RU

Autsayderlər və liderlər qrupu üçün kritik tur

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Karvan-Yevlax” “Sumqayıt”ı qəbul edəcək. Digər görüşdə “Qəbələ” “İmişli”nin müqavimətini qırmağa çalışacaq.

30 yanvar, 14:30 Karvan-Yevlax – Sumqayıt

Autsayder “Karvan-Yevlax” bu mövsüm 17 oyunda cəmi 1 qələbə qazanıb. Ötən turda “Kəpəz” və “Qəbələ”nin qələbə qazanması komandalar arasındakı xal fərqini artırıb. Füzuli Məmmədovun yetirmələri üçün bu matç kritik önəm daşıyır. “Kəpəz” və “Qəbələ” də rəqiblərini doğma meydanda qəbul edəcək və bu turda da qazanılacaq qələbələr yevlaxlılar üçün xal itirəcəkləri halda, daha çətin situasiya yaradacaq.

“Sumqayıt” isə ötən turda “Turan Tovuz”a məğlub olub. Çempionatda əsas iddiası liqada qalmaq olan və mümkün qədər yuxarı sıralarda qərarlaşmaq olan “kimyaçılar” demək olar, minimum hədəfə çatıb. Avrokubok zonasına yaxın olan “gənclik şəhəri” təmsilçisi iki xal öndə olan “Zirə”nin “Sabah”la matçı olması səbəbindən bu görüşdə qələbə qazanmaq mühümdür.

30 yanvar, 17:00 Qəbələ – İmişli

İkinci dövrəyə “Şamaxı” üzərində 4:0 hesablı qələbə ilə başlayan “Qəbələ”də hədəf seriya yaratmaqdır. Kaxaber Sxadadzenin yetirmələri qış fasiləsinin ən aktiv komandalarındandır və klub güclənmək istiqamətində işləri davam etdirir. Komandaya yeni qoşulan İsmaheel Akinade və Seydu Keyta ilk oyundan fayda verməyi bacarıb. “Qəbələ”nin hazırkı durumu və “İmişli”nin qeyri-stabil çıxışı meydan sahiblərini favorit edir. “Qəbələ” bu turda da qələbə qazanmaqla autsayderlər zonasından uzaqlaşmağı planlaşdırır.

“İmişli” isə ötən turda “Araz-Naxçıvan”la oyunda qələbəni son dəqiqədə əldən verdi. Jorj Jaşkilyanın yetirmələri üçün əsas hədəf liqada qalmaqdır və indiki məqamda autsayderlə xal fərqi 12-dir. Bölgə klubunun minimum hədəfə nail olduğunu demək olar.

31 yanvar, 14:30 Kəpəz – Şamaxı

Premyer Liqada ötən turda “Qarabağ”a qalib gəlməklə sürprizə imza atan “Kəpəz” qələbə seriyası yaratmaq arzusundadır. Azər Bağırovun yetirmələri son matçlarda xüsusilə hücum planında effektiv görünür. “Şamaxı” ilə matç komandanın real gücünü görməsi baxımından önəmlidir.

Ayxan Abbasovun rəhbərlik etdiyi “şirlər” ötən turda “Qəbələ”yə böyük hesabla uduzub və indi bunun təsadüf olduunu göstərmək niyyətindədir. Komandaların keyfiyyətini müqayisə etsək, “Şamaxı” bir addım öndədir. Lakin “Kəpəz”in liqada qalmaq arzusu və mövcud durumu gəncəliləri daha istəkli edəcək.

31 yanvar, 17:00 Zirə – Sabah

Turnir cədvəlinin lideri “Sabah” mövsümün kritik oyunlarından birinə çıxacaq. “Bayquşlar” son aylarda yaxşı forma yığıb və məğlubiyyətsiz yoluna davam edir. “Qarabağ”la 4 xallıq fərq yaradan “Sabah” bunu qorumaq üçün mütləq qələbə qazanmaq arzusundadır. “Atlılar” Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib və diqqəti məhz burdadır. “Qarabağ”ın bu durumundan yararlanmaq istəyən “Sabah” fərqin qoruması üçün Zirədən itkisiz qayıtmalıdır.

“Zirə” isə stabil oyunu ilə diqqət çəkir. Ötən turda “Neftçi” səfərindən bir xalla dönən “qartallar” avrokuboklara əsas namizədlərdəndir. Komandanın bu mövsüm əsas problemi heyətdəki itkilərlə bağlıdır. Buna baxmayaraq, “Zirə” intizamlı oyunu hesabına xal və ya xallar qazana bilir. Mövsümün ilk dövrəsində “Sabah”a məğlub olan və pis oyun sərgiləyən qəsəbə təmsilçisi revanş haqda düşünür və lideri büdrətmək komandada əalvə motivasiya yaradacaq.

1 fevral, 16:00 Araz-Naxçıvan – Neftçi

Baş məşqçi postuna Andrey Demçenkonu gətirən “Araz-Naxçıvan” dövrəyə bir xalla başladı. “İmişli” ilə Qubada keçirilən oyunda son dəqiqədə məğlubiyyətdən xilas olan naxçıvanlıların çalışdırıcısı xal itkisini meydançanın bərbad durumu ilə əlaqələdirdi. Komandanın real gücü məhz “Neftçi” ilə matçda bəlli olacaq.

“Neftçi” isə artıq itkilərə son verməyin arzusundadır. Ötən turda “Zirə”yə qarşı qolsuz heç-heçə edən “ağ-qaralar”ın oyun planında artırdığı hiss olunur. “Araz-Naxçıvan”la oyunda qazanılacaq qələbə komanda üçün yeni seriyanın başlanğıcı ola bilər. “Neftçi” avrokubok zonasından hələ uzaqlaşmayıb və mübarizəni davam etdirməçün belə matçlarda üç xalın önəmi daha böyükdür.

1 fevral, 18:30 Qarabağ – Turan Tovuz

Çempionlar Liqasında pley-offa yüksələrək tarixi uğur qazanan “Qarabağ”da motivasiya yüksək həddədir. Ötən turda “Kəpəz”ə uduzaraq liderlə fərqi açan “atlılar” tovuzlularla matçda məğlubiyyəti unutdurmaq niyyətindədir. Komandada əsas problem liqa oyunlarına köklənməklə bağlıdır. Lider “Sabah” daha tez oynayacaq və onların xal itirməsi “Qarabağ” üçün qələbəni daha önəmli edəcək.

“Turan Tovuz” isə çempionluq iddiası ilə başladığı mövsümdəhələlik üçüncü sıradadır. Komandanın ikinci “Qarabağ”la xal fərqi 6-dır. Ehtiyatda daha bir oyunu olan tovuzlular “atlılar” məğlub edib, ehtiyatdakı oyununu da üç xal kimi düşünsə, çempionluq yarışına yenidən qoşula bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
59
32
futbolpress.az

10Источники