RU

Qanlı Yanvar - O dəhşətli gündən öncə və sonra yaşananlar

Bakı, 20 yanvar, AZƏRTAC

20 Yanvar qırğınına zəmin yaradan hadisələr 1987-ci ildən başlamışdı. O dövrdə süni şəkildə qaldırılan Qarabağ münaqişəsi Azərbaycanın ərazilərini qəsb etmək, Ermənistan və Qarabağdakı azərbaycanlıları etnik təmizləməyə məruz qoyaraq doğma torpaqlarından qovmaq məqsədi daşıyırdı.

Həmin illərdə Azərbaycanın Qarabağ bölgəsinin ölkəmizin tərkibindən çıxarılması siyasəti həyata keçirilirdi. Əvvəlcə ermənilər Qarabağa iddialar irəli sürdülər, ardınca 1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Soveti Qarabağın Ermənistana birləşdirilməsi haqqında “qərar” qəbul etdi. Buna paralel olaraq azərbaycanlıların tarixi-etnik torpaqlarından - indiki Ermənistan ərazisindən növbəti kütləvi deportasiyası həyata keçirildi. 1988-1989-cu illərdə baş tutan deportasiya nəticəsində 250 min azərbaycanlı qaçqın düşdü.

Tarixçilər qeyd edirlər ki, eyni ittifaqın tərkibində olmağımıza baxmayaraq, Moskva ermənilərin bu hərəkətinə nəinki göz yumdu, hətta onları dəstəklədi. 1989-cu il dekabrın 1-də Azərbaycan ərazilərinin Ermənistan SSR-ə birləşdirilməsi haqqında “qərar”ın qəbulu xalqımızın səbr kasasını daşırdı. Bakının mərkəzi meydanında mitinqlər başladı. Etiraz dalğası bütün ölkəni bürüdü. Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizəyə başladı.

Sovet rəhbərliyi gərginliyin qarşısını almaq əvəzinə, Azərbaycan xalqına qarşı dəhşətli cinayət əməllərinə hazırlaşdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.

Bu hadisələr xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət olundu. 147 dinc sakini qətlə yetirildi, 744 günahsız dinc sakin yaralandı, onların çoxu əlil oldu, 841 nəfər isə qanunsuz həbs edildi.

20 Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin böyük rolu oldu. Xalqımızın böyük oğlu sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq dəhşətli hadisənin ertəsi günü - yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Əliyalın xalqın qətliamının hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu vurğuladı.

Yanvar faciəsinə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verilməsi də böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. 1994-cü ilin martında Azərbaycan Respublikası Prezidentinin tövsiyəsi ilə keçirilən Milli Məclisin xüsusi sessiyasında qərar qəbul olundu. Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd edildi və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

O dəhşətli gündə şəhidlər verdik, amma iradəmiz sınmadı, milli ruhumuz sarsılmadı. Əksinə, biz bütün dünyaya nümayiş etdirdik ki, xalqımız öz haqlarının qorunması, azadlığının təmin olunması üçün nəinki meydanlara çıxmağa, hətta bu hədəflər üçün qurbanlar verməyə belə hazırdır. Küçələrə axışan insanlar göstərdilər ki, onların qətiyyəti böyük imperiyanın tanklarından daha güclüdür. Beləliklə, 1990-cı ildən başlanan ağır, çətin, eyni zamanda, şərəfli yol 2020-ci ildə Qarabağ Zəfəri ilə ən uca zirvəyə çatdı. İndi ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır.

Избранный
123
1
azertag.az

2Источники