Milli.Az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu bildirib ki, bu məsələyə yalnız hərbi xidmətdən yayınma prizmasından baxmaq düzgün yanaşma deyil.
Onun sözlərinə görə, gənclərin xaricdə, xüsusilə də nüfuzlu universitetlərdə təhsil almaq istəyi tamamilə normaldır. Daha keyfiyyətli təhsil, fərqli mühit, dünyagörüşünün genişlənməsi və gələcək karyera imkanları bu seçimin əsas səbəbləri sırasında göstərilir:
"Əgər bu qərar doğrudan da təhsil və şəxsi inkişaf məqsədi daşıyırsa, bunu qınamaq düzgün hesab edilmir".
R.Fikrətoğlu vurğulayıb ki, sırf hərbi xidmətdən yayınmaq məqsədilə universitetə sənəd vermək artıq etik problemlər yaradır. Çünki hərbi xidmət cəmiyyətdə bərabər yük prinsipi üzərində qurulub. Bir qisim gəncin bu borcu yerinə yetirdiyi halda, digərlərinin süni yollarla yayınması ədalətsizlik hissi formalaşdırır və vətəndaş məsuliyyəti anlayışını zəiflədir.
Bundan başqa nəzərə çatdırıb ki, uzunmüddətli perspektivdə bu cür qərarların şəxsin özündə də psixoloji narahatlıq yarada bilər.
Ekspert hesab edir ki, problem təkcə gənclərlə bağlı deyil, burada sistem amilləri də rol oynayır. Əsgərliyin şərtlərinin təkmilləşdirilməsi, təhsillə uyğunlaşdırılması, xidmət müddətinin optimallaşdırılması və peşəkar ordu modelinə keçid bu cür halların qarşısını ala bilər:
"Təhsil məqsədilə xaricə getmək normaldır, lakin təhsili bəhanə edib vətəndaşlıq borcundan yayınmaq sağlam yanaşma hesab edilmir. Ən optimal yol isə gənclərin həm təhsilini, həm də vətəndaşlıq borcunu balanslı və ləyaqətli şəkildə yerinə yetirməsidir. Bu istiqamətdə dövlət tərəfindən mütəmadi tədbirlər görülür və qanunvericiliyin tələblərinə zidd hallarla bağlı müvafiq addımlar atılır".