RU

ABŞ Venesuela əməliyyatından əvvəl Çin və Rusiyanı razı salıb TÜRK EKSPERT

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarşıdakı dövrdə Venesuelada idarəetmə dəyişikliyi və ABŞ ilə yaxın münasibətlər quran bir hökumətin formalaşması gözlənilir"

ABŞ rəhbərliyindən gələn son açıqlamalar Vaşinqtonun Venesuela məsələsində geri addım atmaq niyyətində olmadığını bir daha ortaya qoyur. ABŞ-nin vitse-prezidenti Cey Di Vensin prezident Donald Trampın böhranla bağlı “real və tətbiq oluna bilən çıxış yolları” irəli sürdüyünü bildirməsi, prosesin təkcə diplomatik bəyanatlarla məhdudlaşmadığını göstərir. Vensin sözlərinə görə, Tramp Venesuela rəhbərliyinə açıq mesaj verib: narkotik ticarəti dayandırılmalı, “oğurlandığı iddia edilən” neft ABŞ-a qaytarılmalıdır. Bu yanaşma Trampın danışdığı kimi hərəkət edən lider imicini gücləndirməklə yanaşı, Nikolas Maduronun ABŞ-nin niyyətlərini gec də olsa real təhlükə kimi dərk etdiyini ortaya qoyur. Bu açıqlamalar Venesuelaya yönəlik addımların əvvəlcədən planlaşdırılmış və strateji məqsədlərə xidmət etdiyini göstərən mühüm siyasi siqnal kimi qiymətləndirilir.

Beynəlxalq siyasət üzrə türk ekspert İsmail Cingöz Sherg.az-a Amerika Birləşmiş Ştatlarının son dövrlərdə Avropa İttifaqı ilə yaşadığı gərginliklər və rəqabət mühiti fonunda Avropasız dünya planı üzərində düşündüyünü söyləyib:

"Eyni zamanda ABŞ Asiya-Sakit okean bölgəsində ciddi şəkildə nüfuz itirib və əvvəlki gücü ilə sanksiya tətbiq etmək imkanları yoxdur.

ABŞ Rusiya-Ukrayna müharibəsində də gözlədiyi siyasi və diplomatik təsiri əldə edə bilmədi, vasitəçilik təklifləri tərəflər qəbul etmədi. Eyni zamanda İsrail-Qəzza münaqişəsində də arzulanan nəticəni əldə edə bilməyən ABŞ-nin, uzun müddətdir gərgin münasibətlərdə olduğu Venesuelaya qarşı hərbi əməliyyat həyata keçirərək “üçlü mübarizədən qalib çıxan ölkə” görüntüsü yaratmaq istədiyi müşahidə olunur.

Uzun müddətdir Venesuelanın narkotik ticarəti ilə əlaqəli olduğu, ABŞ əleyhinə siyasət yürüt­düyü, silahlı qruplar saxladığı və Vaşinqton üçün təhlükə yaradan fəaliyyətlər həyata keçirdiyi iddiaları irəli sürülürdü. Bu iddialar fonunda Amerika Birləşmiş Ştatları bu gün Venesuelaya hücum təşkil etdi.

Trampın verdiyi açıqlamalara görə, Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı saxlanılaraq ABŞ-yə aparılıb və Vaşinqton əleyhinə fəaliyyətlərdə iştirak etdiyinə görə mühakimə olunacağı bildirilib. Hələlik ittiham maddələri tam açıqlanmasa da, Maduronun uzun müddət həbsdə saxlanılacağı ehtimal edilir.

Əslində Maduro Çin və Rusiya ilə yaxın münasibətləri olan bir lider kimi tanınırdı. Venesuela dövləti uzun müddətdir Rusiya və Çin mərkəzli siyasət yürüdürdü. Rusiya ilə silah ticarəti və siyasi əlaqələr, Çinlə isə daha geniş iqtisadi əməkdaşlıq mövcud idi. Venesuela Çinə neft və enerji resursları satır, əvəzində texnoloji məhsullar alırdı. Beynəlxalq iqtisadi məlumatlara görə, Venesuelanın Çinə ciddi neft borcu, Rusiyaya isə silah ticarəti səbəbilə borcu olduğu bilinməkdədir".

Analitik ABŞ-nin Venesuelaya qarşı əməliyyat keçirməzdən əvvəl Çin və Rusiyanı müəyyən dərəcədə razı saldığının ehtimal edildiyini bildirib:

"Bu ölkələrdən əməliyyata ciddi reaksiya verilməyib. Yalnız İran və Kuba etiraz səslərini yüksəldib.

Bu da onu göstərir ki, ABŞ əməliyyatdan əvvəl Venesuela ordusu, siyasi dairələri və xalq arasında genişmiqyaslı kəşfiyyat fəaliyyəti aparıb. Qısa müddət ərzində lokal bombardmanlardan sonra dövlət başçısının saxlanılması diqqətçəkicidir. Bu saxlanmanın birbaşa ABŞ əsgərlərinin deyil, Maduronun yaxın ətrafındakı şəxslərin həyata keçirdiyi və ABŞ-yə təhvil verdiyi ehtimal olunur.

Yaxın günlərdə ABŞ-nin Venesuelada Amerika ilə dialoqa açıq bir hökumətin formalaşdırılması üçün fəaliyyət göstərəcəyi və ölkənin “kukla hökumət” modeli ilə idarə olunacağı gözlənilir. Bununla yanaşı, dünyanın ən zəngin neft ehtiyatlarından birinə sahib olan Venesuelanın neft resurslarının beynəlxalq konsorsium vasitəsilə idarə edildiyi görüntüsü yaradılaraq, ABŞ-nin birbaşa istismarçı mövqedə görünməməyə çalışacağı ehtimal edilir. Əks halda ABŞ beynəlxalq ictimaiyyətin onu müstəmləkəçi dövlət kimi kənarlaşdırma riski ilə üzləşə bilər". 

Politoloq ABŞ-nin zahirən Venesuelanın daxili işlərinə qarışmırmış kimi davranacağını, lakin özünə yaxın hökumət vasitəsilə dolayı yolla münasibətləri idarə edəcəyini qeyd edib:

"Nəticə etibarilə, Venesuelanın başda neft olmaqla təbii sərvətləri ABŞ-nin nəzarətində olan beynəlxalq konsorsium vasitəsilə dünya bazarına çıxarılacaq. Vaşinqton bu əməliyyatın siyasi, hərbi və iqtisadi xərclərini bu yolla kompensasiya etməyə çalışacaq. Qarşıdakı dövrdə Venesuelada idarəetmə dəyişikliyi və ABŞ ilə yaxın münasibətlər quran bir hökumətin formalaşması gözlənilir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
63
50
sherg.az

10Источники