Orta müddətli dövrdə Neft Fondundan dövlət büdcəsinə transfertlərin mərhələli şəkildə azaldılması ARDNF-in aktiv idarəçiliyini genişləndiricək.
Bunu "APA-Economics"ə müsahibəsində Fondun icraçı direktoru İsrafil Məmmədov deyib. O bildirib ki, dövlət büdcəsinə transfertlərin həcmi ölkədə makroiqtisadi sabitliyin təmin olunmasında və eyni zamanda Fondun yığım funksiyasının yerinə yetirilməsində mühüm əhəmiyyət kəsb edir. Bu əsasda ARDNF-də toplanan vəsaitlər gələcəkdə iqtisadi çətinliklər və ya gözlənilməz şoklar zamanı dövlətin xərcləri davam etdirməsinə və iqtisadiyyata dəstək verməsinə şərait yaradır. Ölkədə aparılan islahatlar çərçivəsində orta müddətli dövrdə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin mərhələli şəkildə azaldılması dövlətin fiskal siyasətinin uzunmüddətli dayanıqlığının gücləndirilməsinə yönəlmiş tədbirlərin tərkib hissəsi kimi qiymətləndirilir və Fondun uzunmüddətli mandatının daha effektiv icrasına xidmət edir.
Qeyd edilib ki, bu yanaşma Fondun aktivlərinin idarə edilməsində çevikliyi artırmaqla yanaşı, qlobal bazarlarda daha strukturlaşdırılmış investisiya imkanlarını nəzərdən keçirmək üçün əlavə manevr imkanları yaradır. Transfertlərin optimallaşdırılması nəticəsində Fondun portfelinin likvidlik tələbləri ilə uzunmüddətli investisiya hədəfləri arasında balansın daha səmərəli şəkildə qurulması mümkün olur ki, bu da risklərin daha effektiv idarə edilməsinə şərait yaradır.
Qeyd edək ki, büdcə sənədlərində yer alan məlumatlara əsasən, Neft Fondundan dövlət büdcəsinə transfertlərin mərhələli şəkildə azaldılacaq və 2025-ci ildəki 14,5 mlrd. manatdan 2029-cu ildə 10,2 mlrd. manata endiriləcək.