RU

Biz hələ də qız övladlarını öldürürük: “Bunun günahkarı qadınlardır” - ARAŞDIRMA

Selektiv abortlar dünyada geniş yayılmasa da, bəzi ölkələrdə ciddi demoqrafik problemə çevrilib. Bioloji norma üzrə doğulan hər 100 qıza təxminən 105 oğlan düşməli olduğu halda, bir sıra ölkələrdə bu göstərici kəskin şəkildə dəyişib. Azərbaycan selektiv abortların yaratdığı cins nisbəti pozuntusuna görə dünyada ilk 5 ölkə arasında göstərilir.

Cari ilin statistik göstəriciləri problemin aktuallığını qoruduğunu və cəmiyyət üçün ciddi təhlükə yaratdığını təsdiqləyir. Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib ki, ötən il doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub.

Qanunu qəbul etmək mümkün olmur

Hazırda Azərbaycanda selektiv abortları qadağan edən qanunvericilik bazası yoxdur. Mütəsəssislər hesab edirlər ki, problemin qarşısını “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsi ala bilər. Adıçəkilən qanun uzun illər əvvəl hazırlanıb, bir neçə dəfə Milli Məclisin qanunvericilik işləri planına salınıb, amma müzakirəyə çıxarılmayıb.

Qanun layihəsinin 18-ci (Hamiləliyin süni pozulması) maddəsinə əsasən, hamiləliyin süni pozulması “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla müəyyən edilmiş qaydada və müddətlərdə həyata keçirilir. Cins ilə bağlı irsi xəstəliklərin keçmə ehtimalı yüksək olduğu hallarda hamiləliyin süni pozulması ixtisaslı həkim-mütəxəssislərdən ibarət konsiliumun qərarı ilə həyata keçirilir. Tibbi göstərişlərə əsasən hamiləliyin 12 həftəliyindən sonra süni surətdə pozulması barədə qərar həkimlər konsiliumu tərəfindən qəbul edilir. Yetkinlik yaşına çatmayanlarda hamiləliyin süni pozulması onların arzusu ilə valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında həyata keçirilir.

Qanun layihəsinin nə zaman müzakirəyə çıxarılacağı, ümumiyyətlə qəbul edilib-edilməyəcəyi məmum deyil.

Qeydiyyat aparılmır

“Bu fonda xüsusi narahatlıq doğuran məsələlərdən biri selektiv abortların mövcudluğudur”, - deyə “Yeni Sabah”a açıqlamasında Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov bildirib. Onun sözlərinə görə, son 10 il ərzində abortların sayında artım müşahidə olunması ciddi sosial və demoqrafik narahatlıq doğurur:

“Statistik göstəricilər deməyə əsas verir ki, abortlar əsasən 25-34 yaş qrupunda olan, qadınlar tərəfindən arzuolunmaz hamiləliyin qarşısının alınması məqsədilə tətbiq edilir. Bu fakt ailə planlaşdırılması sahəsində maarifləndirmənin və müasir kontraseptiv vasitələrə çıxışın hələ də kifayət qədər olmadığını göstərir”.

Onun sözlərinə görə, qız uşaqlarının selektiv abortu ilə bağlı dəqiq rəsmi statistika mövcud deyil. Qurum rəsmisi deyib ki, abortlar zamanı dölün cinsinə dair məlumatlar qeydiyyata alınmır və bu, problemin real miqyasını tam görməyə imkan vermir. Ona görə də bu sahədə yalnız təxmini rəqəmlərədn danışmaq mümkündür:

“Lakin dolayı demoqrafik göstəricilər əsasında aparılan araşdırmalar göstərir ki, doğulan uşaqlar arasında cins nisbətinin normadan yüksəkdir. Selektiv abortlar əsasən cəmiyyətdə hələ də mövcud olan gender stereotipləri, oğlan uşağına üstünlük verilməsi və ailə daxilindəki sosial gözləntilərlə əlaqədardır. Hazırda Azərbaycanda doğulan uşaqlar arasında cins nisbəti təxminən hər 100 qız uşağına qarşı 113 oğlan uşağı təşkil edir ki, bu da beynəlxalq bioloji normadan (102-104) yüksəkdir”.

Təhlükələri saymaqla bitmir

Baş məsləhətçi həmçinin vurğulayıb ki, selektiv abortlar yalnız cins nisbətini pozmur, eyni zamanda ümumi doğum səviyyəsinə də mənfi təsir göstərir:

“Ardıcıl abortlar qadınların reproduktiv sağlamlığını zəiflədir, sonsuzluq riskini artırır və gələcək hamiləliklərin sayını azalda bilər. Bu disbalans uzunmüddətli perspektivdə nikah münasibətlərdə qeyri-tarazlıq və gender bərabərsizliyinin dərinləşməsi kimi problemlərə gətirib çıxaracaq”.

R.Mahmudov qeyd edib ki, ultrasəs müayinəsinin (USM) əsas təyinatı ananın və dölün sağlamlığının monitorinqidir, lakin praktikada USM müayinəsi zamanı dölün cinsiyyətinin erkən mərhələdə müəyyən edilməsi selektiv abortların baş verməsinə zəmin yaradır:

“Mövcud tövsiyə xarakterli məhdudiyyətlər kifayət qədər effektiv olmadığından, dölün cinsiyyətinin hamiləliyin erkən mərhələlərində açıqlanmasının normativ şəkildə məhdudlaşdırılması selektiv abortların qarşısının alınmasında mühüm rol oynaya bilər”.

Onun sözlərinə görə, Azərbaycanda selektiv abortların və ümumilikdə abortların qarşısının alınması məqsədilə dövlət orqanları tərəfindən bir sıra tədbirlər həyata keçirilir, müvafiq dövlət proqramları və fəaliyyət planları icra olunur: “Reproduktiv sağlamlıq, ailə planlaşdırılmas, gender bərabərliyi və digər mövzularında ictimai maarifləndirmələr tədbirləri və kampaniyalar keçirilir”. 

Deputat da qadağa tələb edir

Problemlə bağlı “Yeni Sabah”a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa hesab edir ki, demoqrafik siyasətlə bağlı məsələlər balanslı şəkildə aparılmalıdır. O vurğulayıb ki, hər halda, bu sahədə mövcud faktların diqqətəalınması vacibdir:

“Xüsusilə selektiv abortların olub-olmaması dəqiq şəkildə araşdırılmalıdır. Cəmiyyətdə selektiv abortlara qarşı mübarizə çox ciddi və ardıcıl şəkildə aparılmalıdır. Bu hal kriminal xarakter daşıyan, eyni zamanda vəhşilik kimi qiymətləndirilən bir əməldir və hər zaman cəmiyyətin diqqətində saxlanılmalıdır. Problemin qarşısının alınması üçün konkret və məqsədyönlü addımlar atılmalıdır”.

Dörd qız atası

Özü 4 qız atası hüquqşünas Əkrəm Həsənov “Yeni Sabah”a açıqlamasında bildirib ki, övladın cinsi insanın deyil, Allahın qərarıdır və bu məsələdə fərq qoymaq düzgün deyil.

Onun sözlərinə görə, bu problem cahillik və yanlış stereotiplərdən qaynaqlanır. Eyni zamanda nə dini, nə də milli əsası var:

“İslamda qız övladına görə abort qəti şəkildə pislənir. “Qurani-Kərim”də və Peyğəmbərimizin (s.ə.s.) hədislərində qız övladının üstünlükləri açıq şəkildə qeyd olunur. “Qurani-Kərim”də də açıq şəkildə qeyd olunur ki, Allah kimə istəsə oğlan, kimə istəsə qız övladı verir, kimə istəsə hər ikisini bəxş edir, kimə istəməsə isə ümumiyyətlə övlad vermir. Bu, Allahın işidir və ən doğru məsləhəti də O bilir. Övladda oğlan da xeyirlidir, qız da. Açığı, mənim üçün bunun heç vaxt fərqi olmayıb”.

Hüquqşünas günahı qadınlarda görür

Ə.Həsənov hesab edir ki, Azərbaycanda selektiv abort probleminin əsas səbəbi bir çox hallarda kişilər deyil, məhz qadınların öz aralarında yaratdığı təzyiq və yanaşmalardır:

“Təəssüf ki, bu mövzuda çox vaxt qadınlar bir-birinə təsir göstərir. Yaxın qohumlar arasında elələri olub ki, yoldaşıma ‘yenə qızdır, saxlamayın’ kimi tövsiyələr veriblər. Diqqət edin, bunları deyənlər də qadınlar olub. Kişilər isə demək olar ki, heç vaxt bu məsələdə ciddi təzyiq göstərməyiblər”.

Hüquqşünas qız atası olmaqdan qürur duyduğunu deyərək, qızları ilə münasibətlərindən də danışıb:

“Qız atası olduğuma görə özümü çox xoşbəxt hiss edirəm. Qızlarımla münasibətim açıq və səmimidir. Onların fikirlərinə hörmətlə yanaşıram. Özləri də deyirlər ki, mənə çox yaxındırlar. Qız övladları valideynlərinə daha isti və qayğıkeş münasibət bəsləyir”.

Onun fikrincə, ailələrdə oğlan və qız övladı arasında fərq qoyulması tamamilə əsassızdır:

“Selektiv abort problemi süni şəkildə formalaşıb. Oğlan övladı məsələsi sanki bir yarışa çevrilib. Halbuki valideyn olmaq hər iki halda eyni məsuliyyətdir”.

Ə.Həsənov alimlərin də sübut etdiyi bir məqama diqqət çəkərək söyləyib ki, intellekt əsasən anadan övladlara keçir, atanın düşüncə tərzi isə xüsusilə qızlara təsir edir:

“Bu baxımdan mən öz qızlarım üçün də özümü xoşbəxt hesab edirəm. Kim qız övladına pis baxırsa və ya onu istəmirsə, mən buna qəti şəkildə qarşıyam. Bu, tamamilə yanlış və əsassız düşüncədir”.

Hüquqşünas bütün valideynlərə çağırış edib:

“Mən qız atası olduğuma görə qürur duyuram və hər kəsə tövsiyə edirəm ki, ailədə övladlar arasında heç vaxt ayrı-seçkiliyə yol verməsinlər”.

Təhlükəyə çevrilib

Əkrəm Həsənov selektiv abort problemini Azərbaycanda artıq 10 ildən çoxdur davam edən ciddi təhlükə kimi qiymətləndirib. O bildirib ki, bəzi valideynlər dölün qız olduğunu biləndə abort etdirirlər və belə hallar geniş yayılıb: “Bunun nəticəsi artıq məktəblərdə belə açıq şəkildə görünür, siniflərdə qızların sayı oğlanlardan xeyli azdır”.

Ə. Həsənov vurğulayıb ki, abortlarla bağlı ciddi hüquqi məhdudiyyətlərin olmaması da selektiv abortların artmasına şərait yaradır:

“Uşağın cinsi əsasən üçüncü aydan sonra bilinir. Məhz bu mərhələdən sonra selektiv abortların qarşısını alan qadağalar tətbiq olunmalıdır”.

Hüquqşünas həmçinin geniş maarifləndirmənin vacibliyini diqqətə çatdıraraq xəbərdarlıq edib ki, qızların sayının azalması gələcəkdə ailə qurmaqda balansın pozulmasına və ağır sosial fəsadlara səbəb ola bilər.

Sosioloq Mail Yaqub “Yeni Sabah”a bildirib ki, Azərbaycanda övladlar arasında qız-oğlan fərqinin qoyulması təəssüf doğurur:

“Bəlkə də bunun təməli qədim dövrlərə gedib çıxır. O vaxtlar oğlan uşağı fiziki baxımdan daha güclü hesab olunurdu, işləyir, ailəyə maddi dəstək verirdi. Bu düşüncə də elə həmin dövrlərdən qalıb. Lakin müasir dövrdə bunların heç bir əsası yoxdur. Əsas olan uşağın sağlam dünyaya gəlməsidir - həm fiziki, həm də psixoloji-mənəvi baxımdan. Qız və ya oğlan olmasının fərqi yoxdur. Hər ikisi Allahın lütfü və nemətidir, insan bunun məsuliyyətini dərk etməlidir”.

Dinə ziddir

Sosioloq əlavə edib ki, hazırda Azərbaycanda əhalinin artım tempi azalır və bu, gələcək üçün ciddi risklər yaradır:

“Bu proses heç də ümidverici deyil, əksinə, əhalinin azalmasına aparıb çıxarır. Xüsusilə qız uşaqlarına qarşı amansız münasibət və selektiv abortlar vəziyyəti daha da ağırlaşdırır”.

Mail Yaqubun sözlərinə görə, bu yanaşma nə dini, nə də insani baxımdan qəbulolunandır:

“Bir müsəlman ölkəsi olaraq bu cür davranış bizə yaraşmır. Dində bu, qadağandır və günah sayılır. Bu, mahiyyət etibarilə qətldir, adam öldürməkdən fərqi yoxdur. Ona görə də bu baxışı dəyişməliyik. Onun acı nəticələri artıq hiss olunur və gələcəkdə daha ciddi fəsadlara səbəb olacaq”.

Aytac Əliyeva


Telegram kanalımız
Избранный
129
50
yenisabah.az

10Источники