RU

Patrik Dorqu 3 aya yaxın oynamayacaq – ARENA.AZ

İngiltərənin “Mançester Yunayted” komandasının danimarkalı sağ vingeri Patrik Dorqu zədə səbəbindən uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, tibbi müayinə zamanı futbolçunun bud nahiyəsindən zədə aldığı məlum olub.

21 yaşlı oyunçu təxminən 10 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, İngiltərə Premyer Liqasının 23-cü turunda keçirilmiş “Arsenal”la (3:2) matçda zədələnib. Dorqu həmin görüşdə qol müəllifi olub.

“Mançester Yunayted” Dorqunu 2025-ci ilin fevralında 30 milyon avroya İtaliyanın “Leççe” klubundan transfer edib. O, cari mövsümdə bütün turnirlərdə 24 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Dorqunun MY karyerası bütövlükdə 44 oyun, 3 qol və 4 assistdən ibarətdir. Vingerin İngiltərə klubu ilə müddəti 2030-cu ilin 30 iyununadək nəzərdə tutulmuş müqaviləsi var.

Patrik Dorqu Danimarkanın “Nordsyelland” klubunun yetirməsidir. O, İtaliyada “Leççe”nin də formasını geyinib.

Əslən Nigeriyadan olan Dorqu Danimarkanın U-18, U-19, U-20 və U-21 yığmalarında oynadıqdan sonra 2024-cü ilin sentyabrında bu ölkənin əsas millisində debüt edib. O, Danimarka yığmasında 12 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 21 yaşlı vingerin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
94
9
arena.az

10Источники