RU

Tbilisidə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib

Tbilisi, 29 dekabr, AZƏRTAC

Tbilisi şəhərində M.Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə klassik musiqi gecəsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, muzeyin direktor müavini Leyla Əliyeva çıxış edərək tədbirin əhəmiyyətini qeyd edib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək qonaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Səfir Azərbaycan ilə Gürcüstan arasında mövcud olan yüksək səviyyəli dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edib, mədəni-humanitar sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Diplomat 2025-ci ildə Azərbaycan dövlətinin qazandığı uğurlardan bəhs edib, avqustun 8-də Azərbaycan ilə Ermənistan arasında ABŞ-da imzalan sülh müqaviləsini ilin ən uğurlu hadisəsi kimi qiyməyləndirib. 2026-cı ilin də ölkəmiz və xalqımız üçün uğurlu olmazısnı arzulayıb.

Daha sonra Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyeva çıxış edərək bu cür tədbirlərin milli mədəni irsin təbliği və gənc istedadların tanıdılması baxımından mühüm rol oynadığını bildiriblər.

Musiqi gecəsi maraqlı konsert proqramı ilə davam edib.

Qara Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbinin və Bakı Musiqi Akademiyasının tələbələri Ü.Hacıbəylinin əsərlərindən parçalar ifa ediblər.

İstedadlı gənclərin təqdim etdiyi klassik musiqi nümunələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Tədbir mədəniyyətlərarası dialoqun və Azərbaycan musiqi irsinin Gürcüstanda təbliği baxımından əlamətdar hadisə kimi dəyərləndirilib.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
57
50
azertag.az

10Источники