RU

Məhkumun əmlakına həbs qoyulması ilə bağlı yeni qayda

Cərimənin məcburi tutulması qaydalarında dəyişiklik ediləcək.

Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünənki iclasında müzakirə olunan Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçiriləcək.

Bu halda cərimə ilk növbədə məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldiləcək.

Məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud məhkumun əməkhaqqı və ya başqa qazancı cərimənin tamamilə ödənilməsi üçün kifayət etmədikdə cərimə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldiləcək.

 

Bu halda "İcra haqqında" Qanunun tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı müddəaları tətbiq olunacaq.

Qüvvədə olan qanunvericiliyə görə, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada, yəni məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilməklə həyata keçirilir. Cərimənin tutulması o halda məhkumun əmək haqqına və ya başqa qazancına yönəldilir ki, onun əmlakı olmasın, yaxud bu əmlak cərimənin tamamilə ödənilməsi üçün kifayət etməsin.

Layihədə bildirilib ki, qanunvericilikdə məsələnin bu cür tənzimlənməsi təcrübədə icra prosesini ləngidir, icra tədbirlərinin isə bəzən cərimənin məbləği ilə qeyri-mütənasib nəticələrə səbəb olduğu müşahidə olunur.

Xüsusilə nisbətən kiçik məbləğli cərimələr üzrə yüksək dəyərli əmlaka həbs qoyulması və onun hərrac yolu ilə satışı həm vaxt itkisi, həm də əlavə prosedur xərcləri yaradır.

Cərimənin icrasında prioritet ardıcıllığın yenidən nəzərdən keçirilməsi, o cümlədən cərimənin ilk növbədə məhkumun əmək haqqına və ya başqa qazancına yönəldilməsi, icra prosesinin operativliyinin artırması və cərimə məbləğinə ekvivalent olmayan əmlaka həbs qoyulması və satış zərurətinin minimuma endirilməsini təmin etmək məqsədi ilə bu qanun layihəsi hazırlanıb.

Избранный
41
11
day.az

10Источники