RU

İmtahanda esse tələbi: “Xarici dili öyrədiriksə, səviyyəni yüksəltməliyik”

Dünən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən açıqlanıb ki, 2027-ci ildən etibarən tam (11 illik) orta təhsil səviyyəsində təhsil alanların buraxılış imtahanında yazı bacarığının yoxlanılması verilən mövzu və ya sual əsasında ən azı 100 söz həcmində, bir abzasdan ibarət yazı yazılmasını tələb edən model üzrə qiymətləndiriləcək. Qeyd edək ki, 2025-ci ildə 9-cu sinif buraxılış imtahanında şəkil təsviri tələb olunan tapşırıq artıq tətbiq olunub.

Bu halda valideynlər etiraz edərək bildirirlər ki, 9-cu sinif üçün nəzərdə tutulmuş yenilik 11-ci sinif üçün də tətbiq oluna bilərdi. Maraqlıdır, 2025-ci ildə 9-cu sinif üçün tətbiq edilmiş bu yenilik imtahan nəticələrinə necə təsir göstərdi? Ümumiyyətlə, 11-ci sinif buraxılış imtahanlarında nəzərdə tutulan yeniliklərə abituriyentlər hazırdırmı?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Elçin Murad açıqlama verib.

O bildirib ki, bu cür addımın atılmasında əsas məqsəd alternativ tərəfdən söz bazasının, söz ehtiyatının və ifadə qabiliyyətinin daha da inkişaf etdirilməsidir:

“Burada məqsəd şagirdlərin və abituriyentlərin dil biliklərini daha dəqiq və məqsədyönlü şəkildə formalaşdırmaqdır. Yəni, əgər abituriyent xarici dil öyrənirsə və bu gün həmin dillər - istər rus dili olsun, istər ingilis dili olsun beynəlxalq səviyyədə istifadə olunan dillərdirsə və ölkə miqyasında müəyyən istiqamətlərdə daha aktiv rol oynayırsa, bu dil bilikləri təkcə qrammatika ilə məhdudlaşmamalıdır. Sadəcə qrammatikanı bilmək artıq həmin dili tam mənimsəmək demək deyil.

Düşünürəm ki, Dövlət İmtahan Mərkəzi tərəfindən belə bir addımın atılmasında əsas məqsəd alternativ tərəfdən söz bazasının, söz ehtiyatının və ifadə qabiliyyətinin daha da inkişaf etdirilməsidir. 9-cu sinifdə tətbiq olunan şəkil üzərində hər hansı bir fikrin ingilis dilində ifadə edilməsi tapşırığının 11-ci siniflərə şamil olunmaması o qədər də əhəmiyyət kəsb etmir. Çünki 9-cu sinifdə daha bəsit və daha primitiv bir səviyyə yaradılır. Bu, 9-cu sinif şagirdlərinin ingilis dili üzrə hərəkət mərhələsini, ilkin bacarıqlarını göstərmək üçündür.

Onu 11-ci sinif proqramına daxil etmək uyğun hesab edilmir. Çünki 11-ci sinif buraxılış imtahanlarının artıq öz səviyyəsi, modeli və müəyyən bir ağırlığı var. 11-ci siniflərdə bu tip tapşırıqların tətbiqi imtahan modelini bir qədər zəiflətmiş, səviyyəni aşağı salmış olardı. Ona görə də 9-cu sinifdə tətbiq olunan qayda 11-ci siniflərə şamil olunmadı”.

Ekspert qeyd edib ki, bu dili ölkə gündəminə və təhsil platformasına gətiririksə, onu daha yüksək səviyyədə saxlamaq lazımdır:

“11-ci siniflərdə bu il nəzərdə tutulan dəyişikliklərin əsas səbəbi isə, qeyd etdiyim kimi, ən azı 100 sözdən ibarət esse yazılması qaydasıdır. Bununla yanaşı, oxuyub-anlama, yazı bacarığı və dil bilikləri, qrammatik biliklərlə bağlı sualların müəyyən bir çərçivəyə salınması da nəzərdə tutulur. Düşünürəm ki, bu, ingilis dili öyrənən abituriyentlərin dil praktikasını bir qədər daha təkmilləşdirməyə yönəlib.

Bu, gözlənilən bir hal idi. Çünki sadəcə 3-5 kəlmə bilmək və qrammatikanın əsaslarını mənimsəməklə ingilis dilində yazmaq həmin abituriyentin gələcəkdə ingilis dili potensialını yüksək səviyyədə təmin etmir. Amma söz ehtiyatı nə qədər zəngin olsa, abituriyent qrammatik biliklərini həmin sözlərlə birləşdirərək daha səlis və daha rahat şəkildə ingilis dilində danışa biləcək.

Əgər biz xarici dil öyrədiriksə və bunu təhsilalanlara tətbiq ediriksə, bu səviyyəni bir qədər daha yüksəltməyimiz normaldır. Ya ümumiyyətlə xarici dil tədris olunmamalıdır və hər şey yalnız ana dilimizdə aparılmalıdır, ya da bu dili ölkə gündəminə və təhsil platformasına gətiririksə, onu daha yüksək səviyyədə saxlamaq məqsədəuyğundur”.

Избранный
35
1
azedu.az

2Источники