RU

Səssiz diplomatiyanın sədası: Azərbaycanın Asiya üzərindən qlobal təsiri

Azərbaycan dünya ölkələri, beynəlxalq və regional təşkilatlarla həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığın inkişafına xüsusi önəm verir. Bu siyasətin mühüm istiqamətlərindən biri də parlament diplomatiyasıdır. Milli Məclisin beynəlxalq parlament təşkilatları ilə fəal və məqsədyönlü əməkdaşlığı Azərbaycanın xarici siyasət prioritetlərinin beynəlxalq müstəvidə təşviqinə, milli maraqların müdafiəsinə və yeni geosiyasi reallıqların qəbul etdirilməsinə xidmət edir.

Bu baxımdan Asiya Parlament Assambleyası (APA) ilə əməkdaşlıq Azərbaycanın çoxvektorlu diplomatiyasının əsas dayaqlarından birinə çevrilib. 40-dan artıq ölkəni birləşdirən APA Asiya məkanında siyasi dialoq, qarşılıqlı etimad və parlamentlərarası əməkdaşlıq üçün mühüm çoxtərəfli platformadır.

Asiya istiqaməti: Prezident İlham Əliyevin xarici siyasət prioriteti
Asiya ölkələri ilə əməkdaşlıq Prezident İlham Əliyevin xarici siyasət kursunda prioritet istiqamətlərdən biridir. Qlobal güc mərkəzlərinin Şərqə doğru sürətlə dəyişdiyi bir dövrdə Asiya ilə siyasi, iqtisadi və humanitar əlaqələrin dərinləşdirilməsi Azərbaycanın strateji maraqlarına tam uyğundur.

APA ilə sıx əməkdaşlıq Azərbaycanın son illərdə yaratdığı geosiyasi reallıqların Asiya ölkələrinə çatdırılması, bu reallıqlara beynəlxalq dəstəyin təmin olunması və regional təşəbbüslərin legitimləşdirilməsi baxımından mühüm rol oynayır. Azərbaycan bu platformadan istifadə edərək həm daxili, həm də xarici siyasət hədəflərini beynəlxalq auditoriyaya sistemli şəkildə təqdim edir.

Azərbaycan- Avrasiyanın nəqliyyat və diplomatik qovşağı
Bu gün həyata keçirilən irimiqyaslı infrastruktur layihələri nəticəsində Azərbaycan Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ölkəmizdən keçməsi bütün Asiya ölkələri üçün Azərbaycanı əlçatan və strateji tərəfdaş edir.
Eyni zamanda, Azərbaycan Qlobal Şimal ilə Qlobal Cənub arasında körpü və vasitəçi rolunu uğurla yerinə yetirir. Bu status ölkəmizin beynəlxalq diplomatik çəkisini artırmaqla yanaşı, APA kimi qurumlarda mövqelərini daha da gücləndirir.

APA-da Azərbaycan sədrliyi: institusional və siyasi nəticələr
APA ilə əməkdaşlığın məntiqi nəticəsi olaraq Azərbaycan 2024-cü ilin fevralında Bakıda keçirilən Assambleyanın 14-cü plenar sessiyasında iki il müddətinə təşkilata sədr seçildi. “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunan sessiya Azərbaycanın təşkilatdakı nüfuzunun və etimadının bariz göstəricisi oldu.
Sessiyada 40-a yaxın ölkənin parlament nümayəndə heyətləri, 10-a yaxın spiker və bir sıra beynəlxalq parlament təşkilatlarının rəhbərləri iştirak etdilər. Bu, Bakının parlament diplomatiyasının regional mərkəzinə çevrildiyini nümayiş etdirdi.

2024–2025-ci illərdə Milli Məclisin sədri Sahibə Qafarovanın APA-ya sədrliyi dövründə təşkilatın institusional potensialı əhəmiyyətli dərəcədə gücləndirildi. Təşkilatın tərkibi genişləndi, Oman Sultanlığı tamhüquqlu üzv, Belarus isə müşahidəçi statusu aldı. Büro və Daimi Komitələrin fəaliyyəti bərpa edildi, yeni mexanizmlər yaradıldı, o cümlədən Qadınlar üzrə Komissiyanın təsis edilməsi təşəbbüsü irəli sürüldü.
Sahibə Qafarova Azərbaycanın sədrliyi dövründə institusional inkişaf məsələlərinə xüsusi diqqət yetirildiyini, Büro iclaslarının yenidən keçirilməyə başlandığını və onların Daimi

Komitələrin iclasları çərçivəsində keçirildiyini diqqətə çatdırıb. 
Bildirilib ki, bu öz növbəsində təşkilatın gündəliyindəki məsələləri daha operativ şəkildə nəzərdən keçirməyə və müzakirə etməyə imkan verir. Bununla yanaşı, Assambleyanın fəaliyyətini gücləndirəcək yeni mexanizmlərin yaradılmasına böyük diqqət yetirildiyi, o cümlədən Azərbaycan tərəfindən Qadınlar üzrə Komissiyanın təsis edilməsi təşəbbüsünün irəli sürüldüyü vurğulanıb. Həmçinin bildirilib ki, sədrliyimiz dövründə APA-nın büdcəsinin formalaşdırılmasına dair qərar üzrə konsensus əldə edilib ki, bu da Assambleyanın imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, Azərbaycanın sədrliyi dövründə APA-nın parlament diplomatiyasında rolunun və beynəlxalq müstəvidə nüfuzunun artırılması məsələlərinə də xüsusi diqqət yetirilib. 
Azərbaycanaın sədrli dövründə  APA ilə digər parlamentlərarası təşkilatlar arasında əməkdaşlığın inkişafını bu məqsədə çatmaqda təsirli vasitə mexanizmi rolunda çxıış edib.
 
Qlobal çağırışlar, kollektiv cavab modeli və Bakının rolu
Bu gün Asiya regionu da humanitar böhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi, irqçilik, ksenofobiya və islamofobiya kimi qlobal çağırışlardan kənarda deyil. Azərbaycan bu problemlərin yalnız kollektiv səylər və çoxtərəfli əməkdaşlıq vasitəsilə həll oluna biləcəyini ardıcıl şəkildə vurğulayır.
APA çərçivəsində sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təşviqi Azərbaycanın regional və qlobal məsuliyyətli aktor kimi mövqeyini möhkəmləndirir. Azərbaycan parlamenti Assambleyanı dialoq və həmrəylik üçün mühüm platforma kimi qiymətləndirir və onun qlobal parlament diplomatiyasındakı rolunun artmasına töhfə verir.
Spiker S. Qafarova qeyd edib ki, dünyadakı mövcud çətinliklər və münaqişələr fonunda mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqi artıq seçim deyil, bir zərurətdir. Çünki qlobal sülhə və rifaha nail olmaq, ilk növbədə, xalqlar arasında etimad və qarşılıqlı anlaşmanın qurulmasından keçir. Bu mənada Asiya regionu zəngin irsi ilə böyük potensiala malikdir. Regionun müxtəlifliyi ölkələrimiz arasında bölücü xətt kimi deyil, bizi daha da yaxınlaşdıran və dialoqumuzu məzmunlu edən dəyər kimi qəbul edilməlidir.

Azərbaycanın mədəniyyətlərarası dialoqun sadiq tərəfdaşı olduğunu vurğulayan S.Qafarova deyib ki, ölkəmizin BMT-nin Sivilizasiyalar Alyansı Forumu, Qlobal Bakı Forumu və Dünya Dini Liderlərinin Sammiti kimi mötəbər tədbirlərə ev sahibliyi etməklə bu prosesə davamlı töhfələr verdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başladılmış “Bakı Prosesi” çərçivəsində keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindən mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobal platforma kimi tanınır. 2024-cü ilin mayında keçirilən 6-cı Forum çərçivəsində Milli Məclis tərəfindən təşkil olunmuş Parlamentlərarası Konfrans isə bu dialoqa "parlament ölçüsü" qazandırıb.

Qlobal iqlim dəyişikliyinə qarşı birgə mübarizə

Azərbaycan və APA-nın gündəliyində prioritet yer tutan iqlim dəyişikliyi ilə mübarizə məsələsinə toxunan Milli Məclisin sədri deyib ki, 2024-cü ildə COP29-a uğurla ev sahibliyi edən Azərbaycan müxtəlif tərəflər arasında körpülər quraraq qlobal həmrəyliyə nail olub. Regionun digər bir dövləti olan qardaş Türkiyənin COP31-ə yüksək səviyyədə ev sahibliyi edəcəyinə inam ifadə olunaraq, onun bu sahədəki fəaliyyətinin qlobal iqlim hədəflərinə çatmaqda mühüm rol oynayacağı vurğulanıb.
Çıxışında bölgəmizin 2026-cı ildə ev sahibliyi edəcəyi digər mühüm hadisənin-bu ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının əhəmiyyətini vurğulayan parlamentin sədri Sahibə Qafarova, davamlı şəhərsalmanın qlobal inkişafın gündəliyi ilə sıx əlaqəli olduğunu deyib. O, APA-ya üzv olan bütün ölkələri bu Forumda fəal iştirak etməyə dəvət edib.

Sülh gündəliyi və regional liderlik
Milli Məclisin sədri Sahibə Qafarovanın çıxışlarında Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasını Azərbaycanın əsas prioritet kimi təqdim edir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı bərpa işləri, məcburi köçkünlərin qayıdışı və Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar ölkəmizin sülhə əsaslanan regional liderlik modelini ortaya qoyur.
Zəngəzur dəhlizinin açılması perspektivi isə təkcə region üçün deyil, bütövlükdə Avrasiya məkanında yeni iqtisadi və nəqliyyat imkanları yarada biləcək strateji layihə kimi təqdim olunur.

Bəhreyn mərhələsi və parlament diplomatiyasının nəticələri
Azərbaycanın APA-ya sədrliyi Bəhreyn Krallığında keçirilən 16-cı plenar sessiyada bu ölkəyə təhvil verildi. Sessiya zamanı Azərbaycanın təşkilata verdiyi töhfələr yüksək qiymətləndirildi. Eyni zamanda, Milli Məclisin sədri Sahibə Qafarovanın Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində keçirilən görüşlər və imzalanan Anlaşma Memorandumu parlamentlərarası əməkdaşlığın yeni mərhələyə yüksəldiyini təsdiqlədi.

Bu sənəd ikitərəfli münasibətlərin siyasi, iqtisadi, investisiya və humanitar sahələrdə daha da dərinləşdirilməsi üçün mühüm institusional baza yaradır.

Azərbaycanın Asiya Parlament Assambleyası çərçivəsində fəaliyyəti göstərir ki, parlament diplomatiyası artıq ölkənin xarici siyasətinin tamamlayıcı elementi deyil, onun mühüm strateji alətinə çevrilib. Prezident İlham Əliyevin çoxvektorlu və praqmatik diplomatiyası fonunda Milli Məclisin fəal beynəlxalq fəaliyyəti Azərbaycanın qlobal nüfuzunun artmasına, yeni dostlar qazanmasına və milli maraqlarının müdafiəsinə mühüm töhfə verir.
APA ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yerini möhkəmləndirməklə yanaşı, ölkəmizin formalaşdırdığı yeni geosiyasi reallıqların dünya miqyasında qəbul olunmasına xidmət edir.

Mürtəza

Избранный
110
4
olke.az

10Источники