RU

KİV: Aralıq dənizini keçmək istəyən yüzlərlə miqrantın öldüyü ehtimal olunur

BAKI, 27 yanvar. TELEQRAF

Ötən həftə “Harri” siklonu Cənubi İtaliya və Malta sahillərini vurarkən Aralıq dənizini keçməyə çalışan yüzlərlə insanın həlak olduğu ehtimal edilir. İtaliya Sahil Mühafizəsinin məlumatına görə, təkcə bu müddətdə 380 nəfər dənizdə boğula bilər.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Bildirilir ki, Malta hakimiyyəti bir gəmi qəzası nəticəsində 50 nəfərin öldüyünü təsdiqləyib. Hadisə cümə günü baş verib. Qəzadan yalnız bir nəfər sağ çıxıb. O, Maltada xəstəxanaya yerləşdirilib.

Məlumata görə, sağ qalan şəxs 24 saat ərzində dənizdə qalıb və gəmi qalıqlarından yapışaraq yaşamağa çalışıb. Daha sonra ticarət gəmisi tərəfindən xilas edilib. Onun dediyinə görə, yanvarın 20-də Tunisdən yola düşən qayıqdakı digər bütün şəxslər həlak olub. Bu barədə dənizdə təhlükə ilə üzləşən şəxslər üçün qaynar xətt fəaliyyət göstərən “Alarm Phone” təşkilatı məlumat yayıb.

Ötən həftə baş verən başqa bir faciədə isə Qvineyadan olan bir yaşlı əkiz qızların Siciliyanın Lampeduza adası yaxınlığında həlak olduğu güman edilir. BMT-nin Uşaq Fondunun (UNICEF) İtaliya üzrə miqrant və qaçqınlarla bağlı bölməsi bildirib ki, uşaqların olduğu həddindən artıq dolu qayıq “Harri” siklonunun yaratdığı güclü dalğalar səbəbindən batıb.

İtaliya Sahil Mühafizəsi bildirir ki, siklon zamanı Tunisdən yola çıxan və Aralıq dənizində güclü dalğalarla üzləşən daha 380 nəfər də boğulmuş ola bilər. Son 10 gün ərzində insan alverçiləri tərəfindən Tunisin Sfax limanından çıxarılan səkkiz gəmi ilə bağlı axtarışlar davam edir. Qeyd olunur ki, bu gəmilər son dərəcə təhlükəli hava şəraitinə baxmayaraq yola salınıb.

İtaliya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2025-ci ildə 66 296 nəfər dəniz yolu ilə İtaliya sahillərinə çatıb. Bu göstərici əvvəlki illə müqayisədə cüzi azalma olsa da, 2023-cü illə müqayisədə təxminən iki dəfə azdır. Həmin il İtaliyanın ifrat sağçı hökuməti miqrasiya axınının qarşısını almaq üçün Liviya və Tunis ilə razılaşmaları gücləndirmiş və ya yeni sazişlər imzalamışdı.

İtaliya hökumətinin sərt tədbirləri nəticəsində Aralıq dənizində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına məxsus xilasetmə gəmilərinin sayı da azalıb. Bu tədbirlərə cərimələr, eləcə də xilas edilən miqrantların Siciliya kimi yaxın limanlara deyil, daha uzaq limanlara çıxarılması tələbi daxildir.

Buna baxmayaraq, Şimali Afrikadan Avropaya doğru yüksək riskli səyahət cəhdləri davam edir. İtaliya əsas eniş nöqtələrindən biri olaraq qalır və Mərkəzi Aralıq dənizi marşrutu dünyanın ən təhlükəli miqrasiya yollarından biri hesab olunur.

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2014-cü ildən bu yana Aralıq dənizini keçməyə çalışan ən azı 25 600 nəfər həlak olub və ya itkin düşüb. Ölüm və itkin hallarının əksəriyyəti Tunis və ya Liviyadan yola çıxan qayıqlarla bağlıdır.

Избранный
34
teleqraf.com

1Источники