AZ

Qəzetlərlə bağlı qərar verildi - Gələn ildən fəaliyyətləri belə olacaq

Azərbaycanda gündəlik (həftədə 5 dəfə) dərc olunan bir sıra qəzetlər 2026-cı ildən həftədə bir dəfə işıq üzü görəcək.

“Yeni Sabah” xəbər verir ki, bunlar “525-ci qəzet”, “Bakı-Xəbər”, “Şərq”, “Yeni Müsavat”, “Ədalət” qəzetləridir.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib ki, rəhbərlik etdiyi mətbu orqan bundan sonra həftədə beş dəfə deyil, bir dəfə çap olunacaq: “Qəzetimiz həftənin cümə günü köşklərdə olacaq”.   

“Bakı-Xəbər” qəzetindən bildirilib ki, nəşr bundan sonra həftədə bir dəfə - cümə günləri çap olunacaq. Qəzetin fəaliyyət formatındakı dəyişiklik işçi heyətinə də təsir göstərib. Belə ki, aparılan ixtisarlardan sonra mətbu orqan 10 nəfərlik kollektivlə fəaliyyətini davam etdirəcək.

“Şərq” qəzetində də vəziyyət oxşardır. Mətbu orqan artıq həftədə bir dəfə, cümə günləri oxucularla görüşə gələcək. Gündəlikdən həftəliyə keçən qəzet işçi heyətində ixtisarlar aparıb.

“Yeni Müsavat” qəzeti də həftəliyə keçib. Mətbu orqan bundan sonra yalnız çərşənbə günləri nəşr ediləcək. Qəzetdən bildirilib ki, ixtisarların qarşısını almağa çalışsalar da, xüsusilə texniki heyətdə bu, qaçınılmaz olub.

“Ədalət” qəzeti də nəşr günlərinin sayını azaldaraq həftədə bir dəfəyə keçib. Qəzet cümə axşamları çap olunacaq. Redaksiyadan bildrilib ki, ixtisarlar labüddür.

“Səs” qəzetindən isə bildirilib ki, nəşr həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri çıxacaq. Qəzetdə müəyyən ixtisarların ola biləcəyi qeyd edilsə də, bunun geniş miqyaslı olmayacağı bildirilib.

“Yeni Azərbaycan” qəzetindən isə bildirilib ki, fəaliyyətlərini gündəlik formatda davam etdirirlər və hər hansı ixtisardan söhbət gedə bilməz.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin çap media subyektlərinə dəstək üzrə keçirdiyi müsabiqənin nəticələrinə əsasən, yuxarıda adı çəkilən qəzetlərin həftədə bir nüsxəsinin çapı maliyyələşdiriləcək.


Telegram kanalımız
Seçilən
18
20
yenisabah.az

10Mənbələr