RU

AMEA da arxiv sənədlərinin rəqəmsallaşdırılmasına dair tədbir keçirilib

ain.az bildirir, 525.az portalına istinadən.

AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin təşkilatçılığı ilə arxiv sənədlərinin rəqəmsallaşdırılmasına həsr olunmuş tədbir keçirilib.

525.az-a bu barədə AMEA-dan məlumat verilib.

Əvvəlcə tədbir iştirakçıları Elmi irs şöbəsinin fondlarında qorunan materiallara baxış keçiriblər.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyəti aparatının və müəssisələrinin 2024-cü ildə ölkə üzrə vahid Elektron Sənəd Dövriyyəsi sisteminə qoşulduğunu diqqətə çatdırıb. Eyni zamanda, AMEA-da elektron kitabxana qurulması istiqamətində işlərin genişləndirildiyini söyləyib. Bundan əlavə, Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi tərəfindən alimlərin elmmetrik göstəricilərinin də elektronlaşdırıldığını, akademik sosial şəbəkələrdə onların profillərinin yaradıldığını vurğulayıb. Akademik İsa Həbibbəyli, həmçinin AMEA-nın “Elm” nəşriyyatının maddi-texniki bazasının zənginləşdirildiyini diqqətə çatdırıb.

Atılan addımların tərkib hissəsi kimi son dövrlərdə AMEA-da elektron arxivin qurulması işlərinin də həyata keçirildiyini deyən akademik İsa Həbibbəyli bildirib ki, Akademiyanın arxivi ölkəmizin intellektual potensialını əks etdirir və XX əsrdə Azərbaycanın bir çox parlaq simaları, ziyalıları, dövlət xadimləri burada çalışmış, zəngin irs qoymuşlar. Hazırda Akademiyanın arxivinin fondlarının AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri tarix elmləri doktoru Zemfira Hacıyevanın rəhbərliyi ilə yenidən standartlara uyğun qurulduğunu və qarşıdakı hədəfdə bu sənədlərin elektronlaşdırılmasının dayandığını söyləyib. AMEA rəhbəri bu istiqamətdə işlərin Milli Arxiv İdarəsinin dəstəyi ilə həyata keçirildiyini, idarənin əməkdaşları tərəfindən Elmi irs şöbəsinin əməkdaşlarına təlimlərin keçirildiyini deyib.

Sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri tarix elmləri doktoru Zemfira Hacıyeva çıxış edərək ötən illər ərzində arxiv quruculuğu istiqamətində görülmüş işlər barədə məlumat verib. Qeyd edib ki, bu müddət ərzində ilk dəfə olaraq Akademiya prezidentlərinin şəxsi fondları yaradılıb, arxiv materialları əsasında 20-yə yaxın kitab çap olunub. İstifadəyə verilmiş ElarScan avadanlığının arxiv sənədlərinin rəqəmsallaşdırılması işini sürətləndirdiyini söyləyən Zemfira Hacıyeva Akademiyanın elmi müəssisə və təşkilatlarında da arxiv işinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Sonra çıxış edən Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin müdiri Natiq Eminov Azərbaycanda arxiv işinin tarixi barədə danışıb. Vahid Elektron Arxiv Məlumat Sisteminin əsasnaməsinin təsdiq olunduqdan sonra istifadəyə veriləcəyini, AMEA-nın arxivində skan olunan sənədlərin də Vahid Elektron Arxiv Məlumat Sisteminə yerləşdiriləcəyini diqqətə çatdırıb.

Tədbirdə Mərkəzi Elmi Kitabxananın direktoru Hüseyn Hüseynov, AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin baş mütəxəssisi Ramin Həsənov da çıxış edərək görülən işlər barədə ətraflı məlumat veriblər.

Sonda akademik İsa Həbibbəyli arxiv sənədlərinin rəqəmsallaşdırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
21
525.az

10Источники