BAKI, 29 yanvar. TELEQRAF
ABŞ-nin elektrik avtomobilləri istehsalçısı "Tesla" "Model S" və "Model X" avtomobillərinin istehsalını mərhələli şəkildə dayandırmağı planlaşdırır. Şirkət bu modellər üçün istifadə olunan Kaliforniya ştatının Frimont şəhərindəki zavodu insanabənzər "Optimus" robotlarının istehsalına yönəldəcək.
Teleqraf xəbər verir ki, bu barədə "Tesla"nın baş direktoru İlon Mask dördüncü maliyyə rübünün yekunlarına həsr olunmuş virtual mətbuat konfransında açıqlama verib.
“Bu xəbərləri tam mənfi adlandırmaq olmaz, lakin "Model S" və "Model X" proqramlarını başa çatdırmağın vaxtı çatıb və onları layiqli şəkildə tarixə göndəririk. Biz avtonomluğa əsaslanan gələcəyə doğru irəliləyirik. Əgər bu modelləri almaq istəyənlər varsa, indi sifariş vermək üçün uyğun zamandır, çünki növbəti rübdə onların istehsalını dayandırmağı planlaşdırırıq”, - deyə Mask bildirib.
Onun sözlərinə görə, Frimont zavodunda "Model S" və "Model X" üçün nəzərdə tutulan istehsal sahələri "Optimus" robotlarının istehsalı üçün yenidən qurulacaq. Mask qeyd edib ki, şirkətin uzunmüddətli hədəfi həmin zavodda ildə bir milyon "Optimus" robotu istehsal etməkdir.
Xatırladaq ki, İlon Mask insanabənzər robotların istehsalı ideyasını ilk dəfə 2021-ci ilin avqustunda irəli sürüb. "Optimus" robotu isə 2024-cü ilin oktyabrında ictimaiyyətə təqdim edilib. Mask daha əvvəl robotun qiymətinin 20–30 min dollar aralığında olacağını və geniş istifadə üçün əlçatan sayıldığını bildirmişdi.