Bəhreyn Krallığında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 26-da Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyasında çıxış edib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Milli Məclisin sədri çıxışında 2024-cü ilin fevralında Bakıda keçirilmiş 14-cü plenar sessiyada Azərbaycan Respublikasının Milli Məclisi APA-ya sədrliyi öz üzərinə götürdüyünü bildirib: "Azərbaycanın sədrliyi dövründə ölkəmiz Assambleya çərçivəsində əməkdaşlığın və dialoqun dərinləşdirilməsi istiqamətində fəal səylər göstərib. Bu, Azərbaycanın APA-ya mühüm parlamentlərarası platforma kimi verdiyi əhəmiyyətin göstəricisidir. Sahibə Qafarova vurğulayıb ki, cari ildə APA-nın yaradılmasının 20-ci ildönümünün qeyd edildiyi bir məqamda Assambleya artıq konstruktiv dialoq və həmrəylik üçün mühüm çoxtərəfli təsisata çevrilib.
Son iki ildə görülən işlər barədə məlumat verən spiker Sahibə Qafarova Azərbaycanın sədrliyi dövründə təşkilatın tərkibinin genişləndiyini qeyd edib. Belə ki, ötən il Bakıda keçirilən 15-ci plenar sessiyada Oman Sultanlığının Şura Məclisi APA-nın tamhüquqlu üzvü olub, Belarus Respublikası Milli Assambleyasının Respublika Şurası isə müşahidəçi statusu alıb. Həmçinin APA-da müşahidəçi statusuna malik beynəlxalq təşkilatların sayı artırılaraq, Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasına da müvafiq status verilib.
Sahibə Qafarova Azərbaycanın sədrliyi dövründə institusional inkişaf məsələlərinə xüsusi diqqət yetirildiyini, Büro iclaslarının yenidən keçirilməyə başlandığını və onların Daimi Komitələrin iclasları çərçivəsində keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu öz növbəsində təşkilatın gündəliyindəki məsələləri daha operativ şəkildə nəzərdən keçirməyə və müzakirə etməyə imkan verir. Bununla yanaşı, Assambleyanın fəaliyyətini gücləndirəcək yeni mexanizmlərin yaradılmasına böyük diqqət yetirildiyi, o cümlədən Azərbaycan tərəfindən Qadınlar üzrə Komissiyanın təsis edilməsi təşəbbüsünün irəli sürüldüyü vurğulanıb. Həmçinin bildirilib ki, sədrliyimiz dövründə APA-nın büdcəsinin formalaşdırılmasına dair qərar üzrə konsensus əldə edilib ki, bu da Assambleyanın imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Məlumat verilib ki, APA-nın əlaqələndirmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində geniş iş aparılıb, sədrliyimiz dövründə Parlamentlərarası İttifaq çərçivəsində təşkilatın 4 əlaqələndirmə iclası keçirilib. Bu görüşlər ortaq maraq doğuran beynəlxalq məsələlər üzrə əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi baxımından səmərəli olub.