RU

Ev tikmək istəyənlərə MÜHÜM XƏBƏR: Tikinti materiallarının qiyməti BELƏ OLACAQ

Son illər Azərbaycanda tikinti sektorunda müşahidə olunan qiymət artımları həm sahibkarların, həm də vətəndaşların diqqət mərkəzindədir. Xüsusilə, tikinti materiallarının bahalaşması yeni layihələrin icrasına, mənzil bazarına və ümumilikdə daşınmaz əmlak sektoruna birbaşa təsir göstərir. Mövsümi amillər, logistik xərclərin yüksəlməsi, idxaldan asılılıq və iqtisadi gözləntilər fonunda yaxın aylarda qiymətlərin hansı istiqamətdə dəyişəcəyi maraq doğurur. Bəs, yaxın 6–12 ayda tikinti materiallarının qiyməti ilə bağlı proqnoz necə ola bilər?

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc KONKRET.az-a açıqlamasın da yaxın 6–12 ay ərzində tikinti materiallarının qiymətlərində artımın qaçılmaz olduğunu bildirib.

“Hər il fevral ayının sonu martın əvvəllərində tikinti fəaliyyətinin canlanması qiymətlərin yüksəlməsinə səbəb olur. Cari ildə də bu tendensiyanın davam edəcəyi gözlənilir. Yanacaq qiymətlərinin artması logistik xərcləri yüksəldib. Bununla yanaşı, ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşması, eləcə də tikinti sektorunda əməkhaqlarının artması tikinti materiallarının maya dəyərinə birbaşa təsir göstərir”.

Sədr vurğulayıb ki, Bakı şəhəri üzrə 2040-cı il Baş Planına baxmayaraq, hazırkı mərhələdə genişmiqyaslı tikinti layihələrinin həcmi gözləniləndən azdır. Eyni zamanda, 2026-cı ildə ölkədə müəyyən iqtisadi çətinliklərin yaşanacağı ilə bağlı proqnozlar mövcuddur ki, bu da tikinti sahəsində durğunluq yarada bilər.

Onun fikrincə, tikinti həcmlərinin azalması qiymətlərin ucuzlaşmasına gətirib çıxarmayacaq. Çünki tikinti materiallarının böyük hissəsi idxal olunur və onların qiymətinə həm valyuta dəyişiklikləri, həm də logistik xərclər təsir edir.

“Qiymət artımı əsasən tələbatla deyil, xərclərin yüksəlməsi ilə bağlıdır. Bir illik dəqiq proqnoz vermək hökumətin atacağı addımlardan asılıdır. Lakin ümumi bahalaşma tendensiyası tikinti materiallarının qiymətlərinə də təsirsiz ötüşməyəcək”, – deyə V.Oruc əlavə edib.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
32
1
konkret.az

2Источники