RU

“Liv Bona Dea Hospital”dakı biabırçı olayın detalları: “Ağrıdan qıvrılsa da, ayaqüstə saxladılar”

Xəbər verdiyimiz kimi, ötən gün "Əli və Nino” Kitab Evinin sahibi Nigar Köçərli "Liv Bona Dea Hospital"la yaşadığı hadisəni dilə gətirmişdi.

O, yanvarın 14-də səhər saat 7-də sözügedən xəstəxanaya planlı açıq ginekoloji əməliyyat üçün getdiyini, əməliyyatdan sonra dəhşətli ağrı hiss etdiyini və nə qədər kömək istəsə də, ona məhəl qoyulmadığını, əksinə, tibb personal onunla kobud rəftar edib, yarasının üzərinə qab atıldığını bildirmişdi.

İddialara görə, xəstəxanada yer olmadığı üçün əməliyyat ginekoloji deyil, kardioloji şöbədə həyata keçirilmişdi.

Nigar Köçərli həyat yoldaşı, "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğluna əməliyyatın gedişi zamana heç bir məlumat verilmədiyini də bildirmişdi.

AZXEBER.COM xəbər verir ki, sözügedən hadisə ilə bağlı tanınmış naşir, zərərçəkənin həyat yoldaşı Şahbaz Xuduoğlu məsələyə münasibət bildirib. O, klinikada başlarına gətirilən hadisədən bəhs edib:


"Əməliyyatın ödənişi edildikdən sonra birinci mərtəbədə gözləməyə başladıq.

Bir qədər sonra tibbi personal gəldi və həyat yoldaşımı liftlə yuxarı apardı. Həmin anda bildirildi ki, yuxarı qalxmağıma icazə verilmir və birinci mərtəbədə gözləməliyəm. Ciddi etiraz etməsəm də, xatırlatdım ki, həyat yoldaşıyam və onun yanında ola bilərəm. Cavab qəti oldu: "Xeyr, siz burada gözləməlisiniz.”

Bir müddət sonra Nigar özü mesaj yazdı ki, üçüncü mərtəbədə palataya yerləşdirilib və müəyyən hazırlıqdan sonra əməliyyata aparılacaq. Təxminən saat 9 radələrində əməliyyata götürüldü. Mənə deyilənə görə, əməliyyat 1–1,5 saat, maksimum 2 saat çəkməli idi və ən gec saat 11-ə qədər bitməsi gözlənilirdi.

Bu müddət ərzində birinci mərtəbədə gözlədim. Müəyyən fasilələrlə qeydiyyata yaxınlaşıb əməliyyatla bağlı hər hansı məlumat olub-olmadığını soruşurdum. Hər dəfə eyni cavabı aldım: "Xəbər yoxdur.”

Saat 11-dən sonra ciddi narahat oldum. Nəhayət, mənə bildirildi ki, əməliyyat bitib, lakin xəstə ayılma otağındadır. Ayılma otağında qalma müddətini soruşduqda "adətən bir saatdan çox olmur” deyildi. Lakin bu bir saat da keçdi, iki saat da – yenə heç bir aydın məlumat verilmədi.

Bu mərhələdə artıq açıq şəkildə narahat olduğumu bildirdim və dedim ki, bu qədər uzun müddət ayılma otağında qalmaq normal görünmür. Məhz bundan sonra qəbuldakı əməkdaşlardan biri mənə dedi: "İstəsəniz, özünüz üçüncü mərtəbəyə qalxa bilərsiniz.”

Ş.Xuduoğlu xəstəxanada onlara əvvəlcədən izah edilən qaydaların birdən birə dəyişməsindən şübhələndiyini bildirib:


"Bu məqam xüsusilə anlaşılmaz idi. Səhər saatlarında "qəti olmaz” deyilən şeyin, indi "əlbəttə, olar” kimi təqdim edilməsi suallar doğururdu. Buna baxmayaraq, üçüncü mərtəbəyə qalxdım. Orada da bildirildi ki, hələ ayılma otağındadır və gözləmək lazımdır.

Bir qədər sonra palatanın yeri göstərildi. Otağa baxanda məlum oldu ki, bu palata ürək əməliyyatı keçirmiş xəstə üçün nəzərdə tutulub və həyat yoldaşım onunla eyni otaqda yerləşdiriləcək. Bunun ginekoloji əməliyyatla nə əlaqəsi olduğunu soruşdum, lakin konkret cavab ala bilmədim”.

Naşir başlarına gətirilən hadisənin daha dəhşətli tərəflərinə toxunub:

"Ən sarsıdıcı məqam isə sonradan üzə çıxdı. Mənə deyilən "ayılma otağındadır” ifadəsi faktiki olaraq tam həqiqəti əks etdirməyib. Həyat yoldaşım ayıq vəziyyətdə, şiddətli ağrılar içində qıvrıldığı halda, uzun müddət ona real və adekvat yardım göstərilməyib. Bu müddət ərzində mənə yanlış və natamam məlumatlar verilib”.

Ş.Xuduoğlu yayılan məlumatlardan sonra xəstəxana rəhbərliyinin onlarla əlaqə saxladığını bildirib:

"Sosial şəbəkədə paylaşım edəndən sonra xəstəxana rəhbərliyi mənimlə əlaqə saxladı. (Hərçənd əməliyyatdan dərhal sonra iradlarımızı bildirdik, etiraz etdik amma laqeydliklə məsələnin üstündən keçdilər) Lakin o zənglər yaşananları dəyişmir. Bu gün də zəng edə bilərlər – bunun mahiyyəti dəyişmir.

Bizə dolayısı ilə "əvvəlcədən müraciət etsəydiniz” kimi yanaşmalar da oldu. Halbuki biz məhz buna ehtiyac qalmasın deyə bu xəstəxananı seçmişdik. Mən "Liv” ın İstanbul filialının xidmətindən istifadə etmişəm və oradakı səviyyəni görmüşəm. Məntiqimiz sadə idi: zənglər, xahişlər, vasitəçilik olmasın, xərci ödəyək, amma keyfiyyətli və insani xidmət alaq. Əvəzində isə yüksək məbləğdə ödəniş edib, informasiya boşluğu, biganəlik və qeyri-insani münasibətlə üzləşdik”.
 

Избранный
127
2
7news.az

5Источники