RU

"İranı İsrail dağıda bilməz, amma İran İsraili dağıda bilər" - Politoloqdan ŞƏRH

"İsrail və İran arasında müharibə ehtimalı həddindən artıq yüksək bir səviyyədədir. Biz görürük ki, ümumiyyətlə, regionda vəziyyət heç də ürəkaçan deyil və prinsip etibarilə bu proseslərin önündə gedən İsrail siyasətidir. Daha dəqiq desək, Benyamin Netanyahunun siyasətidir. Çünki o, özünəməxsus bir mexanizm işləyib hazırlayıb və ortaya çıxarıb ki, sabitlik çökməsin, gərginlik isə daim yüksək səviyyədə qalsın, onun dərəcəsi durmadan artsın və nəhayət, əgər böyük bir fəlakət baş verərsə, təbii ki, bunun episentrində İran olsun və İran ya məğlub olsun, ya da məğlub edilsin".

Bu fikirləri Redaktor.az-a İran və İsrail arasındakı hazırkı gərgin münasibətlərdən bəhs edən politoloq Tofiq Abbasov bildirdi. Onun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu öz siyasəti ilə ən çox İsrail cəmiyyətində böyük nifrət qazanıb:

"Ona görə ki, bilirsiniz, bir ölkə dörd tərəfdən düşmənlə əhatə olunduğu halda müharibə carçısı ola bilməz. Amma Netanyahu məhz bu məntiqdən çıxış edir. Məlumdur ki, onun məhkəmələrdə üç işi var və bu işlərin hər üçü korrupsiya ilə bağlıdır, biri isə fırıldaqçılıqla əlaqəlidir. O da özünəməxsus şəkildə vəziyyəti gərginləşdirir, sonra cəmiyyətin diqqətini bu münaqişəli proseslərlə yayındırmağa çalışır ki, şəxsi məsələləri yaddan çıxsın və ya ikinci plana keçsin. Amma bu, düzgün yanaşma deyil. Bilirsiniz, bir məsəl var: ipin tərkibi nə qədər yumşaq olsa da, onun bir ucu var və o uca nə vaxtsa çatılır. Ona görə də bu prosesi nə qədər süni şəkildə uzatsa da, bunun sonu olmalıdır. Təbii ki, burada Netanyahunun bu xətti həm ölkə daxilində, həm də ətraf ölkələrdə çox pis qarşılanır".

Müsahibimiz qeyd etdi ki, bu məsələdə gizli bir plan da var:

"ABŞ, İsrail və Qərbin bəzi radikal qruplarının planına görə yeddi ölkə parçalanmalıdır. Müəyyən mənada bu proses artıq həyata keçirilib, Suriya, Livan, İraq, Somali, Sudan və nəhayət yeddinci ölkə kimi İran nəzərdə tutulur. İranın parçalanması və orada böyük bir vətəndaş qarşıdurmasının yaranması isə heç kəsə lazım deyil: nə bizə, nə Türkiyəyə, nə Pakistana, nə də ərəb ölkələrinin özünə. Halbuki bir çox hallarda həmin ərəb ölkələrini də gərginliyə sürükləyən məhz Netanyahunun siyasətidir. Bu səbəbdən Netanyahu indi öz imkanlarını olduğundan daha yüksək göstərməyə çalışır, guya böyük zərbələr endirəcəyindən danışır. Halbuki 12 günlük müharibəni xatırlamaq kifayətdir. O müharibənin carçısı da, ilhamvericisi də, təşkilatçısı da Netanyahu idi. O, tapşırıq vermişdi ki, İran bir günə çökdürüləcək. 2025-ci ilin 13 iyun günü İran xalqı üçün dəhşətli bir gün oldu. Ali hərbi komandirlər, alimlər hədəfə alındı, bir alim evində partlayışla öldürüldü və onunla birlikdə 11 ailə üzvü də həyatını itirdi. Bu, dəhşətli bir akt idi. Həmin axşam Netanyahu Vladimir Putinə zəng edərək İran məsələsini “həll etdiyini” bildirmişdi. Halbuki 12 saat keçməmiş İranın ali dini lideri Ayətullah Əli Xamenei çıxış edərək İsrailin çox böyük səhv etdiyini dedi və bunun cavabsız qalmayacağını vurğuladı.

Müharibənin 10–11–12-ci günlərində isə Netanyahu Donald Trampı yalvara-yalvara razı salmağa çalışdı ki, artıq imkanlarının tükəndiyini bildirərək kömək istəsin. Qərb mətbuatı bunu açıq şəkildə yazmışdı. Nəticədə Tramp qərar verdi ki, İranın nüvə obyektləri bombalansın və müharibə bununla bitsin. Müharibə bitəndən dərhal sonra isə Tramp dedi ki, artıq İrana zərbə olmayacaq və rejim dəyişikliyi planı yoxdur. Bu, əvvəlcədən razılaşdırılmış bir ssenari idi. Netanyahu Trampı inandırmışdı ki, məsələni özü həll edəcək. Amma nəticə tam əks oldu".

Politoloqun fikrincə, ikinci dəfə eyni avantüraya getmək təhlükəlidir.

"İranı İsrail dağıda bilməz, amma İran İsraili dağıda bilər. İranın ərazisi böyükdür, raket potensialı isə son dərəcə zəngindir. İsrailin isə cəmi 25-ə yaxın strateji obyekti var. İran onlardan ikisini sıradan çıxardı və bu, həm xəbərdarlıq, həm də humanist yanaşma idi. Şəhərlər deyil, hərbi obyektlər hədəf alındı. Netanyahunun istəyi odur ki, İran şəhərləri vursun və bu, ona dünya ictimaiyyətini İrana qarşı qaldırmaq üçün əsas versin. Amma əgər yenidən müharibə başlasa, bu dəfə İsrailin mövcudluğu məsələsi də gündəmə gələ bilər. Bu prosesi daim gərginliklə davam etdirmək mümkün deyil. İsrailin ərazisi kiçikdir və son müharibədən sonra bir milyondan artıq insan ölkəni tərk edib. Hərbi senzura isə dağıntılar və itkilərlə bağlı məlumatların yayılmasına qadağa qoyub. Halbuki Təl-Əviv, Ramat-Qan və Hayfanın bəzi əraziləri Qəzzanı xatırladacaq dərəcədə dağıdılıb. Bu proses son dərəcə təhlükəlidir. Netanyahu dili ilə, addımları ilə ehtiyatlı olmalı, səhvlərini ört-basdır etmək əvəzinə, ilk növbədə öz xalqı ilə düzgün dialoq qurmalıdır. Çünki İsrailin böyük şəhərlərində hər gün onun siyasətinə qarşı etiraz aksiyaları keçirilir. Eyni zamanda dünya ictimaiyyəti qarşısında da daha məsuliyyətli mövqe sərgiləməlidir", - deyə Tofiq Abbasov yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Избранный
22
1
redaktor.az

2Источники