RU

“Qurban Qurbanovun heç kimlə ciddi münaqişəsi olmayıb, sərt, amma çox ədalətlidir”

Karyerasını başa vurmuş “Qarabağ”ın sabiq futbolçusu Maksim Medvedev komandanın baş məşqçi Qurban Qurbanov haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının "Liverpul" - "Qarabağ" oyunundan əvvəl İngiltərənin “The Guardian” nəşrinə müsahibə verən Medveev Q.Qurbanov haqda maraqlı fikirlər səsləndirib.

2008-ci ildə Qurban Qurbanovun “Qarabağ”a gəlişini yada salan Medvedev bildirib ki, əvvəlcə ona inam yüksək olmayıb:

“Qurbanov təcili əvəzləyici kimi seçilmişdi, amma gözləntilər aşağı idi. O, gənc məşqçi idi və o dövrlərdə yerli məşqçilərə elə də böyük etimad göstərilmirdi.

O, hər şeyə sıfırdan başladı və bu vəzifədə uzun müddət qalacağı gözlənilmirdi”, – deyə 2006–2024-cü illərdə “Qarabağ”ın formasını geyinmiş Maksim Medvedev bildirib.

Onun sözlərinə görə, çox keçmədən vəziyyət dəyişib:

“Amma biz tezliklə anladıq ki, o, möhtəşəm məşqçidir. İlk mövsümündə kuboku qazandıq, daha sonra Avropa Liqasının seçmə mərhələsində "Rusenborq"u məğlub etdik.

Əsl macəra məhz bundan sonra başladı. Qurbanov rəhbərlik tərəfindən tam dəstək aldı və ona müdaxilələr olmadan işləyə bildi. O, komandanı mərhələli şəkildə qurdu”.

Maksim Medvedev Qurban Qurbanovun futbolçulara yanaşmasından da danışıb:

“Biz heç vaxt ulduz futbolçular transfer etmirdik. Qurbanov üçün bütün oyunçular bərabərdir.

O, yeni gələnlərə tələblərini izah edir və yalnız onları qəbul edənlər komandanın bir hissəsi ola bilirlər. Birlikdə olduğumuz müddətdə onun heç kimlə ciddi münaqişəsi olmayıb.

Məşqçi sərtdir və intizama böyük önəm verir, amma çox ədalətlidir. O, həmişə futbolçularını müdafiə edir, onlara kömək edir, həm peşəkar, həm də şəxsi məsləhətlər verir. Hamı onu sevir və hörmət edir”.

Qurban Qurbanovun futbol fəlsəfəsi ilə bağlı sualı cavablandıran Medvedev deyib ki, bu fəlsəfə topa nəzarət və aktiv oyuna əsaslanır:

“Qurbanovun rəhbərliyi altında oyunu idarə etməyə və mümkün qədər çox qol epizodu yaratmağa çalışırdıq. Heç vaxt səhv etməkdən qorxmurduq.

Hətta ən güclü rəqiblərə qarşı belə oyun üslubumuzu dəyişmirdik. Bu, xüsusilə 2020-ci ildə Varşavada "Legiya"nı 3:0 hesabı ilə məğlub etdikdən sonra özünü göstərdi.

O vaxtdan etibarən istənilən rəqibi məğlub edə biləcəyimizi anladıq və daha da hücumameyilli futbol oynamağa başladıq”.

Maksim Medvedev fikrini belə tamamlayıb:

“O, bizim öz azərbaycanlı Aleks Fergüsonumuzdur. İstədiyi müddət "Qarabağ"da qalacaq, daha sonra isə karyerasını bitirəcək”.

Избранный
20
sportinfo.az

1Источники