RU

Rusiyanın neft şirkətləri çökür: Hökumətdən dəstək istədilər 

Rusiya neftinin dünya bazarında qiymətlərinin son aylarda kəskin ucuzlaşması fonunda iri neft şirkətləri hökumətdən əlavə dəstək tələb ediblər. Vətəninfo.az xəbər verir ki, “İzvestiya” qəzetinin məlumatına görə, “Lukoil” Energetika Nazirliyinə müraciət edərək neft şirkətlərinə büdcədən daha çox vəsait almağa imkan verən amortizasiya mexanizminin formuluna yenidən baxılmasını xahiş edib.

Müvafiq məktubda bildirilir ki, ABŞ sanksiyaları nəticəsində Rusiyanın əsas ixrac markası olan Urals neftinin Brent markasına nisbətən endirimi artıq bir barel üçün 20 dollara çatıb. Bu isə amortizator ödənişlərinin azalmasına gətirib çıxarır. Nəticədə istehsalın səmərəliliyi aşağı düşür və daxili bazarın yanacaqla təminatı risk altına düşür.

Təklifə əsasən, Urals və Brent arasındakı vergidən azad edilən qiymət fərqi qanunvericiliklə hər barel üçün təxminən 10–15 dollar səviyyəsində məhdudlaşdırılmalıdır. Əks halda, onsuz da gəlirləri azalan neft şirkətləri əlavə vergi yükü ilə üzləşə bilərlər.

Qeyd edək ki, Rusiyada yanacaq qiymətlərini sabit saxlamaq məqsədilə amortizator mexanizmi 2018-ci ildə tətbiq olunub. Bu mexanizmə görə, yanacaq daxili bazarda ixrac qiymətindən ucuz satıldıqda istehsalçılar büdcədən kompensasiya alır, əksinə, daha baha satıldıqda artıq gəliri dövlət büdcəsinə köçürürlər.

Lakin Urals neftinin hazırkı qiymətləri fonunda, Rusiyada yanacağın dünya bazarına nisbətən ucuz satılmasına baxmayaraq, şirkətlər artıq kompensasiya almaq imkanını itiriblər.

Məsələ ilə tanış olan mənbənin “İzvestiya”ya bildirdiyinə görə, amortizator mexanizminin yenidən işlənməsi yanvarın 23-də baş nazirin müavini Aleksandr Novakla keçirilən görüşdə müzakirə olunub. Maliyyə Nazirliyi dəyişikliklərə qarşı çıxır, çünki bu, federal büdcə gəlirlərinin azalmasına səbəb ola bilər. Energetika Nazirliyi isə ödənişlərə müvəqqəti moratorium tətbiq edilməsini təklif edir.

Dövlət Dumasının Enerji Komitəsi sədrinin müavini Yuri Stankeviç müzakirələrin aparıldığını təsdiqləsə də, hələlik yekun qərarın qəbul edilmədiyini bildirib. Onun sözlərinə görə, Maliyyə Nazirliyinin mövqeyi büdcə maraqlarına əsaslansa da, bu yanaşma neft şirkətlərinin investisiya imkanlarını məhdudlaşdırır və gələcəkdə strateji risklər yarada bilər.

Rəsmi məlumatlara əsasən, 2025-ci ildə neft şirkətlərinə ödənilən ümumi amortizasiya məbləği 881,8 milyard rubl, yəni təxminən 15,9 milyard manat təşkil edib. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 1,815 trilyon rubl, yəni təxminən 32,7 milyard manat olub.

Kasatkin Consulting şirkətinin idarəedici partnyoru Dmitri Kasatkin bildirib ki, hazırkı Urals qiymətləri ilə şirkətlər dekabr və yanvar ayları üzrə büdcədən vəsait almayacaqlar. Əksinə, onlar ümumilikdə 47 milyard rubl (təxminən 846 milyon manat) ödəməli olacaqlar ki, bunun da 13 milyard rublu (təxminən 234 milyon manat) dekabr ayının payına düşür.

Neft və qaz sektoru üzrə Müstəqil Analitik Agentliyin baş direktoru Tamara Safonova isə qeyd edib ki, Rusiya neftinə tətbiq olunan endirimlərin artmasından həm istehsalçılar, həm də dövlət büdcəsi zərər görür. Onun sözlərinə görə, vəziyyətdən çıxış yolu hər iki tərəfin maraqlarının balanslaşdırılmasından keçir, lakin problemlərin tam aradan qalxması yalnız neft qiymətlərinin normallaşmasından sonra mümkün olacaq.

Избранный
60
31
veteninfo.az

10Источники