AZ

Azərbaycanın yeni strateji mövqeyi

Avrasiya geosiyasətində Azərbaycanın dəyişən roluna baxış

Yaxın keçmişə qədər Azərbaycan bir çox halda geosiyasi proseslərdən kənarda qalan ölkə kimi təqdim olunurdu - əsasən neft və qaz ehtiyatları ilə əhəmiyyət kəsb edən, həllini tapmamış münaqişələrlə məhdudlaşan və daha böyük güclərin gündəliyinə uyğun hərəkət edən bir dövlət kimi. Lakin həmin yanaşma bu gün artıq öz aktuallığını itirməkdədir. Xəzər dənizindən Mərkəzi Asiyaya, Cənubi Qafqazdan Avropaya qədər uzanan geniş coğrafiyada Azərbaycan regional dəyişikliklərə təkcə uyğunlaşan deyil, eyni zamanda onları formalaşdıran fəal aktor kimi çıxış edir.

Bu dəyişiklik təsadüfi deyil. O, post-münaqişə dövrünün yaratdığı yeni reallıqların, infrastruktur layihələrinə əsaslanan diplomatiyanın və blokların qarşıdurmalarından kənarda dayanan müstəqil xarici siyasət xəttinin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan coğrafi mövqeyini strateji üstünlüyə çevirərək qlobal əlaqələrin yenidən qurulduğu bir mərhələdə regionlar, enerji sistemləri və siyasi maraqlar arasında mühüm əlaqələndirici rol oynamağa başlayıb.

Azərbaycanın bu cür rol oynaya biləcəyi fikri, əslində, yeni deyil. 1990-cı illərin ortalarında - ölkənin siyasi qeyri-sabitlik və davam edən münaqişə şəraitində olduğu dövrdə tanınmış amerikalı strateq Zbiqnev Bjezinski qeyd edirdi ki, Azərbaycan suverenliyini möhkəmləndirə və iqtisadi əsaslarını gücləndirə bilsə, müstəqil və uğurlu dövlət üçün zəruri keyfiyyətlərə malikdir. 1996-cı ildə "Cənubi Qafqaz yol ayrıcında" adlı kitabım üçün Z.Bjezinskidən müsahibə aldığım zaman, eləcə də 2010-cu ildə "Æamestown" fondunda yenidən söhbət zamanı o, Azərbaycanı regional geosiyasətdə mühüm halqa kimi xarakterizə etmişdi. Z.Bjezinskinin fikrincə, Azərbaycanın uğuru və ya uğursuzluğu Xəzər hövzəsi və Cənubi Qafqazda ümumi tarazlığı birbaşa müəyyən edəcəkdi. Üç onillik sonra bu qiymətləndirmə artıq nəzəri mülahizə deyil, real proseslərlə təsdiqlənir.

Münaqişədən sonrakı dövr: bərpa və strateji yenidənqurma

2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ölkənin müasir tarixində mühüm dönüş nöqtəsi oldu. Lakin bundan sonrakı mərhələ heç də az əhəmiyyətli deyil. Postmünaqişə vəziyyətini dondurmaq əvəzinə Bakı işğaldan azad olunmuş ərazilərin milli və regional inkişaf proseslərinə sürətli inteqrasiyasını təmin etdi. Qısa müddət ərzində hava limanları, avtomobil və dəmir yolları, enerji infrastrukturu, yeni yaşayış və sənaye layihələri həyata keçirildi.

Bu yenidənqurma dağıdılmış infrastrukturun sadəcə bərpası ilə məhdudlaşmır. Məqsəd Qarabağın Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasında tutduğu yeri yenidən müəyyənləşdirmək, onu nəqliyyat-logistika dəhlizləri, bərpaolunan enerji mənbələri və rəqəmsal infrastrukturla əlaqələndirməkdir. "Ağıllı şəhər" konsepsiyaları və "yaşıl enerji" zonalarının yaradılması post-müharibə bərpasını gələcəyə yönəlmiş inkişaf modeli ilə uzlaşdırır.

Bu yanaşma xarici tərəfdaşlara aydın mesaj verir: Azərbaycan təkcə ərazilər üzərində nəzarəti bərpa etmək deyil, həm də həmin əraziləri səmərəli şəkildə idarə və inkişaf etdirmək imkanına malikdir. Uzun illər dondurulmuş münaqişələrlə xarakterizə olunan region üçün bu amilin xüsusi əhəmiyyəti var.

Orta dəhliz və Avrasiyada yeni əlaqə modeli

Azərbaycanın artan regional rolu xüsusən nəqliyyat və əlaqə sahəsində özünü göstərir. Şərq-Qərb ticarət marşrutlarında yaranan yeni çağırışlar fonunda Çin və Mərkəzi Asiyanı Xəzər dənizi və Cənubi Qafqaz üzərindən Avropa ilə birləşdirən Orta dəhliz strateji əhəmiyyət kəsb etməyə başlayıb. Azərbaycan bu dəhlizin əsas əməliyyat mərkəzlərindən biridir. Ələt Beynəlxalq Dəniz Limanına yatırılan investisiyalar, dəmir yolu infrastrukturunun yenilənməsi, Xəzər dənizi üzərindən daşımaların genişləndirilməsi və gömrük prosedurlarının uzlaşdırılması nəticəsində Azərbaycan tranzit ölkədən regional logistika mərkəzinə çevrilib. Bu, ölkənin Avropa İttifaqı, Türkiyə və Mərkəzi Asiya dövlətləri üçün önəmini xeyli artırıb.

Qazaxıstan, Özbəkistan və Türkmənistan üçün Azərbaycan getdikcə əsas qərb istiqamətli çıxış qapısı rolunu oynayır. Birgə nəqliyyat və enerji layihələri, eləcə də koordinasiyalı infrastruktur planlaşdırması Xəzər hövzəsində funksional əməkdaşlıq mühitinin formalaşmasına səbəb olub. Bu əməkdaşlıq regional manevr imkanlarını genişləndirir və Azərbaycanın Avrasiya məkanında mühüm mövqeyini möhkəmləndirir.

Asılılıqdan kənar enerji diplomatiyasına

Enerji sektoru Azərbaycanın beynəlxalq mövqeyində əsas yer tutmaqda davam edir. "Cənub qaz dəhlizi" vasitəsilə Avropaya qaz ixracı qitənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan külək və günəş enerjisi, eləcə də "yaşıl enerji"nin ötürülməsi layihələrinə ciddi sərmayələr yatırır.

Bu yanaşma, yəni mövcud tələbatın ödənilməsi ilə yanaşı, uzunmüddətli enerji keçidinə hazırlaşmaq Azərbaycanın etibarlı və strateji tərəfdaş kimi mövqeyini gücləndirir. Məhz bu səbəbdən ölkənin beynəlxalq təşkilatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatı çərçivəsində fəallığı artıb və nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsi genişlənib.

Strateji muxtariyyətə əsaslanan xarici siyasət

Azərbaycanın mövqeyinin güclənməsində xarici siyasət strategiyası mühüm rol oynayır. Bakı tək bir geosiyasi bloka bağlanmadan müstəqil və balanslaşdırılmış siyasət yürüdərək müxtəlif güc mərkəzləri ilə işgüzar münasibətləri qoruyub saxlayır. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Məsud Pezeşkian, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və ABŞ Prezidenti Donald Trampla apardığı dialoqlar bu siyasətin praktiki təzahürüdür.

Bu xətt Azərbaycanın beynəlxalq sistemdə manevr imkanlarını genişləndirir. Avropa İttifaqı ilə münasibətlər enerji, nəqliyyat və tənzimləyici əməkdaşlıq əsasında inkişaf edir, Rusiya ilə əlaqələr praqmatik çərçivədə saxlanılır, Türkiyə və ABŞ ilə tərəfdaşlıq isə müdafiə və iqtisadi sahələrdə möhkəmlənir. Nəticə etibarilə söhbət neytrallıqdan deyil, rəqabət aparan təsir mərkəzləri arasında strateji manevr qabiliyyətindən gedir.

Potensialdan real təsirə

Bu proseslər göstərir ki, Azərbaycan artıq regional proseslərin passiv iştirakçısı deyil. O, Cənubi Qafqazda təşəbbüslər irəli sürən və gündəmi formalaşdıran dövlətə çevrilib. Uzun müddət xarici rəqabət və qeyri-müəyyənliklə səciyyələnən region getdikcə Bakının irəli sürdüyü əməkdaşlıq və əlaqəlilik layihələri ətrafında formalaşır.

Eyni zamanda bu mövqenin davamlı olması mürəkkəb proseslərin düzgün idarə olunmasından asılıdır. Əsas çağırış genişlənmədən daha çox mövcud nailiyyətlərin möhkəmləndirilməsidir - təhlükəsizliklə əlaqəliliyin, iqtisadi inteqrasiya ilə suverenliyin, regional ambisiya ilə uzunmüddətli sabitliyin balanslaşdırılmasıdır.

Buna baxmayaraq, müasir beynəlxalq sistemdə, hakimiyyətin getdikcə daha çox şəbəkəli və tranzaksiya xarakteri daşıdığı bir dövrdə Azərbaycanın nəticələri təsirli görünür. Əvvəllər Z.Bjezinski tərəfindən potensial kimi qiymətləndirilən anlayış bu gün real fəaliyyət kimi üzə çıxmağa başlayır: dövlət əlaqəlilikdən, yenidənqurmadan və strateji muxtariyyətindən istifadə edərək ətraf mühiti öz ətrafında formalaşdırır, ətraf mühit tərəfindən formalaşdırılmır.

Bu gün Azərbaycanın trayektoriyası strateji sualı artıq yalnız Bakı üçün deyil, onun tərəfdaşları üçün də ortaya qoyur: beynəlxalq aktorlar Azərbaycanı regional gündəliyi formalaşdıran bir güc kimi - əlaqəlilik və praqmatik diplomatiya vasitəsilə sabitlik dayağı olaraq qəbul etməyə hazırdırlar, yoxsa ölkəni yalnız postsovet keçidinin mövcud stereotipləri çərçivəsindəmi görürlər? Bu suala veriləcək cavab yalnız Cənubi Qafqazın gələcəyini deyil, eyni zamanda qloballaşmanın normaya çevrildiyi bir dövrdə daha əlaqəli Avrasiyanın dayanıqlığını da müəyyən edəcək.

Elxan NURİYEV, 

siyasi elmlər doktoru, Brüssel Enerji Klubunun qlobal enerji üzrə məsləhətçisi, Vyanada yerləşən Siyasi Risk  və Strateji Məsləhət Xidmətinin baş eksperti, ABŞ-nin Fulbrayt proqramının (1995-1997) və Almaniyanın  Humboldt mükafatının (1999-2000) laureatı 

Redaksiyadan: Məqalə Londondakı strateji yenidənqurma şirkəti "Reinvantage"in rəsmi saytında və Norveçin beynəlxalq şəbəkəyə malik aparıcı qlobal geosiyasət qəzetlərindən olan "GEOPOLITIKA"da dərc edilib.

Seçilən
29
azerbaijan-news.az

1Mənbələr