Ağ Evin otaqlarından birində Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın birgə əks olunduğu çərçivəli fotoşəkil asılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “PBS News Hour”un jurnalisti Elizabet Landers “X” sosial şəbəkəsində məlumat verib.
“Daha əvvəl görmədiyim bir şey: Alyaskada keçirilən yay sammiti zamanı çəkilmiş Tramp və Putinin birgə fotosu çərçivəyə salınaraq asılıb”, – deyə Landers yazıb.
Məlumata görə, fotoşəkil iki prezidentin yay aylarında ABŞ-nkn Alyaskadakı hərbi bazasında apardığı danışıqlar zamanı çəkilib. Donald Tramp daha əvvəl bildirib ki, bu fotonu Ağ Evə şəxsən Vladimir Putin göndərib.
“Az əvvəl mənə bir fotoşəkil göndərildi… O (Putin) mənə və ölkəmizə çox hörmətlə yanaşır, amma digərlərinə qarşı eyni münasibəti göstərmir”, – deyə ABŞ prezidenti qeyd edib.
Qeyd olunur ki, Rusiya prezidentinin göndərdiyi bu fotonun altında Trampın nəvəsi ilə birlikdə çəkildiyi başqa bir şəkil də asılıb.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Fikrət Nəsrəddinzadə qeyd edib ki, Ağ Evdə asılmış foto sadəcə bir elementdir:
“Bütövlükdə Tramp hakimiyyəti dönəmində ABŞ-nin beynəlxalq münasibətlərdə dəyişik siyasətinin şahidi oluruq. Rusiyanın iqtisadiyyatına qarşı tətbiq olunmuş sanksiyalar Avropanın enerji daşıyıcıları ilə təmin olunmasında onu ABŞ və onun faktiki nəzarətində olan digər ölkələrdən daha asılı vəziyyətə gətirir. Bu da ABŞ-nin Avropa ölkələrinə həm iqtisadi, həm də ciddi siyasi təzyiq göstərməsinə imkan verir. Hətta ABŞ NATO-dan çıxmaq hədəsi ilə Avropadan əslində daha çox güzəştlər əldə etmək niyyətini güdür. Söz yox ki, ABŞ Avropanı təhlükəsizlik çətirindən kənarlaşdıran deyil; sadəcə, bu üsulla Avropadan həm siyasi, həm də iqtisadi qazanc əldə edir, asılılığı dərinləşdirir. ABŞ hətta ən etibarlı müttəfiqi olan Böyük Britaniyaya qarşı müəyyən məhdudlaşdırıcı addımlar atır”.
Siyasi şərhçinin sözlərinə görə, son məlumatlara əsasən, ABŞ birtərəfli qaydada iki dövlət arasında texnoloji əməkdaşlığa dair 40 milyard dollarlıq müqavilənin icrasını dayandırıb:
“Təbii ki, bu hal hazırda Çinlə texnoloji mübarizənin bir elementi kimi özünü göstərir. Ötən ilin sonlarında Berlində Ukrayna prezidenti Zelenski ilə Almaniya kansleri Mersin birgə görüşündən sonra Mersin ABŞ-a, Tramp iqtidarına yönələn tənqidləri bir daha təsdiq edir ki, Avropa ilə ABŞ arasında iqtisadi və siyasi fikir ayrılığı ideoloji forma alır. Tramp iqtidarının ABŞ-ın oturuşmuş qlobal siyasətində iqtisadi maraqları önə çəkməsi onun geosiyasi və hərbi mövqeyinə perspektivdə təhlükə vəd edir. Proseslər göstərir ki, ABŞ üçün əsas hədəf Çindir və Vaşinqton Pekinə hər tərəfdən təzyiq göstərməyə çalışır. Çin–Tayvan, Çin–Yaponiya arasında artan gərginliyin də ABŞ tərəfindən idarə olunması şübhə doğurmur. Hətta ABŞ Çin–İran, Çin–Hindistan və ən əsası Çin–Rusiya münasibətlərini pozmağa çalışır. Bütün bunlara rəğmən ABŞ prezidenti Donald Tramp açıq şəkildə bildirib ki, hazırda Rusiya ilə gündəmdə yalnız bir məsələ var, o da Ukraynada atəşkəsdir. Və bu məsələ həll olunana qədər başqa heç bir məsələyə baxılmayacaq”.
Tunar