RU

ABŞ ikinci dəfə rəsmi olaraq Paris İqlim Sazişindən çıxıb

ABŞ ikinci dəfə rəsmi şəkildə Paris İqlim Sazişindən çıxıb.

“İki sahil” xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Müvafiq sərəncam 20 yanvar 2025-ci ildə imzalanıb, BMT-yə rəsmi bildiriş isə 28 yanvar tarixində göndərilib. Qərar bu gün qüvvəyə minib.

ABŞ ilk dəfə Paris Sazişindən 2020-ci ildə, Donald Trampın prezidentliyi dövründə çıxmışdı. O zaman Tramp prezident seçkilərinə az qalmış ölkənin sənəd altındakı imzasını geri götürmüşdü. Daha sonra Co Bayden prezident vəzifəsinə başladığı ilk gün — 20 yanvar 2021-ci ildə — ABŞ-ın sazişə yenidən qoşulması barədə sərəncam imzalamışdı.

2025-ci ilin yanvar ayının əvvəlində Donald Tramp ABŞ-ın 66 beynəlxalq təşkilatda, o cümlədən BMT-nin 31 qurumunda maliyyələşdirmə və iştirakının dayandırılması barədə memorandum imzalayıb. Ağ Evdə bildirilib ki, bu təşkilatların bir çoxu ABŞ-ın suverenliyi və iqtisadi maraqları ilə ziddiyyət təşkil edən iqlim və ideoloji gündəliyi təşviq edir, eyni zamanda vergi ödəyicilərinin vəsaitləri hesabına yüksək xərclər tələb edir və minimal fayda verir. Donald Trampın ikinci prezidentliyi dövründə ABŞ həmçinin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST), BMT-nin İnsan Hüquqları Şurasından və BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyindən (UNRWA) çıxıb.

Paris İqlim Sazişi 2015-ci ilin dekabr ayında imzalanıb və 195 dövləti birləşdirir. Sənəd qlobal orta temperatur artımını sənaye öncəsi dövrlə müqayisədə 1,5–2 dərəcə Selsi həddində saxlamaq məqsədilə ölkələrin istixana qazı, xüsusilə karbon qazı emissiyalarının azaldılması üzrə könüllü öhdəliklərini nəzərdə tutur.

Избранный
44
ikisahil.az

1Источники