RU

Yalan vədlər verən xaricdə təhsil şirkətləri - Etibarlı mərkəzi necə seçmək olar?

E

Son illər xaricdə təhsil almaq istəyən gənclərin sayının artması bu sahədə fəaliyyət göstərən şirkətlərin də çoxalmasına səbəb olub. Lakin təqdim olunan vədlərin hamısının real olub-olmaması və bu şirkətlərin nə dərəcədə etibarlı olması valideynlər və abituriyentlər arasında suallar doğurur. Xüsusilə qəbul imtahanlarında istədiyi nəticəni əldə edə bilməyən gənclər üçün xaricdə təhsil bəzən yeganə çıxış yolu kimi təqdim olunur ki, bu da riskləri artırır. 

Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova vacib məqamlara toxunub.

Onun sözlərinə görə, reallıq ondan ibarətdir ki, xaricdə təhsil şirkətlərinə müraciət edənlərin böyük əksəriyyəti valideynlərdir və çox zaman onlar bu yolu övladları üçün bir növ “qurtarıcı variant” kimi görürlər:

"Xüsusilə qəbul imtahanlarında lazımi bal toplaya bilməyən, Azərbaycanda istədiyi ixtisasa düşə bilməyən gənclər üçün xaricdə təhsil alternativ deyil, yeganə çıxış yolu kimi təqdim olunur. Məhz bu psixoloji məqam bəzi şirkətlərin “attestatla qəbul”, “imtahansız universitet”, “asandiplom” kimi cəlbedici, lakin riskli vədlərlə bazarda mövqelərini möhkəmləndirməsinə şərait yaradır".

İctimai Şura katibi vurğulayıb ki, dünya təcrübəsi qəbulun asan olmasının təhsilin keyfiyyəti və diplomun dəyərinin yüksək olması anlamına gəlmədiyini göstərir.

Onun sözlərinə görə, bir çox ölkədə ali təhsil müəssisələrinə qəbul mexanizmləri çevik ola bilər, lakin bu, həmin universitetin və ixtisasın akkreditasiyadan keçdiyi və verdiyi diplomun başqa ölkələrdə tanınacağı demək deyil:

"Təəssüf ki, bəzi tələbələr və valideynlər bu həqiqətlə yalnız təhsil başa çatdıqdan sonra üzləşirlər. Bu baxımdan ən vacib məsələlərdən biri tələbənin getməzdən əvvəl seçdiyi universitetin və ixtisasın akkreditasiya vəziyyətini dəqiq yoxlamasıdır. Sadəcə universitetin adı deyil, məhz konkret ixtisas üzrə akkreditasiya xüsusi əhəmiyyət daşıyır. Çünki beynəlxalq praktikada diplomların tanınması əsasən bu meyar üzərindən qiymətləndirilir və akkreditasiyası olmayan proqram üzrə alınan diplom gələcəkdə ciddi problemlər yarada bilər",- deyə G.Əkbərova bildirib.

Açıqlamada bildirilib ki, Azərbaycanda bu məsələlərlə bağlı rəsmi və etibarlı istinad nöqtəsi Təhsilin Keyfiyyəti Təminatı Agentliyidir:

"Agentliyin rəsmi resurslarında diplomların tanınması, akkreditasiya meyarları, nostrifikasiya prosesi və bu sahədə ən çox rast gəlinən risklər açıq şəkildə izah olunur və bu məlumatlar həm tələbələr, həm də valideynlər üçün yol xəritəsi rolunu oynayır. Etibarlı xaricdə təhsil şirkətləri yalnız qəbul almağa fokuslanmır, tələbəyə real vəziyyəti izah edir, riskli universitet və ölkələr barədə açıq məlumat verir və valideynləri emosional qərarlardan çəkindirməyə çalışır. Onun fikrincə, yalnız “tez qəbul”, “zəmanətli diplom” və “problemsiz gələcək” kimi ümumi vədlər verən yanaşma etibarlı hesab edilə bilməz".

Nəticə olaraq Günay Əkbərova vurğulayıb ki, xaricdə təhsil imtahandan və ya aşağı baldan qaçış yolu deyil, uzunmüddətli akademik və peşəkar sərmayədir. 

"Ən doğru yanaşma emosiyaya deyil, rəsmi mənbələrə, akkreditasiya vəziyyətinə və gələcək perspektivlərə əsaslanan seçim etməkdir",-deyə o əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
123
missiya.az

1Источники