RU

Sərdar Hacıyev: Baytarlıq xidmətlərində hesabat və izləmə proseslərinin rəqəmsal sistemə keçməsi planlaşdırılır

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 29 dekabr, Günel Türksoy, foto Nicat Haşımov, AZƏRTAC

Heyvan sağlamlığının qorunması məqsədilə müayinə, müalicə və profilaktika istiqamətlərində yeniliklərin tətbiqi nəzərdə tutulur. Belə ki, mövcud baytarlıq xidmətlərinin keyfiyyətinin daha da artırılması məqsədilə regionlarda baytarlıq klinikalarının açılması planlaşdırılır. Həmçinin məhsuldar heyvanların klinikalara gətirilməsinin çətinliyi nəzərə alınaraq, səyyar və çevik baytarlıq xidməti də vətəndaşlarımıza təklif olunacaq. Bunun üçün xüsusi təmin olunmuş avtomobillərdə, baytarlıq-sanitariya və sterillik tələblərinə tam riayət edilməklə, müalicə və cərrahi əməliyyatlar aparılacaq.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev deyib.

S.Hacıyev, həmçinin bildirib ki, baytarlıq sahəsində müasir üsullardan biri hesab olunan səyyar çimizdirmə qurğuları vasitəsilə daha qənaətcil və səmərəli üsulla ektoparazitlərə qarşı mübarizə tədbirlərinin görülməsi nəzərdə tutulur: “Eyni zamanda, müxtəlif səbəblərdən tələf olmuş heyvan cəsədlərinin ətraf mühitə yaratdığı riskləri minimuma endirmək üçün mobil kremasiya qurğuları alınıb və istifadəyə veriləcək. Bununla da, ölkə ərazisində epizootik vəziyyətin nəzarətdə saxlanması hədəflənir.

Baytarlıq xidmətlərinin daha şəffaf və operativ olması üçün bütün hesabat və izləmə proseslərinin tam rəqəmsal sistemə keçməsi planlaşdırılır. Bununla da təsərrüfat sahibləri, peyvəndlənən heyvanların sayı, hansı peyvəndin vurulması, müxtəlif səbəblərdən peyvənd vurulmayan heyvanlar barədə məlumatların, həmçinin peyvəndləmənin görüntülərinin və məkanının real vaxt rejimində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) ötürülməsi təmin ediləcək. Bu tədbirlər və texnoloji yeniliklər sayəsində Aqrar Xidmətlər Agentliyi ölkədə baytarlıq xidmətlərinin keyfiyyətini yüksəltməklə yanaşı, heyvan sağlamlığının qorunması, xəstəliklərin qarşısının alınması və epizootik sabitliyin təmin edilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirir”, - deyə Agentliyin sədri vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
49
5
azertag.az

6Источники