RU

Rusiya sərhədçiləri Zəngəzur dəhlizində amerikalı jurnalisti saxladı - YENİ GÖRÜNTÜLƏR

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhədçiləri Zəngəzur dəhlizinin keçəcəyi ehtimal olunan ərazidə amerikalı jurnalisti saxlayaraq ona rəsmi xəbərdarlıq ediblər.

Modern.az-ın məlumatına görə, hadisə Ermənistan–İran sərhədinə yaxın, gələcəkdə “Tramp marşrutu” adlandırılan xəttin keçməsi nəzərdə tutulan Meğri rayonu ərazisində baş verib.

Belə kiz "PBS News" telekanalının müxbiri Saymon Ostrovski bölgədə reportaj hazırlayarkən prodüser Katya Patinlə birlikdə Rusiya sərhəd qoşunlarının əməkdaşları tərəfindən saxlanılıb. Jurnalistlərə bildirilib ki, bu sərhədyanı zonada foto və video çəkilişi qadağandır və bu dəfəlik onlara yalnız rəsmi xəbərdarlıq edilib.

Ostrovski reportajında bölgəni İranla Ermənistan arasında yerləşən, Cənubi Qafqaz üçün strateji əhəmiyyət daşıyan bir ərazi kimi təsvir edib. Onun sözlərinə görə, avqust ayında ABŞ prezidenti Donald Trampın dəstəyi ilə imzalanan razılaşmadan sonra bölgədə sülh yaranıb, lakin bu sülhün davamlılığı Azərbaycanın Naxçıvanla birbaşa əlaqə əldə etməsindən asılıdır. Hazırda Naxçıvana quru yolu ilə yalnız İran üzərindən getmək mümkündür.

Amerikalı jurnalist TRIPP sazişinə xüsusi diqqət çəkərək bildirib ki, bu razılaşma təkcə nəqliyyat layihəsi deyil, həm də Cənubi Qafqazın geosiyasi xəritəsini dəyişə biləcək potensiala malikdir. Onun sözlərinə görə, Tramp administrasiyasının təşəbbüsü çərçivəsində “Tramp marşrutu”nun kommersiya əsaslı istismarı üçün ABŞ–Ermənistan birgə şirkətinin yaradılması, "Nvidia" çipləri və "Dell" serverləri ilə təchiz olunacaq süni intellekt məlumat mərkəzinin inşası, eləcə də atom enerjisi sahəsində əməkdaşlıq nəzərdə tutulur.

Bununla yanaşı, Ostrovski qeyd edib ki, layihənin qarşısında ciddi maneələr var. Dağlıq relyef böyük mühəndislik çətinlikləri yaradır, marşrut İran sərhədinə çox yaxın keçir və Ermənistan sərhədlərinin təhlükəsizliyi qarşılıqlı müdafiə sazişinə əsasən Rusiyaya həvalə edilib. Amerikalı çəkiliş qrupunun Rusiya sərhədçiləri ilə qarşılaşması da məhz bununla izah olunur.

Jurnalistin sözlərinə görə, rusiyalı sərhədçi sənədlərin yoxlanışı zamanı PBS-in Amerika mediası olduğunu dəqiqləşdirib və bundan sonra jurnalistlərə rəsmi xəbərdarlıq edilib. Ostrovski qeyd edib ki, rus hərbçiləri əsasən amerikalı jurnalistlərin bu ərazidə nə ilə məşğul olması ilə maraqlanıblar.

Reportajda o da vurğulanır ki, gələcəkdə “Tramp marşrutu”nun amerikalı podratçılar tərəfindən idarə olunacağı təqdirdə onların Rusiya sərhədçiləri ilə necə əməkdaşlıq edəcəyi hələlik sual altındadır. Bu, layihə ətrafında həllini gözləyən problemlərdən yalnız biridir.

Ostrovski son illərdə Rusiyanın regiondakı təsirinin xeyli zəiflədiyini, Ermənistan cəmiyyətində Moskvaya münasibətin kəskin şəkildə pisləşdiyini də qeyd edib. Onun sözlərinə görə, yerli sakinlərdən biri Rusiyanı Ermənistanın müttəfiqi yox, düşməni adlandırıb və Rusiya qoşunlarının ölkədən çıxarılmasını istədiyini deyib.

Jurnalist TRIPP layihəsini “Orta Dəhliz”in əsas çatışmayan halqası kimi qiymətləndirib. Bu dəhliz Avropaya Mərkəzi Asiyaya, o cümlədən nadir torpaq elementləri və digər strateji resurslarla zəngin bazarlara çıxış imkanı verə bilər. NATO üzvü Türkiyə üzərindən birbaşa əlaqə Mərkəzi Asiyanın dənizə çıxışı olmayan beş ölkəsinə Rusiya, Çin və İran marşrutlarından yan keçmək imkanı yarada bilər.

Reportajda Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də fikirlərinə yer verilib. O bildirib ki, ABŞ şirkətləri və özəl sektoru üçün Mərkəzi Asiya bazarlarına çıxış baxımından ciddi imkanlar yaranacaq və bu, bütün tərəflər üçün qarşılıqlı fayda verəcək.

Hikmət Hacıyev, həmçinin vurğulayıb ki, Cənubi Qafqazın tarixini şərti olaraq 8 avqust 2025-ci ildən əvvəl və sonra olmaqla iki mərhələyə bölmək olar. Onun sözlərinə görə, müstəqillikdən sonra Ermənistan və Azərbaycan faktiki olaraq müharibə vəziyyətində olub, lakin indi regionda real sülh mərhələsi başlayıb.

Ostrovski sonda qeyd edib ki, davamlı sülh Azərbaycan, Ermənistan və bütövlükdə region üçün faydalı olacaq. Onun fikrincə, bu prosesin yeganə açıq-aşkar uduzan tərəfi Rusiyadır və ABŞ-ın Cənubi Qafqazda təsirinin artması Moskvanın mövqelərini daha da zəiflədəcək.

Reportajda Zəngəzur dəhlizinin keçəcəyi ərazidən görüntülərə də yer verilib.

Həmin görüntüləri təqdim edirik:

Elnur Əmirov

Избранный
62
2
modern.az

10Источники