RU

Davosdan verilən strateji mesajlar » AzadMedia.az

Davosdan

Məşhur Məmmədov,
Milli Məclisin deputatı



Bütün dünyanın diqqəti Davos İqtisadi Forumuna yönəlib. Qlobal siyasi və iqtisadi proseslərin müzakirə olunduğu bu mühüm platformada Azərbaycan da yüksək səviyyədə təmsil olunur. Ölkə rəhbəri Prezident İlham Əliyev forum çərçivəsində keçirilən görüş və müzakirələrdə fəal iştirak edir.
Yanvarın 20-də Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews” telekanalının təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirakı təkcə protokol xarakterli görüş deyildi. Bu platforma Azərbaycanın yeni geosiyasi və geoiqtisadi reallıqlar fonunda regional deyil, qlobal oyunçu kimi mövqeyinin açıq şəkildə nümayiş etdirildiyi mühüm siyasi-iqtisadi hadisə oldu.
Tədbirdə səslənən fikirlər və verilən cavablar göstərdi ki, Azərbaycan artıq klassik enerji ixracatçısı modelindən çıxaraq şaxələndirilmiş iqtisadiyyat, yaşıl enerji, nəqliyyat-logistika və texnoloji mərkəz konsepsiyasına əsaslanan yeni inkişaf mərhələsinə daxil olub.

Tədbirin 20 Yanvar faciəsinin 36-cı ildönümünə təsadüf etməsi xüsusi rəmzi məna daşıyırdı. Sovet hərbi müdaxiləsi nəticəsində yüzlərlə dinc azərbaycanlının həyatını itirdiyi Qara Yanvar bu gün müstəqil, ərazi bütövlüyünü bərpa etmiş və öz gələcəyini özü müəyyən edən Azərbaycanın siyasi yaddaşında milli iradənin simvoludur. Davosdan səslənən mesajlar da məhz bu iradənin nəticəsi olaraq formalaşmış güclü dövlət modelini ortaya qoydu.

Prezident İlham Əliyev investisiya siyasətinin əsas istiqamətlərini açıq şəkildə ifadə etdi. Əgər uzun illər ərzində enerji sektoru iqtisadi inkişafın lokomotivi olubsa, hazırda əsas prioritet qeyri-neft sektorudur. Xüsusilə bərpaolunan enerji sahəsində Azərbaycanın iddialı hədəfləri diqqət çəkir.
Prezidentin açıqlamasına görə, 2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə 8 giqavat gücün yaradılması planlaşdırılır. Bu göstərici təkcə daxili tələbatın ödənilməsi deyil, həm də yaşıl enerjinin ixracı baxımından Azərbaycanın regional liderliyini təmin edəcək. Bununla yanaşı, ucuz enerji resursları və mövcud ehtiyatlar ölkəni məlumat mərkəzləri və süni intellekt infrastrukturu üçün cəlbedici məkana çevirir.
Üçüncü strateji istiqamət isə işğaldan azad olunmuş ərazilərdə yerləşən nadir faydalı qazıntılar və mədənçilik sahəsidir. Müasir texnologiyalar əsasında aparılan tədqiqatlar bu sahənin yaxın illərdə xarici sərmayə üçün yeni cəlbedici platformaya çevriləcəyini göstərir.

Prezident İlham Əliyevin çıxışlarında xüsusi yer tutan məsələlərdən biri bağlantı və nəqliyyat təhlükəsizliyi oldu. Qlobal geosiyasi parçalanma, sanksiyalar və münaqişələr fonunda Azərbaycan sabit, təhlükəsiz və sanksiyalardan kənar marşrut kimi ön plana çıxır.
Bakı–Tbilisi–Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir. Bu gün isə Orta Dəhliz, Mərkəzi Asiya ilə Avropa arasında alternativ nəqliyyat xəttinin əsas dayağı məhz Azərbaycandır.
Bu kontekstdə Ermənistanla sülh və nəqliyyat kommunikasiyalarının açılması regional rifah və qarşılıqlı asılılıq baxımından strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin əsas göstəricilərindən biri kimi orta sinfin genişlənməsini xüsusi qeyd etdi. İşsizlik və yoxsulluğun 5 faizə endirilməsi, qeyri-neft sektorunda artım və şəhərsalma layihələri bunu təsdiqləyir.
“Ağ Şəhər” və “Sea Breeze” kimi layihələr yalnız daşınmaz əmlak bazarının deyil, eyni zamanda urbanizasiya, turizm və daxili sərmayə mühitinin inkişafını göstərir. Mühüm məqam ondan ibarətdir ki, bu layihələrdə mənzil alanların böyük əksəriyyəti yerli vətəndaşlardır. Bu isə əhalinin alıcılıq qabiliyyətinin artmasının real göstəricisidir.

COP29-a ev sahibliyi ilə bağlı səslənən fikirlər Azərbaycanın beynəlxalq arenada məsuliyyətli enerji istehsalçısı imicini bir daha təsdiqlədi. Prezident İlham Əliyevin vurğuladığı kimi, neft və qaz resurslarına sahib olmaq günah deyil, əsas məsələ bu sərvətlərin necə idarə olunmasıdır.
Azərbaycanın həm enerji ixracatçısı, həm də bərpaolunan enerjiyə böyük sərmayə qoyan ölkə kimi çıxış etməsi qlobal enerji keçidində balanslı və praqmatik yanaşmanın nümunəsidir.

Davosdan gələn siyasi-iqtisadi siqnal
Davosda səslənən mesajlar aydın şəkildə göstərdi ki, Azərbaycan regional sabitliyin təminatçısı, Şərqlə Qərbi birləşdirən strateji bağlantı mərkəzi, yaşıl enerji və texnologiyalar üzrə yeni cazibə nöqtəsi, sosial dayanıqlığı təmin edən inkişaf modelinə malik dövlətdir.
Bu baxımdan Prezident İlham Əliyevin Davos platformasında verdiyi mesajlar təkcə beynəlxalq auditoriyaya deyil, eyni zamanda Azərbaycanın gələcək onilliklər üçün müəyyən etdiyi strateji yol xəritəsinin açıq təqdimatı kimi dəyərləndirilməlidir.

Избранный
18
50
azadmedia.az

10Источники