İnsan beynində xarici informasiyadan qoruyan daxili mexanizmlər yoxdur ki, bu da onu emosiyalar və qeyri-müəyyənlikdən istifadə yolu ilə kognitiv "sındırma"ya qarşı həssas edir.
Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə NATO Müdafiə Kollecinin araşdırmasında deyilir.
"İnsan beyni və ümumilikdə kognitiv proseslər çoxsaylı kognitiv zəifliklərə görə 'sındırma'ya son dərəcə açıqdır", - deyə tədqiqatın müəllifləri Marek Qavlik və İrji Qoraçek bildiriblər.
Hesabatda vurğulanır ki, şüurun "xarici stimulları bloklamaq üçün iradə ilə aktivləşdirilən filtrləri yoxdur". Manipulyasiyanın əsas alətləri kimi emosional tetikleyicilər - qorxu, qəzəb və ümid, eləcə də beynin baş verənlərə izah tapmaq ehtiyacı göstərilir.
Xüsusi diqqət "qlobal böhranların silahlaşdırılması"na yönəldilib. Ekspertlərin fikrincə, dezinformasiya ən çox gözlənilməz hadisələr zamanı - pandemiyalar, terror aktları kimi vəziyyətlərdə - təsirli olur, çünki bu zaman adi sabitlik pozulur və qeyri-müəyyənlik səviyyəsi artır. Sənəddə həmçinin insanları ideal hədəfə çevirən spesifik şəxsiyyət xüsusiyyətləri də qeyd olunur: kognitiv rigidlik (çevik olmamaq - red.), unikallıq ehtiyacı və şəxsi əhəmiyyət axtarışı.
Müəlliflər NATO-ya yeni müdafiə strategiyaları hazırlanarkən bu amilləri nəzərə almağı tövsiyə edərək, "insan psixikasının hər bir ayrı-ayrı zəifliyini qorumağın mümkün olmadığını" etiraf etməyi təklif edirlər.
Ayxan
Milli.Az