlamamaq onun şəxsi qərarıdır və bu məsələni özü müəyyənləşdirəcək".

Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov teatrlarda bədii rəhbər və baş rejissor ştatlarının ləğv edilməsi məsələsinin zamanla müzakirə edildiyini vurğulayıb: "Bu məsələ bu günün mövzusu deyil. Təxminən 30 il əvvəl də zaman-zaman gündəmə gətirilirdi, sadəcə mətbuatda geniş işıqlandırılmırdı. Müxtəlif dövrlərdə nazirlərin iştirakı ilə dəyirmi masalar keçirilir, müzakirələr aparılırdı, lakin həmin vaxtlarda heç kim bu məsuliyyəti üzərinə götürərək baş rejissor və ya bədii rəhbər vəzifələrinin ləğvinə risk etmirdi.

Bir dövr direktor-bədii rəhbər modeli mövcud oldu. Bəzi hallarda rejissorlar həm bədii rəhbər, həm də direktor vəzifəsini icra etdilər. Daha sonra baş rejissorun direktor vəzifəsini icra etdiyi mərhələlər yaşandı və yenə də bu məsələ ətrafında müzakirələr davam etdi.
Nəhayət, belə bir qərarın qəbul olunmasını müsbət qiymətləndirirəm və baş rejissor ştatının ləğv edilməsini düzgün addım hesab edirəm. Bu, müasir teatr idarəçiliyinə uyğun yanaşmadır və Rusiya-Avropanın bir çox teatrlarında da tətbiq olunan modeldir. Burada əsas prinsip menecer-teatr anlayışıdır, teatrın direktoru olur və o, öz teatr konsepsiyasına uyğun olaraq köməkçilərini və müavinlərini müəyyənləşdirir. Bu yanaşma teatrın daha intensiv inkişafına şərait yarada bilər və düşünürəm ki, burada qorxulu heç nə yoxdur.

Bu qərarı alqışlamaq və gələcək prosesləri səbrlə izləmək lazımdır. Çünki teatr canlı sənətdir və canlı orqanizm kimi daim yenilənməyə ehtiyac duyur. Teatrın mahiyyəti yalnız hər gün tamaşa nümayiş etdirməkdən ibarət deyil, o, inkişaf etməli və dəyişməlidir. Mən bu dəyişikliklərə nikbin yanaşıram.

Tamaşaların keyfiyyətinə nəzarətin zəifləməsi ehtimalına gəldikdə isə, nəzəri olaraq hər şey mümkündür. Lakin teatrı idarə edən direktorun mütləq güclü komandası olmalıdır. Bu komanda kollegial formada fəaliyyət göstərə, bədii şura şəklində təşkil oluna bilər. Həmin şura aktyorlardan, rejissorlardan və teatr tənqidçilərindən ibarət ola bilər və bu, müsbət nəticələr verə bilər. Buna baxmayaraq, yenə də prosesin nəticələrini görmək üçün zaman lazımdır.

Hesab edirəm ki, bu qərar teatrlar üçün təhlükəli deyil, əksinə, yeni imkanlar açır. Dəvətli rejissorların sayı arta, təkcə Azərbaycandan deyil, xarici ölkələrdən də rejissorlar teatrlarla əməkdaşlığa cəlb oluna bilər. Teatrlara verilən yaradıcılıq azadlığı isə son dərəcə dəyərlidir. Burada qorxulu heç nə görmürəm.

Əgər bu model özünü doğrultmasa, gələcəkdə alternativ idarəetmə modellərinə keçmək də mümkündür. Ümumilikdə teatrlarda iki əsas model mövcuddur: baş rejissor-direktor modeli və menecer-teatr modeli, yaxud bədii rəhbər modeli. Bədii rəhbər institutu əsasən sovet dövrünə xas olub. Bu gün həmin ənənəni daşıyan şəxslər demək olar ki, yoxdur. Məhz buna görə də teatrın idarə olunması məsuliyyətini direktorlar üzərinə götürürlər. Nəticədə, teatrın əsas idarəedicisi direktor olur, biz isə onlara dəstək veririk, onlar da bizə. Bu reallığı qəbul edib, əməkdaşlıq şəraitində işləmək lazımdır".

Избранный
36
11
teleqraf.com

10Источники