AZ

Baş rejissorsuz qalan teatrlar, yaxud köhnə idarəetmənin ləğvi - ARAŞDIRMA

Artıq uzun illərdir bir sıra teatrlar baş rejissorsuz qalıb. Sənət cameəsi bu vəzifələrə təyinatların nə vaxt həyata keçiriləcəyini səbirsizliklə gözlədiyi vaxtda Mədəniyyət Nazirliyi “Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələrinin, struktur və ştat cədvəllərinin yenidən işlənərək təsdiqlədiyini açıqladı.

Dövlət teatrları “baş”sız qalır?

Yeni qərara əsasən, 23 dövlət teatrında baş rejissor, baş rəssam və bədii rəhbər ştatları ləğv edilir, bunun əvəzinə sənət ocaqlarında müvafiq şöbələr yaradılır. Yeni yanaşmaya uyğun olaraq mövcud idarəetmə strukturunda yer alan baş rejissor, baş rəssam, bədii rəhbər və digər oxşar vəzifələr yeni struktura daxil edilməsələr də, onların funksiyaları daha çevik və nəticəyönümlü idarəetmə modeli çərçivəsində yenidən bölüşdürülüb.

Yenilənmiş strukturda teatrların fəaliyyətinin daha sistemli təşkili üçün strategiya və kommunikasiya şöbəsi, yaradıcı şöbə, artist heyətinin idarəedilməsi və digər funksional bölmələr yaradılıb.

Nazirlikdən qərarla bağlı verilən izahda qeyd edilib ki, bu bölmələr teatrın həm yaradıcılıq, həm də təşkilati fəaliyyətinin daha effektiv idarə olunmasına xidmət edir.

Bəs görəsən, teatr xadimləri özləri bu barədə nə düşünür? Sənət ocaqlarındakı mövcud ştatların ləğvi onların yaradıcı fəaliyyətinə necə təsir göstərəcək?

“Uzun illərdir Akademik Milli Dram Teatrında baş rejissor vəzifəsi yoxdur”, - bunu APA-ya Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyib.

Belə çıxır ki, “Azdrama” yeni qərara əvvəldən uyğunlaşıbmış və mövcud dəyişikliklər teatrın fəaliyyətində mənfi təsir yaratmayacaq.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Samirə Əşrəf də təxminən eyni cavabı verərək 2023-cü ildən etibarən teatrın baş rejissorsuz fəaliyyət göstərdiyini qeyd edib.

Lənkəran Dövlət Dram Teatrında isə 2025-ci ildən etibarən teatrda baş rejissor vəzifəsi vakantdır.

Gəncə Dövlət Milli Dram Teatrında isə mənzərə bir qədər başqadır: Teatrın direktoru vəzifəsini müvəqqəti icra edən Elşad Əhmədov baş rejissor vəzifəsinin də öhdəsindən gəlir.

Lakin bu o demək deyil ki, teatrlarımızın hamısı baş rejissorsuz qalıb. Azərbaycan Dövlət Kukla Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Yuğ Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı və İrəvan Dövlət Azərbaycan Dram Teatrında bu ştat yeni qərara qədər mövcud olub.

Baş rejissor təkcə tamaşa quran adam deyil

Belə çıxır ki, teatrlarımızın bəziləri bu illər ərzində baş rejissorsuz, bəziləri də baş rejissorlu fəaliyyət göstərib.

Əməkdar incəsənət xadimi, teatr rejissoru Bəhram Osmanov bildirir ki, Azərbaycana qonşu ölkələrdə də bu ştatın olub-olmaması teatra görə dəyişir:

“Elə teatrlar var ki, onları direktorlar idarə edir. Bütövlükdə baş rejissor tərbiyəçidir, aktyorların inkişafı üçün çalışan adamdır, təkcə tamaşa quran şəxs deyil. Amma hansısa teatr kollegial şəkildə idarə oluna bilirsə, bu da yaxşıdır. Bu praktikadan da keçmək lazımdır. Bunu faciə kimi qəbul etmək olmaz, teatrda belə hallar olur, bəlkə də olmalıdır. Rusiya teatrlarının bir çoxunda bədii rəhbər, baş rejissor yoxdur. Direktorun yaradıcı işlər üzrə müavini var. Onlar da çox hörmətli rejissorlardır və həmin vəzifəni icra edirlər. Əgər bu çıxış yoludursa, bunu dəstəkləmək lazımdır. Gələcək 5–10 ildə nə olacağını proqnozlaşdırmaq çətindir, bəlkə yenidən köhnə sistemə qayıdacaqlar”.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Talıbzadə isə hesab edir ki, teatrda bütün yaradıcılıq prosesi baş rejissorun, onun sənət manifesti ətrafında fırlanır, cərəyan edir, rəqsə gəlir:“O, ilk növbədə kollektivi, əsasən də həmfikirlərini teatra toplayır, truppanın tərkibini müəyyənləşdirir. Bu, teatrın daha çox təşkilatlanması ilə bağlı məsələdir. Çətini, mürəkkəbi və teatr sənəti üçün fundamental olanı isə teatrın inkişaf konsepsiyasının müəyyənləşdirilməsi, inkişaf strategiyasının seçilməsidir. Çünki bu konsepsiya və strategiya kollektiv üçün çox mühüm motivasiyadır”.

Seçilən
20
4
aznews.az

5Mənbələr